Müxalif qüvvələrin təxminən iki aydan sonra keçiriləcək parlament seçkilərinə qatılıb-qatılmamaqla bağlı sərgilədikləri qərarsızlıq çox təbiidir. Bunu ölkədəki ictimai-siyasi durum diktə edir.

Nə seçkidə iştirak tərəfdarları, nə də seçkini boykot etməyi üstün tutanlar real çıxış yolu görmürlər, daha dəqiqi, hər iki halda uğurlu nəticə gözləmirlər.

Hər iki halda 2-dən 2 çıxılacaq və ortada 0 qalacaq. Bu yazının yazıldığı anlarda ölkədəki siyasi mühit, seçki şəraiti yalnız bu nəticəni göstərir. Bəlkə beş gün sonra nəsə dəyişəcək, bilmək çətindir.

İndi heç ötən əsrin 90-cı illərinin əvvəlləri də deyil ki, “seçkidə iştirak etməklə qələbə qazanmasaq da, təcrübə toplamış olarıq” arqumenti ilə çıxış etmək haqlı görünsün. Aradan keçən illərdə o qədər çox seçki olub ki, artıq hamının müvafiq təcrübəsi var.

Yeri gəlmişkən, o qədər seçkinin (prezident, parlament və bələdiyyə seçkiləri) təxminən yarısı boykot olunub, yarısında isə müxalif qüvvələr seçkiyə qatılıblar. Əslində bütün hallarda seçkiləri boykot planı bu və ya digər şəkildə həmişə pozulub.

Ancaq burada söhbət aparıcı müxalifətin boykotundan gedir. Yalnız bir dəfə, 1998-ci ilin payızında keçirilən prezident seçkilərində SİDSUH adlanan müxalif qüvvələr bloku seçkini boykot etsə də, AMİP boykotu boykot etdi, seçkiyə qatıldı və heç kəsin gözləmədiyi şəkildə parlaq kampaniya apardı, siyasi uğura çox yaxınlaşdı.

Boykot tərəfdarlarının arqumenti də güclü deyil. Hər dəfə kənarda qalmaqla nə əldə etmək olar? Heç nə. Əvəzində bu, siyasi mübarizəni korşaldır, fəalların əl-qolunu sustaldır, hər dəfə müxalif qüvvələri xalqdan, elektoratdan bir az da uzaqlaşdırır, əvəzində yeni canfəşanların ortaya çıxıb parlamasına rəvac verir.

Son nəticədə isə heç nə dəyişmir, nə “yüz minlərlə narazı insan” meydana çıxmır, nə də “beynəlxalq birlik belə seçkilərin nəticələrini tanımayacaq” ümid-proqnoz-arzusu doğrulmur.

Qüdrətli dövlətlər və beynəlxalq birliklər üçün Azərbaycanda kimin deputat mandatı alacağının heç bir fərqi yoxdur. Onlara lazımdır ki, Azərbaycanda sabitlik olsun, çaxnaşma olmasın, daha bir ölkənin daxili düzəni pozulmasın.

Bu, onların bizi çox istədiklərinə görə deyil, burada, regionda siyasi və biznes maraqları olduğuna görədir. Bunu milyardlarla dollar həcmində investisiya qoyumuş transmilli layihələr tələb edir. Hər hansı bir siyasi dəyişiklik o layihələri təhdid edə bilər.

Bu baxımdan reallıqları həmişə nəzərə almaq vacibdir.

Ümumiyyətlə, seçkilərlə bağlı mühüm qərarlar verəndə xalqın ovqatını, düşüncəsini, həyata, siyasətə baxışını da ciddi götür-qoy etmək və düzgün rəyə gəlmək lazımdır.

Həmişə heç də xalqın süstlüyünü, ictimai-siyasi fəallığının zəifliyini əsas arqumentə çevirmək olmaz. Bir çoxlarının mediada “passiv”, bəzilərinin isə daldada təhqiramiz ifadə ilə “qoyun” adlandırdığı kütlələr heç də deyildiyi kimi deyil. İnsanlar öz haqları uğrunda mübarizəyə hazırdırlar, amma bu, onların nəyi “haqq” saydığına bağlıdır.

Məsələn, bir qəsəbə götürün, iki gün işığını kəsin, üçüncü gün camaat yığışıb yolu kəsəcək. Başqa bir gün başqa bir qəsəbənin suyu kəsilsə, yenə insanlar toplaşıb əlaqədar idarələrin qapısını döyəcək. Çünki adamlar bunu öz haqları sayırlar və bu kəsintilər onun həyati maraqlarına qarşı olduğu üçün ayağa qalxırlar..

Ancaq seçki məsələsinə gələndə insanlar üçün kimin, hansı qüvvənin parlamentdə təmsil olunacağının, onları idarə edənlərin kim olacağının fərqi yoxdur.

Bu da ona görədir ki, seçicilər, demək olar ki, fərqli idarəçilik görməyiblər. Biz sovet vaxtında hansı cür idarə olunurduqsa, necə yaşayıb-işləyirdiksə, aşağı-yuxarı həmin cür idarə olunur, yaşayırıq.

Bir şeyi də nəzərə almaq gərəkdir ki, bu ölkədə nə vaxtsa siyasi dəyişiklik olacaqsa, Avropa standartlarına uyğun demokratik düzən bərqərar olunacaqsa, bu, yavaş-yavaş, tədricən olacaq.

Загрузка...