Portuqaliyanın Lissabon şəhərində bankir Nunu Ribeyranın meyiti tapılıb.

Bu barədə BBC xəbər yayıb.

Bildirilir ki, “Eurobic”in 45 yaşlı direktoru evində  ölüb. O, Anqolanın sabiq prezidentinin qızı İzabella dos Santosun korrupsiya işi ilə bağlı məhkəmədə şahid qismində iştirak etməli idi.

Qeyd edək ki, İzabellanın atası Eduardo Dos Santos 70-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada bakılı Tatyana Kukanova ilə evlənib. Həmin evlilikdən Bakıda qızı İzabella dünyaya gəlib.

Sonradan o, ölkəsinə qayıdıb və prezident olub, on illər boyu Anqolanı idarə edib. Onun qızı isə bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib.

Polis şahidin intihar və qətl versiyalarını nəzərdən keçirir. Lakin o, əvvəllər də dəfələrlə özünü öldürməyə cəhd etdiyi üçün birinci versiyaya daha çox inanılır.

“Eurobic” Bankı Dos Santosun rəhbərlik etdiyi “Sonangol” neft şirkətinin hesablarını idarə edirdi. Yanvarın 23-də Anqola prokurorluğu onu bir milyard dolları mənimsəməkdə və çirkli pulların yuyulmasında ittiham edib.

Beynəlxalq Təhqiqatçı Jurnalistlər Konsorsiumunun araşdırmalarının nəticələrinə görə, İzabella Duş və onun əri, iş adamı Sindika Dokolo qiymətli dövlət əmlaklarını satın alıblar, neft və almazlarla zəngin olan ölkəni dünyanın ən yoxsul ölkələrindən birinə çeviriblər.

Ümumilikdə Anqolanın xəzinəsi 1,6 milyard dollar itirib.

Atası 1979-cu ildən 2017-ci ilə qədər ölkədə hakimiyyətdə olduğu müddətdə İzabella əri ilə birlikdə 41 əyalətdə 400-dən çox şirkətin biznes-imperatorluğunu qurub.

Загрузка...