Cinsi oriyentasiyasına görə zorla Azərbaycana gətirilən Rusiya vətəndaşı Sevgiya İsmayılova ötən həftə ən çox müzakirə olunan mövzulardan biri idi.

BAKU.WS xəbər verir ki, qızını ev dustağı edən ana Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramına gələrək qızının gələcək talehi üçün narahat olduğunu bildirib:

“Dekabrın 26-da qızım mənə o qız haqqında deyəndə başa düşdüm ki, pis qızlar qrupuna düşüb. İçki içirlər, siqaret çəkirlər… Mən həmişə onunla olmuşam, bir yerdə yaşamışam. Rusiyada təkəm. Özünü o qədər gözəl, tərbiyəli aparırdı ki, ona qarşı məndə heç bir şübhə yaranmamışdı. 18 yaşı tamam olandan sonra birdən dəyişdi.

O mühitdən uzaqlaşdırmaq üçün Azərbaycana gətirdim. Gəlmək istəmirdi, hətta pəncərəyə çıxıb özünü atmaq istədi. Mən ağladım-yalvardım, sonra razılaşdı. Düşündüm ki, Azərbaycan xalqı mənə kömək edər. Bura gələndən sonra o qızlarla yazışdı, yenə də bildiyini etdi. Qızım dərmanlar içirdi, deyirdi ki, depressiyaya düşmüşəm. Bütün Azərbaycan xalqından, analardan kömək istəyirəm”.

Xatırladaq ki, Krasnoyarsk sakini olan qadın cinsi orientasiyasını dəyişdiyini etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantlarını əlindən almışdı. Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetinin tələbəsidir.

S. İsmayılova Bakıya gətirildikdən bir neçə gün sonra anası tərəfindən evdə dustaq edilmişdi. O, anasını aldadaraq qaça bilmişdi. Qaçdıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edən qız “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirildi. Daha sonra isə anasının əlindən aldığı sənədləri özünə qaytarıldı və BŞBPİ-nin əməkdaşları tərəfindən təhlükəsizliyi yüksək səviyyədə təmin edilərək Rusiyadan gəlmiş qanuni nümayəndəsi ilə birlikdə Moskva şəhərinə göndərilib.

Загрузка...