Mənim parlamentlə-filanla işim yoxdur, YAP-ın daxili işlərinə qarışa bilmərəm. Dünəndən bir mövzum var, onu yazacağam. Bir təzə trend əmələ gəlib, 20-30 il əvvəlin söhbətləri, hadisələri təzədən təftiş olunur, xatirələr dilə gəlir.

Əslində bu, heç də təzə trend deyil, 40 il əvvəl “Şərqin səhəri” teletamaşasını göstərib 70 il əvvəlin hadisələrini təftiş etmirdikmi, bəy-xan zülmünü qamçılamırdıqmı? Sonradan 30-cu illərin repressiyasını, Stalin, Xruşov, Brejnev dövrünü də təftiş etdik.

Bir biz deyilik, bütün postsovet məkanı bu işdə pərgardır, hamı təftiş edir, hamı qamçılayır. İntəhası, biz təkcə elə etmirik, biz köhnə dövrü yerlə-yeksan, darmadağın edirik, daşını daş üstə qoymuruq.

Dünən telejurnalist həmkarlardan biri mənimlə “o ağır, məşəqqətli illər” rubrikasında həmsöhbət olmaq istədi, amma mən ona səmimisini dedim. Dedim ki, vallah, mən o vaxt kənddə, orda-burda, məşhur ifadə ilə desək, paradda olmuşam, bir çox şeydən xəbərim yoxdur.

Gerçəkdən də belədir ha. Məsələn, mən o vaxtlar, yəni camaatın jımıx yediyi və evdən çölə çıxa bilmədiyi illərdə xarici səfirlərin Bakıda tərbiyəsizliklər etdiyini, qapını təpiklə açdıqlarını bilmirdim. Tanıdığım bircə ABŞ-ın səfiri Riçard Mayls idi, o da qanacaq, qabiliyyətli adama oxşayırdı, eyzən gülümsəyirdi. Kim bilir, bəlkə o, çəkiliş vaxtı gülümsəyir, sonra qapıya təpik vurub gedirmiş?

Amma o dövrün haqq-hesablarından bir şeylər danışmaq lazımdırsa, bir neçəsini yaza bilərəm.

O vaxtın məmurları indiki kimi deyildilər. Əvvəla, əksəriyyəti gənc idi, ikincisi, vəzifə qədri bilmirdilər. Yuxarıdan üstlərinə acıqlanan, tələbkarlıq edən olanda dərhal əllərini pencəklərinin qoltuq cibinə aparır, dörd qatlanmış kağız vərəqini çıxardıb atırdılar tələbkarlıq edənin üstünə və deyirdilər: “İş belədirsə, heç işləmirəm. Bu da mənim istefa ərizəm”.

Yazıq tələbkar rəhbər qalırdı mat-məəttəl. İndi necə eləsin, iş tələb etməsinmi? Onların gücü yalnız ona çatırdı ki, desin: “A bəy, qadan alım, indi bir söz idi, dedim, deməmiş olum, qaytar o ərizəni qoy cibinə, ümumiyyətlə, cır, tulla, getsin, əl-ələ verib işləyək”.

Bu cür edənləri şəxsən görmüşəm. Biri hətta İH başçısının birinci müavini idi. Aramız yaxşıydı, hərdən gileylənirdi ki, ürəyim qalıb sətirlərin arasında (ixtisasca jurnalist idi), gəlib burda mollaya dönmüşəm, hər gün nə qədər dəfn mərasimində iştirak edirəm, camaat üzümü danlayır. (O vaxt müharibə gedirdi deyə şəhidlər olurdu və belə bir qayda vardı ki, şəhidlərin dəfnində rayon rəhbərlərindən bir neçəsi iştirak etməliydi).

Durum deyim ki, o vaxt rüşvət vermək istəyən yox idi? Vardı. Köhnə idarə müdirləri, müəssisə rəhbərləri əllərində dolu çamadan gəzdirirdilər. Gənc məmurlar onlara deyirdilər ki, müdafiə fonduna pul köçürmək istəyirsinizsə, qapımız açıqdır, gətirin, köçürün, amma bunun müqabilində vəzifədə saxlanılacağınızı düşünürsünüzsə, yanılırsınız.

Sonralar bir dəfə İH başçısının müavini olmuş şəxs o idarə müdirlərinin bir-ikisi ilə bir yas məclisində rastlaşıb, müdirlər səmimiyyətlə deyiblər ki, Allah sizə kömək olsun, o vaxt dolu çamadanlar özümüzə qalırdı, götürmürdünüz, biz də aparıb Bakıda uşaqlara ev-zad alırdıq.

Yəni belə neqativ hallar vardı, danmaq olmaz. Amma sonradan cibləri boş qalan bəziləri səmimi şəkildə peşman olmuşdular, deyirdilər ki, çox yox, o dolu çamadanların bircəciyini götürmüş olsaydıq, bu gün maddi çətinlik çəkən dostların problemlərinin həllinə yardımçı olardıq.

Belə olanda da mütləq kimsə deyirdi: “Bəs niyə götürmürdünüz, a bəy?” Cavab ləngimirdi və adətən belə olurdu: “Müharibə gedirdi axı… Həm də fikrimizdə elə şey yox idi”.

İndi belələrinə nə ad verəsən? A kişi, bu regionda azı iki min ildir belədir: vəzifəyə gələn özündən aşağılardan rüşvət almalıdır, özündən böyüklərə bəxşiş verməlidir, indi siz gəlib köhnə bazara təzə nırx qoyacaqdınız?

Bax, ona görə də belə hakimiyyət çox gedə bilməzdi. Bu cür məsələlərdən çox danışmaq olar. Zatən, 25 ildir danışılır, amma söhbətin sonu görünmür.

O vaxtkı səfirlərin tərbiyəsizilik etmələrinə gəlincə, bu barədə qoy, o vaxt o səfirlərlə yaxın olan, onlardan müsahibə alan, videosüjet çəkən həmkarlarım danışsınlar. Ad çəksinlər, görək, o qanacaqsız diplomat hansı ölkəni təmsil edirmiş.

Загрузка...