İlk baxışdan o fikirlərdə həqiqət var ki, kadr dəyişiklikləri nə qədər geniş olsa da, effektiv siyasi islahat deyil, çünki işdən götürülən şəxslərin yerinə elə onlar kimi işləyəcək adamlar gəlir.
Ancaq məsələnin başqa bir tərəfi də var, bu barədə danışarkən həmişə “hər şeyi kadrlar həll edir” deyirlər.
Doğrudan da ən zəruri islahatları yeni, müasir təfəkkürlü, yüksək təhsilli kadrlar edirsə, etməlidirsə, o zaman kadr dəyişikliklərini effektiv və kütləvi olması vacib idi.
Başqa cür mümkün deyildi: sovet təhsili almış, sovet idarəçiliyi görmüş, sovet bürokratik sistemindən başqa hər cür mütərəqqi idarə üsulunu rədd edən adamlarla heç bir sahədə islahat aparmaq mümkün olmazdı.
10 ildən artıq nazir postunda işləyən, ölkədə uçan, qaçan, yeriyən, sürünən nə varsa, hamısına sahib olmağa çalışan, alınıb-satılan hər şeyin biznesini quran və buna görə də adı odioz-mafioz biri kimi çıxmış şəxslərdən nə islahat gözləmək olardı, nə də buna kimisə inandırmaq.
Hər kəsin xatirində olar, 2-3 il öncə ölkədə nəyə (lüks otellərdən tutumuş təmtəraqlı restoranlara, gəlirli biznes obyektlərinə qədər) barmaq tuşlayıb, “kimindir” deyə soruşurdun, həmişə 3-4 adamın adı çəkilirdi. Gün gəldi, onların bir neçəsi tutduqları yüksək dövlət postlarından kənarlaşdırıldı, yerlərinə çox adamın tanımadığı gənc kadrlar təyin edildi.
Bu gün həmin o yeni nazirlərin adları hələ də sələflərininki kimi məşhur deyil, ən azı “burdan getdi, ordan gəldi”, “filan yeri aldı, bəhmən yeri sökdürdü” kimi xəbərlərdə mübtəda olmurlar.
Bəlkə bir müddətdən sonra onlar da kötükləşəcək, qol-budaq atacaq, rişələnəcək, öz ətraflarında klan, mafiya yaradacaqlar, öz nazirliklərini muxtar saraya döndərəcəklər?
İnsanlıq halıdır, ola bilər. Amma bunu durdurmaq üçün mexanizmlər var və müxtəlif ölkələrdə uğurla tətbiq olunur. Onlardan biri də eyni adamın bir nazir (komitə sədri, xidmət rəhbəri) kreslosunda uzun müddət oturmasına imkan verməməkdir. Onların uğurluları vaxtaşırı bir vəzifədən başqasına, bir sahədən digərinə keçirilməlidir, uğursuzları isə qapı dalında qoyulmalıdır.
15-20 il öncə müxalifət partiyalarının üzvləri ictimai yerlərdə bir çox nazirlərin, komitə sədrlərinin adlarını çəkir, onların yol verdikləri neqativ hallardan, yarıtmaz kadr siyasətindən, maliyyə maxinasiyalarına yol vermələrindən, talançılıqla məşğul olmalarından uzun-uzadı və əsaslı şəkildə, faktlar göstərməklə danışır və sonda mütləq deyirdilər: “Nə qədər ki, onlar vəzifə başındadırlar, bu ölkədə yaxşılığa doğru heç nə olmayacaq”.
Bu gün həmin adlara yenidən baxaq: onda doqquzu artıq vəzifə başında deyil, postlarından kənarlaşdırılıblar.
Kimsə deyə bilər ki, yerləri boş qalmayıb, həmin postlara yeni şəxslər təyin edilib. Doğrudur. Başqa necə olsun? Dövlət vəzifələri boş qala bilməz, kimsə onları tutmalıdır. O adamların yerinə hakim partiyanın, iqtidar komandasının üzvləri təyin edilib.
Ancaq bu, nə qədər olmasa da, irəliyə doğru addımdır. Bir var, humanitar sahəyə rəhbərlik edən bir nazir parlamentin iclasında üzvü olduğu komandanın siyasi rəqiblərinə ölüm hökmü verilməsini tələb etsin, br də var, onun xələfi siyasətə qarışmasın, öz sahəsinin problemləri ilə məşğul olsun, başını aşağı salıb işini görsün.
10-15, hətta 20 il öncənin köhnə kadrları çox hikkəli və hiddətli idilər, ölkədə hansısa müxalif qüvvənin mövcudluğu ilə barışa bilmirdilər, rəhbərlik etdikləri strukturlarda müxalifyönlü qəzetlərin oxunmasını yasaqlamışdılar. Onların yerinə gələn kadrlar isə heç olmasa, bu xüsusda daha dözümlü və ölçü-biçilidirlər, vaxtaşırı çırmanıb “düşmən axtarışı”na çıxmırlar.
Eyni şeyi var-dövlət hərisliyi məsələsinə də aid etmək olar. “Köhnə”lər çox acgöz və tamahkar idilər, imkanları çətən hər şeyi mənimsəməyə çalışırdılar, əllərində olan vəzifədən daha böyüyü tutmaq üçün milyon dollarlarla ölçülən rüşvət verməyə hazır idilər, “yenilər” isə vəzifəyə təmənnasız təyin ediliblər və indilikdə tamahkarlıqları ilə fərqlənmilər. Görək sonraları nə olur?
Bir sözlə, ölkədə ciddi və effektiv islahatlar olacaqsa, onu ya indiki nəsl kadrlar edəcək, ya da bunların yerinə gələnlər. Ətalət basmış köhnələrdən heç bir fayda yox idi və olmayacaqdı.