Xəbər belədir ki, Mübariz Əliyevin idarə etdiyi avtomobil Qaxda, “Ulu” körpü adlanan ərazidə Şükür Mahalovun idarə etdiyi maşınla toqquşub və M.Əliyevin maşınındakı sərnişin – Rusiya vətəndaşı Vüsal Musayev avtomobildən düşərək tanımadığı Ş.Mahalovla mübahisə edib, onun sifət nahiyəsinə yumruqla vurub. Adi yol qəzası, yol mübahisəsi. Yola vermək olardı.
Amma dünən yumruq zərbəsi alan şəxs xəstəxanada vəfat edib və son mənzilə yola salınıb.
Bu, ilk belə hadisə deyil ki, qəzadan salamat çıxan adamlar sonradan dalaşır, bıçaqlaşır, bir-birini öldürürlər.
Bəzən qəzada yüngül xəsarət belə almayan, eləcə buferi, qapısı əzilmiş maşına baxıb qeyzlənən şəxslər olur, oturub Allaha şükür eləməkdənsə, lingə, vintaçana əl atırlar və kim cəld tərpənsə, “düşmən”ini o dünyaya yola salır. Təbii ki, adamın özünü də tutub türməyə göndərirlər.
Qaxdakı hadisə ona görə bir qədər qəribədir ki, sürücülər söyüşüb-dalaşmalı olduqları halda, bu funksiyanı öz üzərinə sərnişin götürüb və məsələni bir yumruqla həll edib.
Bəlkə də informasiya yarımçıqdır. Ola bilər, Rusiya vətəndaşı həmvətənimizə bir yox, bir neçə yumruq və ya təpik vurub. Əgər o, gerçəkdən də yalnız bir zərbə ilə kifayətlənibsə, demək, idmançıymış və haradan, necə vurmaq lazım olduğunu bilirmiş.
Hərçənd avtomobillərin iştirakıyla baş verən münaqişələrdən sonra bir yumruqla ölənlərə dair xüsusi statistika olmasa da, yaddaşımda bir neçə elə hadisə var.
Altı-yeddi il əvvəl Quba tərəflərdən öz sevgilisi və ya arvadıyla Bakıya gələn bir kəlbəcərli oğlan yolda ona “məni də apar” işarəsi verən bir poqonlu kişini öz maşınına götürmüş, yolda, deyəsən, Xıdır Zində pirinə nəzir vermək üçün maşından düşmüş, 3-5 dəqiqə sonra geri qayıdanda sərnişinin maşının salonundakı xanıma girişdiyini hiss etmiş, adamı maşından düşürüb bir yumruq vurmuşdu. Və o adam ölmüşdü. Yaxşılıq edib maşınına adam götürmüş oğlan isə evinə salamat gedə bilməmişdi. İndi türmədə cəza çəkir. Əlbəttə, o, öz sərnişinini öldürmək üçün vurmamışdı, amma nə bilsin ki, adam bir zərbəyə öləcək. Amma adama deyərlər, zalım oğlu, yumruğunun Məhəmməd Əlininki kimi olduğunu bilirsən, bir az yavaş vur dəə.
Daha bir bənzər hadisə isə 4-5 il Gəncədə olub. Yol polisi iki qızla yola süvar olmuş iki cavanı saxlayıb. Görünür, avtoxuliqanlıq etmələrindən şübhələnibmiş. Nəticədə tərəflərin sözü çəpləşib. Gənc sürücü yol polisinə şillə atıb və o səndələyib, yıxılıb ölüb. Heç demə, yollarda təhlükəsizliyə nəzarət edən şəxs günorta naharında bir az spirtli içki qəbul edibmiş, səndələyib yıxılanda isə başı səkinin bordyoruna dəyib və ciddi xəsarət alıb. O hadisədən sonra daha Gəncədə salonunda qadın olan maşını saxlamır, dalına düşüb qovmurdular. Xuliqanlıq edir, nömrəsini götür, çağır şöbəyə…
İndi Qaxdakı hadisəyə görə V.Musayevə cinayət işi qaldırılıb, adamı qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirirlər. Təbii ki, onu tutacaq, məhkum edəcəklər.
Təsəvvür edin, adam o boyda Rusiyanı gəzib-dolaşıb, skinxedlərə rast olmayıb, olubsa da, salamat qurtarıb, qayıdıb, gəlib öz ölkəsində heç nə üstündə mübahisəyə düşüb. Rəhmətliyin oğlu, maşın-maşına dəyib, cəhənnəmə dəysin, qəzadan sağ qurtarmısan, get, qurban kəs. Ta yumruğunu düyüb hara cumursan?
Desəm ki, belə hadisələr cahillikdən, tündməcazlıqdan, hiddətə meyllilikdən (elə şiddətə meyllilik də bundan əmələ gəlir) doğur, heç kəs şəkk eləməsin. Gerçəkdən də elədir. Xüsusilə də son illər camaat çox əsəbidir. Yollar tamam dəlixanadır. Avtomobilini yolun ortasında saxlayıb gedən sürücüyə “əmoğlu, yolu kəsmisən e” deyə bilməzsən, üstünə vintaçan çıxarar, baqajındakı beysbol ağacına cumar.
Sizi bilmirəm, mən yolda söyüşən, dalaşan adamları vaxtaşırı görürəm. “Ver qırağa, saxla görüm, əə” deyə yol-nəqliyyat iştirakçısına konkret təkliflər edənlər var. Yaxşı ki, çox adam sürüb gedir, yolun qırağına verib saxlamır. Yoxsa, vallahi, saytlar “kriminal xəbərlər” rubrikası beş dəqiqədən bir yenilənər.