Etibar Əliyev: “Pərviz Hacıyev məsuliyyətdən yayınmaq, məhkəmə qərarlarını icra etməmək üçün şantajla məşğuldur”

Fəaliyyəti dayandırılmış “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevin adı yeni qalmaqalda hallanır.

Bu barədə Gununsesi.org yazıb. Sayt bildirir ki, vaxtilə MTN  tərəfindən həbs edilmiş Etibar Əliyev azadlığa çıxdıqdan sonra yenidən aktiv biznes fəaliyyəti ilə məşğul olub.

Xüsusilə, balıqçılıq və dərman biznesinə girən iş adamı son illər ərzində böyük maliyyə vəsaitləri əldə edə bilib. Ancaq onun bu işdə uğurlarına dəstək olan bəzi şəriklərinə qarşı ədalətsizlikləri də üzə çıxıb.

Saytın məlumatına görə, hazırda ortaqları ilə ciddi çəkişmə yaşayan E.Əliyevin onların haqqını verməmək üçün müxtəlif üsullara əl atdığı iddia edilir.

Müsavat.com saytının əməkdaşı Etibar Əliyevlə telefonla əlaqə saxlayıb, ondan bəzi suallara cavab alıb. Həmin mini müsahibəni təqdim edirik:

– Etibar müəllim, bu günlərdə barənizdə Pərviz Hacıyevin müəyyən iddialı və tələbkar xarakterli ittihamları bəzi saytlarda dərc olunmuşdur. Bu barədə nə deyə bilərsiniz və onun iddiasının əsası nədir?

– Bəli. Həqiqətən də Pərviz Hacıyev bir sıra saytlarında barəmdə həqiqətə uyğun olmayan, böhtan və şantaj xarakterli məlumatların dərc etdirib. P.Hacıyev “Aqroinvest və İstehsalat” şirkətinin keçmiş əməkdaşıdır. Həmin şirkətin təsisçisi mənim qohumumdur. P.Hacıyev şirkətdə direktor işlədiyi müddətdə şirkətə böyük məbləğdə ziyan vurmuş, şirkətə məxsus nəqliyyat vasitələrinin, məhsulların və digər əşyaların oğurlanmasına rəhbərlik edib. Törətdiyi bu hərəkətlərə və işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Onun barəsində hüquq mühafizə orqanlarında təhqiqat başlanılıb. Eyni zamanda şirkət tərəfindən onun barəsində mülki məhkəmə icraatı qaydasında müxtəlif məhkəmə orqanlarına aidiyyatı iddia tələbləri ilə müraciət olunub. Artıq müvafiq məhkəmə aktlarına əsasən şirkətin iddia tələbləri və ərizələri təmin olunub. Məndə olan məlumata görə aidiyyatı məhkəmə aktları icraya yönəldilib. Lakin dövlətin adından çıxarılmış məhkəmə qərarlarının tələbləri Pərviz Hacıyev tərəfindən icra edilmədiyinə və icra məmurunun qanuni göstərişlərinin icrasından yayındığına görə onun barəsində axtarış elan edilib.

Hesab edirəm ki, P.Hacıyevin mənim ünvanıma şantaj və böhtan xarakterli həqiqətə uyğun olmayan məlumatlar səsləndirməkdə məqsədi, onun barəsində hüquq mühafizə və məhkəmə orqanlarında aparılan araşdırmaların nəticələrinə təsir etmək cəhdi ilə bağlıdır. Adımı keçmiş nazir Eldar Mahmudovla birgə hallandırmaqda niyyəti isə ictimaiyyətdə yanlış fikir yaratmaq və mənim işgüzar imicimə xələl gətirməkdir.

Bildirirəm ki, Pərviz Hacıyev törətdiyi hərəkətlərə görə məsuliyyət daşıyır, hüquq mühafizə və məhkəmə orqanları qarşısında cavab verməlidir.

Bir daha diqqətinizə çatdırıram ki, şirkətin təsisçisi qohumumdur və mənim “Aqroinvest və İstehsalat” şirkəti ilə heç bir bağlılığım yoxdur.

– Mətbuata əlavə sözünüz və istəyiniz varmı?

– Mənim bütün mətbuat işçilərinə böyük hörmətim var. Jurnalistlərdən istəyim və xahişim ondan ibarətdir ki, hər hansı material dərc olunmazdan əvvəl ətraflı araşdırma aparılsın və hər iki tərəfin mövqeyi dinlənilsin.

Загрузка...