Qan tökmədən, can almadan, ölkəni və milləti sarsıtmadan…

Bu ölkəni və bu iqtidarı ancaq Bir Adam islah edə bilərdi. İnandıq, güvəndik, hər şeyə rəğmən xəttində olduq.

Bütün ümidləri doğrultdu. Qan tökmədən, can almadan, ölkəni və milləti sarsıtmadan, incə bir taktika ilə bütöv bir iqtidarı yenilədi, müqavimətləri və sabotajları dəf etdi, Azərbaycana şans verdi.

Müxalifət və vurulacağını öncədən bilən iqtidardakı sabotajçılar gizlicə birləşərək, küçələrə çıxdılar. Təzyiqlər, təhdidlər, təxribatlar…

Olmasın, ölkə yenilənməsin, çiləkənləmiş hökumət dəyişməsin, oliqarx məmurlar kresloları ilə birlikdə devrilməsin, istədilər. Lakin proses başlayıb, gedir və davam edəcək.

Bir Adam cəsurca, zəkicə ona düşən missiyanı həyata keçirməkdədir. Azərbaycanın önünü açır, gələcəyinə şans yaradır, dövlətin inşasını tamamlayır.

Başqa kimsə, xüsusən də oliqarxların parası ilə 14 il aralıqdan sonra küçəyə çıxıb, özünü döydürən, aralığı qatan Kikkidım bəy belə, bu cür nəticələr əldə edə bilməzdi.

Onlarınkı xaosdu, ekstrimdi, pafosdu, göz yaşları, acılardı…

Onların küçə tamaşalarında adətən, əsas rol özlərinin, kütləvi səhnələrsə, xalqın payına düşür. Xalq da artıq bu teatrda oynamaq istəmir!

Prezident İlham Əliyev isə mükəmməl tamaşa hazırlayan rejissor kimi milləti küçələrə yox, ekran başına, tamaşaçı kreslosuna – baxmağa və düşünməyə, yaşamağa, həm də bu göstəridən həzz almağa dəvət edir…

Ekran başında olanlardan biri də sizsiniz…

“Nə bir oldu”, deyə, həzz almırsız, məgər?

Kimlərsə əllərini dizinə vurub, “bu da belə getdi”, deyirsə, bunun acıdan və təəssüfdən doğmadığını hər kəs yaxşı bilir. Hamı məmnundu; ya da “hamı” sayıla biləcək qədər böyük çoxluq…

Prezident İlham Əliyev milli həmrəyliyi gərəkdirən böyük bir proses, missiya başlayıb.

“Ona dəstək olaq” çağrışına gərək qalmayıb: sadəcə, millətdən olaq, xalqımızın çıxarları və Gələcəyi ilə həmrəylik göstərək…

Rauf ARİFOĞLU

Загрузка...