Küçə heyvanları üçün tez-tez dünyada bir çox kampaniyalar təşkil edilir. Bunlardan biri də “mamamatik” olaraq bilinən aparatlardır.
Bu aparatlara plastik tullantıları ataraq küçə heyvanları üçün yemək ala bilərsiniz. Dünyanın bir çox yerində bu aparatlardan istifadə edilsə də, Azərbaycanda hələ ki yoxdur.
Bu aparat vasitəsilə heyvanları bəsləyən bir qız son günlər sosial medianın fenomeninə çevrilib.
“Sarı torbalı qız” adı verilən Ceren Baştürk İstanbulda yaşayır. O, küçələri gəzərək plastik tullantıları toplayır, daha sonra onları aparata ataraq küçə heyvanları üçün yemək alır.
24 yaşlı tələbə qızın bu addımı sosial mediada bir çox insan tərəfindən bəyənilib və dəstəklənib.
Ceren Baştürk təxminən 6 aydır sarı torbası ilə küçələrdə gəzir və istifadə olunmamış plastik tullantıları toplayır. Gənc qızın bu addımı xüsusən heyvanlara qarşı şiddətin artdığı bu günlərdə örnək bir nümunə olub.
Heyvanları çox sevdiyini deyən “sarı torbalı qız” gördüyü iş haqqında bunları deyir: “Çox vaxt büdcəmə uyğun olaraq, onlar üçün yemək və ya süd alıram. Qonşularım və dostlarım mənim üçün plastik tullantıları toplayıb saxlayır. Plastik tullantıları toplaması üçün evimizin yaxınlığındakı dükan satıcılarından da xahiş etmişəm. Bəziləri imtina etsələr də bir çox satıcılar mənim üçün plastik tullantıları toplayıb saxlayır. Universitetdən də qayıdarkən yolda gördüyüm plastik tullantıları toplayıram. Bu iş artıq mənim həyatımın bir parçasına çevrilib”.
Ceren Baştürk plastik tullantıları niyə sarı torbaya yığdığını da açıqlayıb: “Daha yaxşı bir çantada aparmaq üçün qayğı göstərirəm. Lakin sarı rəng diqqət çəkdiyi üçün daha çox ondan istifadə edirəm. Daha rəngli, daha fərqli və utanmadan bu işə bir rəng qatmaq istəyirəm. Ən böyük arzum isə mənimlə birlikdə daha çox gəncin bu işi görməsidir. Həm də torbam şəffaf olduğu üçün küçədə gəzəndə insanlar plastik tullantılar topladığımı görür. Bu səbəbdən bir çoxu mən demədən yaxınlaşıb plastik tullantıları mənə verir.
Qeyd edək ki, gənc qız gördüyü işin fotoları “instagram” hesabında paylaşır.
Turan Oruc
Musavat.com