Fransa prezidenti Emmanuel Makron İsrail xüsusi xidmət orqan işçilərini Qüdsdəki məbəddən qovub çıxarıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, insident Qüdsdəki Əski şəhərdə Osmanlı sultanının Fransa imperatoru III Napoleona 1856-cı ildə hədiyyə etdiyi Müqəddəs Anna kilsəsində baş verib.
Fransa İsrail polisinin Qüdsün bu hissəsindəki kilsə kompleksinə daxil olmasını təxribat hesab edib. Qeyd olunur ki, bu ərazi 1967-ci ildə İsrail tərəfindən Yaxın Şərq müharibəsi gedişində işğal olunub.
Bundan daha öncə də bənzər hadisələr qeydə alınıb. 1996-cı ildə keçmiş prezident Jak Şirak da həmin kilsədə İsrail təhlükəsizlik agentlərinin olmasına hirslənərək dərhal təyyarəyə dönəcəyini bildirmişdi. J.Şirak agentlər kilsəni tərk edənə qədər kilsəyə daxil olmaqdan imtina etmişdi.
“Reuters” agentliyi Makronu öz mühafizəçiləri və İsrail təhlükəsizlik agentlərinin arasında kilsədə görüntüləyib. Burada E.Makron ingilis dilində israillilərə “Sizin burda olmağınız xoşuma gəlmir”,-deyə qışqırdığı görünüb. Daha sonra isə o, səsini alçaldaraq “Dərhal küçəyə çıxın. Qaydaları bilirsiniz. Heç kimin təxribat törətməyə haqqı yoxdur”,-deyə bildirib.
Qeyd etmək lazımdır ki, Emmanuel Makron Qüdsdə Yad mərkəzində Holokost üzrə Ümumdünya formununda iştirak emtək üçün İsraildədir.