Bu hadisə 3-4 ay (bəlkə də daha çox) əvvəl baş vermişdi, bu günlərdə məhkəməsi başa çatıb, bəzi təfərrüatlar açılıb, mənzərə tamam aydın olub.
O vaxt bu kriminal hadisə haqqında ilk xəbər beləydi ki, bir gənc oğlan sevdiyi qızı evlərinə qədər ötürüb, blokun ağzında görüşüb ayrılarkən, onu öpüb, bunun üstündə həmin binada yaşayan oğlan onu bıçaqlayıb.
O vaxt bu hadisə sosial mediada geniş müzakirə predmeti olmuşdu. Rəy yazanlar əsasən iki qrupa bölünmüşdü. Bir tərəf məsələyə “xalqın anası, bayıssı var” prizmasından yanaşır və yazırdılar ki, məhəllədə elə hərəkət edən adam bilməlidir ki, buna etiraz edən olacaq, camaat namusunu çölə atmayıb, müasir həyatdır deyə, kim nə istəsə edə bilməz və sair və ilaxır.
Onlara qarşı olan qrup isə yazırdı ki, bu vəhşilikdir, adam öz sevgilisini qapının ağzına qədər gətirib, öpüşüb vidalaşanda nə olar, bunun kimə nə dəxli var, hər kəs özünə cavabdeh olsun, burnunu başqalarının münasibətinə soxmasın, özünü məhəllənin əxlaq polisi kimi aparmasın və sair və ilaxır.
Kənardan durub baxanda görürdün ki, hər iki tərəf düz deyir. Daha dəqiqi, hər iki tərəfin dediklərinin yarısı doğru, yarısı yanlış idi.
Əsas məsələ isə o idi ki, iki gənc məhəllə mentalitetinin qurbanı olmuşdu: biri ölmüşdü, digəri isə ömrünün ən yaxşı illərini türmədə keçirməyə məcbur olacaqdı (həmin qatilə artıq 16 il iş veriblər).
Məhkəmədə isə məlum olub ki, hadisə qələmə verildiyi kimi, bir anın içində baş verməyib. Məhəllənin əxlaqının qarovulunu çəkən oğlan əvvəlcə qızötürən oğlana irad tutub, bu binada yaşadığını bildirib, “burada mənim anam-bacım yaşayır” deyib.
Bax, bu yerdə situasiyadan hətta U dönüşüylə də yox, S manevri ilə sivişib aradan çıxmaq olardı. Məsələn, qızötürən oğlan “yaxşı, qaqaş, bir də olmaz” desəydi, münaqişəni sülh yoluyla həll edə bilərdi. İndi nə məcburdur ki, gəzməkdən gətirdiyin qızı bir də qapının ağzında öpəsən? Əsas məsələ başın salamatlığıdır, yoxsa son öpüşdür?
Ümumiyyətlə, adamlar anlamalıdırlar ki, “qoy məni öldürsünlər bir alagöz qız üstə” başıxarablığından qurtulmaq gərəkdir. Öləndə nə olur ki? Özün və ya o “alagöz qız”xoşbəxt olur?
Təəssüf ki, qızötürən oğlan çox dərin fikirləşməyib, o da öz camaatımızdan olduğuna görə, necə deyərlər, qabağından yeməyib, deyib, sənin anan-bacın gecənin bu vaxtı blokda nə gəzir ki, hələ bizi də görsün.
Bu, artıq yarım vedrəlik qan deməkdir. Amma görünür, qızötürən oğlan maşınındakı beysbol zopasına, evindəki tapançaya (məhkəmədə belə ifadələr açıqlanıb) arxayın olduğundan ötkəm danışıb. Nəticədə cibində bıçaq gəzdirən məhəllə uşağı soyuq silaha əl atıb və özünü də, sözü çəpləşən gənci də bədbəxt edib.
İndən belə otur ha, “elə olsaydı, belə olardı, belə desəydi, elə olmazdı” kimi nəzəri-hipotetik düşüncələrə dal, xeyri yoxdur, bir saniyənin içində geridönməz olay baş verdi və bitdi.
Ancaq bu hadisənin və onun son nəticəsinin yalnız başqaları üçün ibrət dərsi olmaq funksiyası var. Yəqin ki, o hadisədən sonra da bənzər situasiyalar çox olur: şəhərdə məhəllə çox, qızötürən oğlanlar çox, blokun ağzında oturub məhəllənin, özləri demişkən, “palajeniyasına baxan” oğlanlar çox. Olmazmı?
Güman ki, bu sayaq konfliktlər ya sülhlə, ya da yüngülvari şapalaqlaşma ilə sona çatır, daha tərəflər beysbol zopasına, bıçağa əl atmırlar.
(Yeri gəlmişkən, deyilənə görə, ölkədə bir beysbolçu belə olmasa da, camaat hər gün dükan-bazardan beysbol zopası daşıyır).
Bir məsələ də var. Son vaxtlar insanlar çox mehribanlaşıb, bir-birilə görüşərkən də öpüşürlər, vidalaşarkən də. İndi belə çıxır ki, hansısa məhəllədə iki oğlan ayrıldıqları vaxt “qaqa, sağ ol, hələlik” deyə öpüşəndə kimsə böyürdən çıxıb, onları “pederas” adlandırıb bıçaqlamalıdır?
Ona görə də 16 il iş alan qaqaş gərək təmkinli olaydı, iki sevgilinin vidalaşması epizodunun incəliklərinə qarışmayaydı. İndi yaxşı olacaqmı, adam qırx neçə yaşında türmədən çıxacaq, baxacaq ki, məhəllənin gənc qızları öz nişanlıları tərəfindən evə ötürülür.