Bakıda beşmərtəbəli binaların sökülməsi məsələsi zaman-zaman gündəmə gəlsə də, hələ də proses baş tutmayıb. Evlərinin plana düşəcəyi, söküləcəyi ilə bağlı xəbərlər isə həmin ərazilərdə yaşayan insanların narahatlığına səbəb olur.

Son illərdə Bakı şəhərinin müxtəlif ərazilərində yaşayan əhali qrupu “evimiz plana düşəcək, nəticəsini gözləyirik, görək növbəti mənzilimizi haradan alırıq” kimi sözləri tez-tez işlədir. Söküləcəyi gözlənilən məkanlardan biri də beşmərtəbəli binalardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev mətbuata verdiyi açıqlamasında bildirib ki, beşmərtəbəli binaların sökülməsi və ya təmiri ilə bağlı məsələ Bakının Baş Plan formatında həll olunan məsələ deyil:

“Binaların vəziyyətindən asılı olaraq, onların hər biri ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən qərarlar veriləcək”.

Mövzu ilə bağlı Lent.az -a açıqlama verən şəhərsalma üzrə ekspert Cahangir Qocayev bildirib ki, binaları sökmək üçün əvvəlcə onun vəziyyəti yoxlanılmalıdır: “İstənilən binanı sökməzdən əvvəl vəziyyəti yoxlanılır. Bərpa etmək mümkün deyilsə, sökülür”.

Müsahibimiz binalar tikiləndə onlar üçün istismar müddəti qoyulmasının doğru olmadığını deyib:

“Bina üçün istismar müddəti min il də ola bilər. İstənilən tikilini sökmək yox, çalışıb bərpa etmək lazımdır. Şəhərsalma elə bir sahədir ki, orda binalar köhnəlmir, əksinə qədimləşir. Binaların yaşı artıqca, dəyəri də artır. Bu tikilililərin hər biri ayrılıqda tədqiq olmalıdır. Binalarla bağlı qərar veriləndə yüz ölçüb, bir biçmək lazımdır. Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları həmin binaları yoxlamalıdırlar. Binalar da insan kimidir. Üzdən baxanda deyirsən ki, heç bir problemi yoxdur, amma müayinədən sonra “xəstə” olduğunu görürsən. Müayinədən keçirmədən buldozerin qabağına verib, sökmək olmaz. Beşmərtəbələr yeri gələndə digər hüdürmərtəbəli binalardan da möhkəmdirlər. Müayinə nəticəsində yararsız edilən binalar isə söküləcək. İçərişəhərdə bina var ki, min illərlə yaşı var. Ona görə də konkret hər bina ayrıca tədiqiq olunmalıdır”.

Загрузка...