“Siz onsuz da 30 ildir ki, bu xalqın vəkilisiniz”
Dekabr ayının 26-da “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoglunun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən parlament seçkilərinə qatılması və seçki qərargahının yaradılması ilə bağlı keçirdiyi iclasda ölkənin bir çox tanınmış siyasi partiya liderləri, ictimai xadimlər iştirak ediblər. Onlar tədbir zamanı R.Arifoğlunu açıq dəstəklədiklərini bildiriblər.
Musavat.com xəbər verir ki, açıq dəstək verənlərin arasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn, Ağ Partiyanın lideri Tural Abbaslı, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı, tanınmış telejurnalist Turan İbrahimov, sabiq maliyyə naziri Saleh Məmmədov, Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov olub.
Onlar çıxışlarında R.Arifoğlunun 30 ildir ki, bu millətə vəkillik etdiyini, bu səbəbdən də Milli Məclisdə təmsilçiliyə haqqı çatdığını bildiriblər.