Çoxları sual edir, nə baş verdi ki, parlament seçkilərinin zamanı dəyişdirildi, MSK bələdiyyə sorağında ikən diqqətlər ali qanunverici orqanın yenilənməsinə yönəldi? Yalnız ona görəmi ki, qarşıdakı bir il ərzində yenə də xarici qüvvələr hərəkətə keçib Azərbaycanda pozuculuq əməlləri törətmək istəyəcəkdilər?

Təbii ki, bu arqumenti kənara qoymaq olmaz. Marıta yatan qüvvələr bölgənin sabitlik adası Azərbaycanı qarışdırmaq üçün daim marıta yatıblar. Təsəvvür edin, həm Qərbdən, həm də şimal qonşumuzdan vaxtaşırı mesajların, təzyiqlərin olmasına baxmayaraq, Azərbaycan heç bir bloka qoşulmamaq xəttinə sadiq qalıb, üstəlik, Qoşulmamaq Hərəkatına sədrliyə başlayıb. Ermənilər hələ 80-ci illərin sonlarında Azərbaycanı Livana, Bakını Beyruta çevirmək planı üzərində baş sındırırdılar, bəzi xain əməllər törətdilər, ancaq nə onların, nə də havadarlarının missiyası başa çatmayıb. Bu mənada bütün məsələlərdə tədbirli olmaq yalnız və yalnız dövlətimizin, xalqımızın maraqlarına xidmət deməkdir. Bu xüsusda ölkənin ən böyük siyasi kampaniyasının önə çəkilməsi də çox mərkəzlərin planlarını alt-üst etdi təbii ki.

Ancaq görünən budur ki, hər bir azərbaycanlının prezidenti olacağına and içmiş dövlətimizin başçısı Azərbaycanın rifahı, vətəndaş məmnunluğu naminə əlindən gələni etməkdə davam edir və bu tələblərə adekvat cavab verməyənlərlə yollarını ayırmaqda, yaxud daha dinamik komandanın formalaşmasında israrlıdır. Əvvəlki dönəmlərdə çox xəbərdarlıqlar etdi, hətta mətbuata istinad edərək bəzi çatışmazlıqlarla bağlı komanda üzvlərini diqqətli olmağa çağırdı, nəticə olmadıqda isə… Bu prosesi artıq hər kəs izləyir –  məmnuncasına…

2018-ci il prezident seçkilərindən sonra yeni dönəmin başladığı haqda anonslar mərhələ-mərhələ öz təsdiqini tapmaqdadır. Bu ilin əvvəlindən etibarən sosial məsələlərlə bağlı çoxsaylı qərarlar verildi, vətəndaşların durumunun yaxşılaşdırılması üçün milyardlarla əlavə vəsait xərcləndi və proses davamlı xarakter almaqdadır. Eyni zamanda, məhkəmə-hüquq islahatlarının aparılması, vergi qanunvericiliyində ciddi dəyişikliklərin edilməsi ilə bağlı cərəyan edənlər perspektiv üçün daha gözəl imkanlar açır.

Və… Azərbaycanda dinc inqilab davam edərkən Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı Dağlıq Qarabağda peyda olur. Sonuncu dəfə o, dekabrın ilk günündə Azərbaycan ərazilərinə gəlib və təmas xəttindən mövqelərimizə boylanıb. Kimsə deyə bilər bu, ilk hal deyil. Elədir. Ancaq indiki gəliş bir başqadır, məncə.

Təsəvvür edin, ATƏT Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini həyata keçirir ki, gərginlik azalsın. Ancaq Paşinyan Ermənistan-Azərbaycan sərhədindən deyil, məhz Qarabağdan bu tərəflərə boylanır. Burada heç şübhəsiz təxribat niyyəti var. Tamamilə mümkündür ki, Ermənistan və onun arxasındakı qüvvələr Azərbaycandakı dinc inqilabın qarşısını almaq, normal imicə malik parlamentin seçilməsinə mane olmaq üçün təxribatlara əl atsın. Axı müharibə halında seçkilərin təxirə salınması barədə müddəa Azərbaycan qanunvericiliyində də var. Düşmən bu təxribata əl atmaqla Azərbaycan dövlətinin imicinə müsbət xalların əlavə olunmasını əngəlləmək istəyə bilər.

Ötən ilin dekabrında Paşinyan ölkəsində növbədənkənar parlament seçkisi keçirdi. Özünün vəziyyəti ox ağır idi, Azərbaycan prezidenti ilə Düşənbədə görüşüb ondan seçkiləri sakit keçirmək üçün möhlət istədi faktiki olaraq. Azərbaycan ona bu şansı yaratdı, ancaq sonradan “nöqtəli bəyanat” verən bu adam indi Azərbaycandakı seçkini pozmaq üçün durbinini də götürüb Qarabağa gəlib. Yəni Azərbaycan əsgəri atəş açsın, gərginlik tətiklənsin, toz-duman qalxsın, Azərbaycan prezidentinin başlatdığı proses yarımçıq qalsın. İstisna deyil ki, burada Azərbaycanı gözdən salmaq istəyən mərkəzlərin də barmağı var.

Məncə, düşməni təlaşlandıran başqa məsələ də var. Azərbaycan bələdiyyə və növbədənkənar parlament seçkiləri ilə faktiki olaraq yaxın dövr üçün özünü bu, iki siyasi yükdən azad edəcək. Prezident seçkiləri isə 2025-dədir. Deməli, qarşıda ümummilli problemin həlli məsələsi dayanır – Qarabağın azad edilməsi! Həm də Ermənistan və havadarları 2020-ci ildə Dağlıq Qarabağ separatçılarına yeni oyuncaq “prezident” seçmək istəyirlər. Paşinyan həm də narahatdır. Görünür, Lavrovun İrəvandakı bəyanatı onu şirnikləndirib. Görək Rusiya XİN başçısı Azərbaycana budəfəki səfərində dediklərini necə izah edəcək. Hər halda əbəs yerə gəlmir…

Загрузка...