“Qarşı yatan qara dağım yıxılıbdır,
Ozan, sənin xəbərin yox”
(“Dədə Qorqud kitabı” )
Məncə, kimlərsə AzTV-nin sehrini dağıtmaq istəyirlər. Axı o ekran belə cəfəngiyyatlara bağlı idi! Biz orada yalnız rəsmi xronika, qəstumlu yoldaşlar, gen tumanlı əmək qəhrəmanları, neft buruqları, merinos qoyunların yağlı quyruqlarını görməyə, taxıl zəmilərinin bərəkətli qoxusunu iyləməyə, bulvarda ağacın budağından sallaşıb dənizə baxaraq şeir oxuyan şairləri dinləməyə öyrəşmişdik. Lakin indi birdən-birə AzTV dönüb olur bütün başqa kanalların tayı. Gündəm yaratmaq əvəzinə, gündəm dalıyca qaçır. Ağzından şorba tökülən keçmiş deputatları ekrana çıxarıb onlara qadın döyüşçülərimiz haqda hədyanlar söyləməyə şərait yaradır. Beləcə mənəvi kodlarımız əldən gedəcəkdir. Tomrisdən əmdiyimiz süd burnumuzdan gələcəkdir. Milli kodları itirməyə ixtiyarınız yox idi. Hərçənd sabiq deputatın bazarın tələblərini yaxşı gördüyünü də söyləməliyik. Bu saat AXC dövrünü söymək trenddədir. Ola bilər bir az aşağıdan vurub.
Lakin qadınlar batalyonu adlı o mifik qurum (bilənlər bilir ki, əslində cəbhə bölgəsində ayrı-ayrı batalyonların tərkibində döyüşən qadınlar olsa da bizim heç vaxt xüsusi bir istiqamətdə vuruşan bu cür “amazonka” batalyonumuz olmayıbdır – yəni ayrıca hərbi hissə tipində) söhbəti bir yana qalsın, AzTV ekranında daha dəhşətli hadisələr baş verməkdədir. Misal üçün, tok-şou eləyirlər! Sanki seçkidir, MSK namizədlərə efir vaxtı ayırıb. Harada görünüb ekranda müzakirə, diskussiya açasan? Bizdə parlamentin keçmiş spikerlərindən biri vaxtilə yaxşı demişdi: “Milli Məclis müzakirə yeri deyil”. Televiziya da onun kimi. Hamıya danışmağa imkan versən, olar qarğa bazarı. Bu isə dövlətçiliyə yaraşmır. Bir adam danışar, hamı əl çalar. Nəyə görə “Yutub” platformasında “danışan (və söyən) başlar” konsepti hazırda populyardır, bunu düşündünüzmü? Sizə sirr açım: Azərbaycan xalqı artıq hərfləri yaddan çıxardıb. İndi ancaq baxa və qulaq asa bilirik. Gəlin, müqəddəs AzTV-mizi “yutublaşdırmayaq”.
Sözgəlişi, bu yaxında AzTV-də bir tok-şouda elm və təhsil müzakirə edilirmiş, axırda gəlinən qənaət, sizcə, nə olsa yaxşıdır? Tələbənin dərsdə yatmaq hüququ vardır! Möhtəşəm yekundur. Doğrudan da millətin hər yerdə yatmaq haqqı qorunmalıdır. Oyaqların gözünü çıxardaq. Onlara qayğanaq və yaxmac verməyək. Tələbələri dərsdə yatmağa qoymayan professor və dosentlərin isə dövlət tərəfindən yataq, çarpayı, prastina (guya mən indi burada “döşəkağı” yazsam çoxunuza ləzzət edəcəkdir), viaqra təminatı kəsilsin, Nazirlər Kabineti bu qərardan irəli gələn məsələləri 3 ay ərzində həyata keçirsin. Qərar bu köşədə dərc edilən gündən qüvvəyə… Harada qalmışdıq? Çox aludə olduq, şeytana lənət.
O yerdə qalmışdıq ki, Bibiheybət yolu növbəti dəfədir sürüşür və çökür. Yenə millət düşüb yol idarəsinin, icra hakiminin, deputatın, bələdiyyənin, qadınlar batalyonunun və sairənin üstünə, deyirlər yolun bərkitmə işləri düzgün aparılmayıbdır, müdir pulları basıb yeyibdir, ar olsun, hurrey, biz gəlirik, Ə-li bəy, Ə-li İn-sa-nov, istefa və sairə. Ancaq əziz yoldaşlar, dostlar, sevgili millət, uca xalq – niyə birdəfəlik anlamırıq ki, oradan yol olmaz! Sürüşən yamacda yol çəkmək mənasız israfçılıqdır. İstəyirsən paslanmayan poladdan yol çək, istəyirsən yapon injener gətir, nə bilim, Yutub və NASA-nı cəlb elə – xeyri olmayacaq. Həmişə ora sürüşəcəkdir. Ta həmin qayalar yerlə bir olanacan. Bunu anlamaq üçün geoloq-zad olmağa da ehtiyac yoxdur. Həmin yolu birdəfəlik bağlamalıyıq, Bakıya ayrı yollardan girməliyik. Bəlkə heç Bakıya girmək və çıxmaq daha lazım deyildir, şəhəri bağlayıb xoşbəxt yaşayarıq, ancaq bu ayrı temadır.
Orada dini faktor da rol oynayır. Ərazidə müsəlman müqəddəslərdən birinin qəbri olub, sovet hökuməti vaxtilə həmin ziyarətgahı dağıtmışdı. Nəticədə ərazi Allahın lənətinə gəlibdir, oradan keçə bilmərik. Hazırda sürüşən yolun daşlarından götürüb ağrıyan yerinizə qoysanız sağalmasını müşahidə edərsiniz.