Ərinin işgəncələrindən qaçan 26 yaşlı Əfsanənin yaşadıqları ölkə ictimaiyyətində rezenans doğurub. 10 ildir ailəli olan üç azyaşlı uşağını da götürüb evdən qaçıb. Gənc qadın son dəfə qırmancla döyüldükdən sonra boşanmağa qərar verib və Bakıya üz tutaraq Xoşqədəm Hidayətqızını axtarıb tapıb, ondan kömək istəyib. Qadının əri Səxavət elə həmin günü həyat yoldaşının və uşaqlarının itkin düşməsilə bağlı polisə müraciət edib. Polis tərəfindən yeri müəyyən edilən ana və azyaşlılar sığınacağa yerləşdirilib.
BAKU.WS xəbər verir ki, dünən “Səni axtarıram” proqramında Əfsanənin məsələsi müzakirəyə çıxarılıb.
Canını və uşaqlarını götürüb evdən qaçan qadın bu illər ərzində mütəmadi şəkildə döyüldüyünü, təhqirlərə məruz qaldığını bildirib. Qadının sözlərinə görə, dəfələrlə anasına bu barədə desə də, ana qızına “Qadının ər evindən ancaq meyiti çıxar” deyərək dözməyi məsləhət verib.
Əfsanənin söylədikləri və xarici görünüşü hər kəsi dəhşətə gətirib. Belə ki, 16 yaşından ərə verilən və üç uşaq anası olan Əfsanınin 26 yaşında olduğuna heç kim inanmayıb. Sosial şəbəkələrdə münasibət bildirən izləyicilər ona 40-dan az yaş verməyiblər. Hətta Əfsanənin nəinki 26, 76 yaşlı qadına bənzədiyini deyənlər olub.
Həyat yoldaşı Səxavət dayısını da götürüb barışıq üçün efirə gəlib. Lakin Əfsanə qətiyyətlə barışmaq istəmədiyini deyib:
“10 ildir dözürəm. İnsan nə qədər döyülüb-söyülər? Məni qırmancla döyüb, qarnımın üstünə çıxıb tapdalayıb, bədənimdə siqaret yandırıb, uşaqları döyür. Fikirləşib qərar vermişəm, barışmaram. İşləyib uşaqlarımı saxlayacam. Guya orada işləmirdim? Gecə-gündüz işləyirdim. O da uşaqlarına aliment versin. Barışmaq fikrim yoxdur. Daha bədənimdə döyülməyə salamat yer yoxdur”.
Barışmaq üçün efirə gələn Səxavət: “O, böyük səhv edib evdən çıxıb. Hər evdə söz-söhbət olub. Mən ona 2 qırmanc vurmuşam. Səhvimi başa düşürəm. Üç uşağım var, barışmaq istəyirəm”.
Xatırladaq ki, 17 yanvarda 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayevin itkin düşməsilə bağlı məlumat yayılmışdı.