Başqa sürücüləri bilmirəm, amma mən yol kənarında piyada görəndə çəkingən oluram, sürəti azaldıram, çalışıram azı bir metr aralıdan keçim. Belə edəndə arxadakı və yandakı avtomobillərin sürücüləri siqnal verirlər. Amma cəhənnəmə versinlər, vecimə deyil, əsas odur ki, salamatçılıq olsun.
Məsuliyyətli sürücü piyadadan qorxmalıdır. Dəmir dəmirə dəyəndə heç nə olmur, 3-5 manatla qurtarırsan, amma vay o gündən dəmir ətə-sümüyə dəysin. Bərk dəysə, tərəflərin ikisi də bədbəxt olur, yüngül toxunsa, bud yarası sağalır, pul yarası sağalmır. Adamın yeddi illiyi geri düşür – piyadanı vurub xərcə düşənin.
Ona görə də tək mən deyiləm, hamı piyada vurmaqdan qorxur (təbii ki, az-az qorxmayanlar da var).
Amma səkidə, yol qırağında piyada görəndə bir metr gendən getməyimin əsas səbəbi şərlənməkdən qorxmağımdır.
Jurnalist tayfasında hər cür informasiyalar, cəmiyyətdə yeni-yeni dəbə düşən tendensiyalar barədə məlumatlar olur. Neçə müddətdir, bilirik ki, şəhərdə qəsdən özünü maşına vurduranlar var. Onların niyyəti heç də intihar məqsədi ilə özlərini maşın altına ataraq, günahsız birini zibilə salmaq deyil, maşının bədənin bir əzasına toxunmasından istifadə edərək pul qazanmaqdır.
Bu dələduzların iş prinsipi sadədir: maşın səni vurunca, sən maşını vur, ara yerdə pul qazan.
Əvvəllər şəhərdə bir neçə (bəlkə də çox) bu cür qruplar vardı. Deyəsən, bəziləri gündə beş-altı dəfə özünü müxtəlif maşınlara çırpa-çırpa ağır travmalar alıb və axırda aldıqları zədə şokundan ölüblər. Hər halda çoxdandır səs-soraqları gəlmirdi.
O gün isə o cür özünü qəsdən maşına vurduran qruplardan biri əməkdaşımız Elşad Məmmədliyə rast olub və onun, sovet termini ilə desək, demaqoqluğu sayəsində fırıldağın üstü açılıb. Əgər əməkdaşımız da o biri şərlənənlər kimi polisə düşməkdən qorxaraq cibindəki pulları bu dələduzlara verib canını qurtarmağa çalışsaydı, onlar bu cür də davam edəcəkdilər. İndilikdə isə su sənəyini suda sındığı proses başlayıb. Həmin fırıldaqçıların şəkilləri əldədir, axtarılırlar və güman ki, yaxın günlərdə zədəli qollarına qandal taxılacaq.
Dünən isə həmin pəstəhanın ifşaedici fiquru olan əməkdaşımız Elşada bir nəfər zərərçəkən müraciət edib. Araz adlı bu şəxsin də başına elə bir iş gəlib, “zərərvuran” kimi şərlənib və axırda söhbətdən zərərçəkən kimi çıxıb. Özünü maşına vurduran həmin bu fırıldaqçılar adamın cibində nə qədər pulu var, hamısını alıblar, deyiblər, yoxsa polisə şikayət edəcəyik. Bu da nəyi var, verib, amma canını qurtardığına sevinə-sevinə maşınına oturanda görüb ki, benzini sıfırdadır, mənzil başına, Sumqayıta çata bilməyəcək, yarıyolda qalacaq. Adam maşından düşüb, “zərərdidə”lərə yaxınlaşıb, utana-utana 5 manat yol pulu istəyib. Onlar da sağ olmasınlar, minnət qoya-qoya onun öz pulundan 5 manat veriblər ki, yolda qalmasın.
İndi həmin adam da şikayətçidir, Elşada qoşulub hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindədir.
Bu cür fırıldaqçılara münbit şəraiti yaradan, bilirsinizmi, nədir? Qanunvericilikdə olan boşluqlar.
Bizim ölkədə maşın-insan toqquşmasının günahkarı 100-də 100 halda sürücü sayılır. Hətta intihar məqsədi ilə özünü maşının altına atan adam öləndə və ya ağır xəsarət alanda da sürücünü məsuliyyətə cəlb edir, ən azı dərisini soyurlar. Fırıldaqçılar da bunu bilirlər, anlayırlar ki, ən yüngül toqquşmada da sürücü təqsirkar çıxarılacaq, ona görə də onlar ciblərindəki pulun hesabına işin böyüməməsinə çalışacaqlar.
Çox nadir hallarda olar ki, sürücü özünü maşına vurduranlarla dirəşsin. Bu da o zaman olar ki, sürücü hüquq-mühafizə orqanlarının işçisi və ya jurnalist olsun. Hətta birincilər də poqonlarını itirməkdən, rəhbərlik tərəfindən cəzalandırılmaqdan qorxa bilərlər, amma jurnalistlərdə bu söhbət yoxdur. İlişən yanır. (Bunu ona görə yazıram ki, jurnalistlərin qədrini bilin, ölkənin ən həyasız, qudurğan adamlarının öhdəsindən yalnız onlar gələ bilər).
Məndən sizə tövsiyə, belə adamlar qırılıb qurtaran deyil. Bir müddət sonra yenə də pırtlayıb çıxacaqlar. Görəndə ki, sizi açıq-aşkar şərləyirlər, özünüz polisə və jurnalistlərə müraciət edin, dələduzlara pul verməyin.
Bu tövsiyə piyadanın belindən keçən, sonra “adam özünü qəsdən maşına vurdurdu” deyən həyasız və harın sürücülərə aid deyil. Bizimkilər belələrini də asanca ayırd edirlər.