Rusiya Böyük Britaniyanın “The Economist Intelligence Unit” təşkilatının “Demokratiya indeksi”ndə 134-cü sıranı tutaraq “avtoritar idarəetmə rejiminə malik ölkələrlə” eyni qrupda qərarlaşıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyanın burada qonşuları Qvineya (133) və Konqo Respublikası (135) sayılır.
Araşdırmaçılar 167 ölkədə demokratiyanın vəziyyətini müəyyənləşdirmək üçün 5 əsas meyardan istifadə edib. Bunlar seçki prosesi və plüralizm, hökumətin fəaliyyəti, vətəndaşların siyasi həyatda iştirakı, siyasi mədəniyyət və vətəndaş azadlıqlarıdır. Ölkələr 10 ballıq şkalada dəyərləndiriliblər.
Dövlətlərin reytinqlərdəki yeri 5 qrupda göstərilib. Buna görə dövlətlər tam demokratiya (8 baldan yuxarı), zədəli demokratiya (6 baldan yuxarı), hibrid rejimlər (4 baldanyuxarı) və avtoritar rejimlərə bölünüblər.
“The Economist Intelligence Unit” sadəcə 22 dövləti tam demokratiya olaraq tanıyıb. Yer kürəsi əhalisinin üçdə biri avtoritar rejimlər altında yaşayır. Liderlərdə isə vəziyyət dəyişməyib. İlk üçlüyü Norveç, İslandiya və İsveç tutur. Bundan başqa, siyahıya Yeni Zellandiya, Finlandiya, İrlandiya, Danimarka, Kanada, Avstraliya, İsveçrə, Niderland, Lüksemburq, Almaniya, Böyük Britaniya, Uruqvay, Avstriya, İspaniya, Mavrikiya, Kosta-Rika, Fransa, Çili və Portuqaliya daxildir. Son 3 ölkə zədəli demokratiya bölgəsini yenicə tərk ediblər.
2011-ci ilə qədər hibrid rejimlər qrupunda yer alan Rusiya yuxarıda deyildiyi kimi 2019-cu ildə 3,11 balla 134-cü sıranı tutub. Bundan öncəki il isə Rusiya Fedrasiyası 2,94 balla daha aşağı sıralarda yer almışdı.
Rusiyanı reytinqdə Ukrayna (78-ci yer, hibrid rejim), Moldova, Gürcüstan, Ermənistan, Qırğızıstan, İraq, Anqola, Fələstin muxtariyyatı, Afrikanın bir çox ölkələri üstələyir. Rusiyadan daha pis vəziyyətdə isə Belarus, Qazaxıstan, Özbəkistan, İran, Birləşmiş ərəb Əmirlikləri, Çin və Kuba göstərilir.
Demokratiyanın tam məhv olduğu ölkələr isə KXDR, Konqo Demokratik Respublikası, Mərkəzi Afrika Respublikası, Suriya, Çad, Türkmənistan, Ekvatorial Qvineya, Tacikistan, Səudiyyə Ərəbistanı və Yəmən sayılır.