Azərinin “Azəri deməyin” iradına Muraddan cavab: “Polemika açmayın”
Xalq artisti Azərinin məşhur aparıcı Okan Bayülgenin “Muhabbet Kralı” verilişində qonaq olarkən “Azəri deməyin, Azərbaycan türkcəsi deyin” ifadəsinə müğənni-bəstəkar Murad Arif münasibət bildirib.
Minval.info xəbər verir ki, müğənni gündəmi zəbt edən mövzu ilə bağlı sosial şəbəkədə paylaşım edib:
“Terminologiya komitəsinə təklif edək ya “Azərlər”, ya da “Azərilər” deyə bir xitabı artıq qəbul etsinlər. Haradasa, hansısa “azəri” adında tayfa varmış, olsun da. Niyə hər şeyə bu qədər aqressivik. Azəriyik, Azərik, odlar diyarının övladıyıq. Azərbaycanlı terminini də, ispaniyalı terminini də, rusiyalı terminini də hansısa formada ixtisar etməliyik və edirik. Söhbət milli mənsubiyyətdən gedirsə, bəli, mənim mənsub olduğum millət Azərbaycan türkü, danışdığım dil isə Azərbaycan türkcəsidir. Özümüzə “azərlər”, yaxud “azərilər” deyərək mən mənsubiyyətimi danmış olmuram. Söhbət labüd ixtisarlardan gedir. Hər şey üstə polemika açmayın, biri-birinizi incitməyin”.