Mustafa Hacıbəylinin yazısını mənə beş fərqli oxucu göndərdi. Oxudum. Gözlənilməz yazı deyildi. Çünki Mustafanın elə bir xasiyyəti var ki, belə şeylər yazması normaldır.
Bununla belə, mən yenə də, türkün sözü, istifimi pozub, Arif Hacılıya dair yaxşı-yaman heç nə yazmayacağam. Çünki zatən, çətindədirlər. Suda boğulana ya xilasedici kəmər atar, ya bir ağac budağı uzadarlar, ta daş atmazlar. Bundan əvvəlki yazılarda budaq uzatmışdım.
Amma Mustafa Hacıbəyliyə deyəsi sözlərim var.
Bununla neçənci dəfədir ki, o, mənim vaxtilə “Yeni Müsavat”dan işdən çıxdığımı yazır, xatırlatmalar edir, bundan mənə böyük bir “qəbahət dosyesi” düzəldir.
Mən “Yeni Müsavat”dan bir, iki, hətta üç dəfə çıxmamışam ki. Azı dörd belə hadisə olub. İş yeridir, gərginliklər olur, söz çəpləşir, inciyirsən, incidirsən və bir gün deyirsən, daha işləmirəm. Son illərdə də azı 2 dəfə qəzetdə tutduğum vəzifədə istefa vermişliyim olub. Ancaq Rauf Arifoğlu hər dəfə məndən daha səbirli hərəkət edib, deyib, yaxşı, çıxırsan, çıx, amma 15 gündən sonra çıx, ona qədər qəzetə kömək elə. 15 gündən sonra isə nə məndə hirs-hikkə qalıb, nə ortada hansısa gərginlik. Belə bir hadisə hətta günü sabah da ola bilər. Amma Xalid Kazımlı bəziləri kimi dərhal qaçıb sosial şəbəkədə, o biri saytlarda, qəzetlərdə “ifşaedici yazılar” yazmaz, üzə durub ittihamlar yağdırmaz, ömür uzunu kin saxlamaz, daima barışığa əl yeri qoyar. Çünki arada 35 ilin haqq-salamı var.
Mənim Rauf Arifoğluna “hoca” deməyimə gəlincə, elə desəm, qəbahət olmaz, ona görə ki, Rauf Arifoğlu çoxdanın hocasıdır. Ancaq həqiqət budur ki, bu sözü həmişə o, mənə deyir, özü də gündə azı yeddi dəfə. Həm də elə-belə “hoca” demir, “hocam” deyir və düzünə qalsa, bu xitab mənim ürəyimə sarı yağ kimi yayılır.
Təəssüf ki, Mustafa fitri cığaldır, ya da ifrat dərəcədə prinsipialdır, işi-gücü öcəşmək, dalaşmaqdır. Dalaşanda da barışığa əl yeri qoymur, hesab edir ki, kimsə ona qarşı bir söz deyibsə, düşməndir. Ancaq siyasətdə həmişə aqressiv, kinli, hikkəli, barışmaz olmaq, hamıyla intriqa aparmaq sonda mütləq tənhalığa aparır.
7-8 il öncəydi, Müsavat Məclisinin növbəti toplantısıydı. İclasın gedişində Mustafa durdu, tanınmış müsavatçı Tapdıq Abbası “ifşa etdi”, çünki o, jurnalistlər qrupuna qoşulub Fəxri Xiyabanı ziyarətə getmişdi. Daha sonra Sülhəddin Əkbər də onun tərəfindən “ifşa olundu”. Mustafa onların partiyadan xaric olunmasını tələb edirdi. Sanki adamları iki-bir, üç-bir partiyadan çıxaranda partiya güclənəcəkdi.
Həmin gün bu davranış heç xoşuma gəlmədi, onu zərərli təmayül hesab etdim, redaksiyaya qayıdanda məclis barədə soruşan həmkarlarıma yarızarafat-yarıciddi dedim ki, vallah, bu gün orada Müsavat Partiyası yox, Mustafa partiyası gördüm.
Aradan keçən bu illərdə elə də oldu. Yüzlərlə tanınmış ziyalı Müsavatdan ya çıxarıldı, ya da özləri yaranmış mühitə tablaşmayıb getdilər. İndi o tanınmış, yaradıcı ziyalılarla dolu Müsavat Partiyasının yerində gerçəkdən də bir Mustafa partiyası var. Adi tənqidi fikir bildirənlərin üzərinə elə hücuma keçirlər, elə bil düşməndirlər. Son qurultaydan sonra nəinki Müsavatda, eləcə də ölkədə tanınmış siyasət adamları və publisistlər olan dörd şəxs (Tofiq Yaqublu, Yadigar Sadıqlı, Alya Yaqublu və Könül Şamilqızı) düşmən elan edilib, barələrində hər söz yazır, danışırlar.
Onlardan əvvəl yüzlərlə müsavatçını “iqtidarın adamı”, “Prezident Administrasiyasından təlimat alan” və sair ittihamlarla şərləyiblər. Məsələn, Qubad İbadoğlunun tərəfdarlarının hamısı bu cür ittihamla üzləşmişdi. Sonradan o şəxslərin iqtidar komandasıyla hər hansı bir əlaqəsi üzə çıxmadı, məlum oldu ki, onlara, sadəcə, böhtan atılıb.
Bu qədər adama bir neçə dəqiqənin içində necə asanlıqla böhtan atmaq, iftira yağdırmaq olar? Ən pisi odur ki, söylənilənlərin puç və yalan olduğu ortaya çıxandan sonra belə, bu istiqamətdə davam edir, başqalarını da şərləyirlər.
Bu düşüncəylə, bu davranışla siyasətdə heç nə əldə etmək mümkün deyil. Belə edənlər kiçildikcə kiçilir, ətrafında bir kəs qalmır. Onların nəinki hakimiyyətə gəlmək, hətta siyasi mövcudluqlarını qorumaq şansı da sıfıra yaxınlaşır. Gün gəlir, belə şəxsləri hansısa bir tədbirə belə dəvət etmirlər ki, gəlib dava salacaq, intriqa yaradacaq.
Bir neçə gün öncəyə qədər hesab edirdim ki, bəlkə də ziyanın yarısından qayıtmaq olar. Ona görə də xoş məramla “Müsavat rəhbərliyi, müvəqqəti olsa da, iş başından çəkilməlidir” yazmışdım. Bir halda ki, bu fikir düşməncəsinə qarşılandı, ta necə məsləhətdir, elə etsinlər, necə deyərlər, suda boğulanın xilası öz əlindədir.