“Allahdan buyruq, ağzıma quyruq”
(Azərbaycan ata sözü)
Hamını çıxartdılar, bircə Məzahir müəllimə və Yasamaldakı məktəbin idman müəllim(ə)i Diləfruz xalaya dəymədilər. Çünki onların vəzifəsi strateji vəzifədir, planetar xarakter daşıyır. Məzahir müəllimi çıxartdın, elə bil Yerin oxu əyildi. Niburu gəldi Saturnun halqasına girdi. Canım sənə desin, ermənilər Qarabağı təzədən aldılar. Belə şeylərə yol vermək olmaz. Sözgəlişi, deyir, yenə Paşinyan Qarabağa sülənməyə gəlibdir. Süləngi adamdır, sir-sifətdən də Banazor ermənisinə oxşayır. Həmçinin 90-cı illərin əvvəlində sərnişin avtobuslarına bomba qoyan, kəndlərdə yazıq erməni kəndliləri bezdirib müharibəyə qoşan erməni saqqallı “boyeviklərə” bənzəyir. Ümumiyyətlə, ermənipərəstlərə aramızda yer yoxdur!
Məzahir müəllim bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır, hətta bugünlərdə 41 nəfərin namizədliyini ləğv eləmişdir. Deyir, mən qeydiyyata almışdım, lakin özləri seçkidə iştirakçı olmaq istəmədilər. Aha, yəqin bunlar aparatda işdən çıxarılanların qohumlarıdır, daha bələdiyyə üzvü olmaqda perspektiv görməyiblər.
Ancaq məni ən çox düşündürən seçicilərin taleyidir. Baxın, o boyda əziyyət çəkib deputat seçmişdik, indi bunların başını buraxmaq istəyirlər, bəlkə mənim bu yazım qəzetdə çıxanda artıq buraxılmış olacaqdır. YAP-ın müraciəti əsasında imiş. Lap yaxşı, buna sözümüz yox, şair demişkən, “biz kimik, məclis onun məclisidir”. YAP-ın 10 milyon üzvü var, istəsə Trampa impiçment də qoyar. Lakin bəs bu deputatları seçmiş insanlardan, başda Məzahir müəllim və Diləfruz müəllim(ə) olmaqla, niyə gəlib soruşan yoxdur ki, ayın neçəsidir? Şəxsən mən Binəqədidən deputatımız Hacı Madər müəllimin deputatlığının ləğv olunmasını istəmirəm. Düzdür, ömrüm boyu adım nəinki seçici siyahısında, necə deyərlər, it dəftərində də olmayıbdır, ancaq nə dəxli? Əsas odur deputatını duyasan, onun sirrinə agah olasan. Madər müəllim isə əsl gözəgörünməz (30 ildir divara şəklini vurmadan deputat olur) kimi daim xalqımızın arxasında idi. İndi biz gərək təzə deputata dükan açaq.
Bizim bölgüyə görə hardasa 40-50 min seçiciyə bir deputat düşürdü (Xankəndinin deputatını 800 nəfər seçmişdi, əla, xudmani dükan buna deyərəm), martda açıqlanan rəqəmə görə seçicilərimizin sayı 5 milyon 209 min 420 nəfər olmuşdur. Lap bunu yuvarlaqlaşdıraq, eləyək 5 milyon. Belə çıxır o 5 milyonun rəyi, mövqeyi heç zadı ifadə eləmir. Nə deputat qoyanda, nə deputatlıqdan qovanda. Ölkənin bütün məsuliyyəti düşür bir adamın üzərinə. Bəs sonra həmin bu 5 milyon məsuliyyətsiz, mövqesiz, avara insan gəlib hansı üzlə, hansı haqla əppək, məktəb, xəstəxana, dotasiya, uşaq pulu, cehiz pulu, balaca gədənin telefonuna kredit, yekə gədənin sünnətinə qoç, kəndə yol, örüşə dana, pivəyə noxud, evə remont, remonta sement, tualetə unitaz, unitaza oturmaq üçün lazımi orqan, gəzməyə qərib ölkə, ölməyə bələdiyyədən ərazi və sair tələb edirlər? Çox üzlü, sırtıq adamlar var. Bilmək olmur bunların (rəhmətlik Nazim müəllim demiş, “bınnarın”) dərdi nədir, qarınlarının ağrısına hansı zəhərlənmə səbəb olmuşdur, Qida Təhlükəsizliyi Agentliyi hara baxır?
Siz elə bilirsiniz, son kadr islahatları zamanı prezident öz administrasiyasının ictimai-siyasi şöbəsinə nahaq yerə əl gəzdirdi? Nəinki müdiri işdən çıxartdı, hətta şöbəni dibindən ləğv elədi. Çünki buna məcbur idi. Bir ölkədə ictimaiyyət qalmayıbsa, siyasət də yoxdursa, şöbə nəyə lazımdır? Elçibəyi vaxtilə çox tənqid eləyəndə deyərmiş ki, nə edim, olan budur, Fransadan xalq gətirməliyəm? Niyə də yox? Biz gec-tez xaricdən xalq gətirməli olacağıq, sözgəlişi, bu saat ərəb ölkələrinin çoxunda xaricdən gətirilən xalqlar işləyir. Şahbaz bəyi vaxtında Müsyö Jordanla əvəz eləməliydik, bəlkə Parisi də indi sarı jiletlilər dağıtmazdı.