Ata Abdullayevin Milan sərgüzəştindən bir həftə öncə Bəxtiyar Hacıyevin Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətinə dair yazdığım məqalədə təxminən belə bir fikir yazmışdım ki, biz erməni liderləri hər yerdə təqib etməliyik, onları həmişə izahat verməyə məcbur qoymalıyıq.
Təbii ki, Atanın və o qəbildən olan şəxslərin hərəkətini nəzərdə tutmurdum. Bu işi səriştəli, savadlı, hazırcavab, bir neçə dildə rəvan və ifadəli danışan adamların görməli olduğu fikrindəydim.
Ancaq belə görünür ki, yox, mədəni səviyyəsindən, savadından, adamlığından asılı olmayaraq, hər birimiz əlimizə düşən fürsətlərdə həm erməni liderlərinə, həm də sıravi ermənilərə haqqımızı yediklərini, bu qovğanın hələ bitmədiyini, revanşın mütləq olacağının xatrlatmalıyıq – hər gün, hər saat, hər dəqiqə.
Qulaqlarının dibində hər gün yenidən savaşacaq bir düşmənin olduğunu bilmələri onların psixologiyasına mənfi təsir göstərir, onlara permanent stress yaşadır, Qarabağda əl-qollarını çırmayıb məskunlaşmalarına mane olur.
Zatən, büruzə verməməyə çalışsalar da, Aprel müharibəsindən sonra Ermənistan cəmiyyətində əvvəlki qələbə eyforiyası yoxdur, anlayırlar ki, hər dəqiqə şərq istiqamətindən hücum ola bilər və səngərdəki balaları qırıla bilər. Nə qədər faşist olsalar da, bu, müəyyən təbəqələri əhatə edir, əslində erməni əsgərlərin anaları öz balalarının taleyini “Böyük Ermənistan” ideyasının gerçəkləşməsindən üstün tuturlar.
Elə olmasaydı, cibində pulu və xaricdə “gəl” deyəni olan ermənilər vətəndə qalıb ölkənin qüdrətləndirərdilər, dünyanın 100-dən artıq ölkəsinə axışıb getməzdilər. Bircə statistik göstəriciyə diqqət edək: 30 il öncə biz 7 milyon idik, 3 milyon artıb 10 milyon olmuşuq, Ermənistanın əhalisi isə 3 milyon 200 min nəfər idi, azalıb 2 milyon 800 min olublar. Demək, “vətən”, “millət”, “dənizdən-dənizə Ermənistan” söhbətləri boş sözlərdir.
Bu ölkədə siyasətlə maraqlanan hər kəs Ata Abdullayevin son illərdəki bütün iştəklərini bilir – polislərə qoşulub aksiya iştirakçılarının həbsinə yardım göstərməsini, müxalifətin mitinqlərində insanları təxribata çəkməsini, məmurlara qarşı ağır sözlər danışan adamlara zəng edib, söyüş söyüb, videoya çəkib, sosial mediada yaymasını, “harda aş, orda baş” olmasını və sair və ilaxır.
Ancaq onun Milanda kilsəyə daxil olub Paşinyanla polemikaya girməsi çox da böyük faciə deyil. Guya o, Paşinyana sual verməsəydi, Paşinyan danışmağa söz tapmayacaqdı? Onlar hər dəqiqə, hər məclisdə bu cür danışırlar – həmişə haqsız, həmişə ədalətsiz.
Atanın dilə gətirdiyi “umalyayu” sözünə də çox taxılmamaq gərəkdir. Bu, gəncəlilərin bir cümlədə yeddi dəfə dedikləri “qadan alım” kimi bir şeydir. Rus dilində bu sözü milyarder oliqarx öz sürücüsünə də deyir, yəni çoxişlək və sözgəlişi deyilən bir sözdür, heç də dizləri yerə atıb yalvarmaq mənasını daşımır. O, gərək, bu sözü deməyəydi, amma deyibsə, ta keçib.
Əsas məsələ odur ki, baxaq, görək, ermənilər Atanın bu hərəkətini təqdir edirlərmi, bizim dediyimiz kimi, onun verdiyi ötürməni Paşinyanın qola çevirməsindən məmnun qalıblarmı?
Xeyr, belə bir şey yoxdur. Ermənilər bu gözlənilməz hərəkətdən pərt olublar, ona görə də Ata Abdullayevi ifşa edir, onun Azərbaycan polisi və hökumət adamları ilə əlaqəsini göstərən şəkillər yayırlar.
Ermənilər Abdullayevin bu hərəkətindən ona görə rəncidə olublar ki, artıq azərbaycanlıların Qarabağ məsələsindən əl çəkmədiklərini, Parisdə, Milanda, Almatıda, Moskvada, Nyu-Yorkda erməni liderlərin önünə çıxıb onları izahat verməyə məcbur qoyduqlarının fərqindədirlər. Onlar indiyə qədər elə düşünürdülər ki, Qarabağ söhbəti bağlanıb. Amma indi görürlər ki, yox, hara gedirlərsə, qarşılarına bir azərbaycanlı çıxır və dirəşir. Bu, onları çox əndişələndirir.
Ermənilər həm də ona görə narahat oldular ki, bir azərbaycanlının yüzlərlə erməninin toplaşdığı kilsəyə təkbaşına və cürətlə daxil olması faktıyla üzləşdilər. Onun yerinə bir kamikadze olsaydı, halları necə olardı – bir bunu da düşünək. Onlar düşünürlər.
Bu baxımdan Atanın Milanda göstərdiyi dəli cəsarəti alqışlanmağa layiqdir. İrəli-gerini, sonunu düşünən, mümkün variantları hesablayan heç bir ağıllı adam həyatını riskə atıb bu hərəkəti etməzdi. Çünki Paşinyanın mühafizəsi onu anındaca zərərsizləşdirə, hətta öldürüb, üstünə tapança qoya, dünya mediasında “azərbaycanlı terrorçu Paşinyana sui-qəsd edərkən zərərsizləşdirildi” deyə hay-küy qopara bilərdilər. Altından çıxa bilməzdik.
Təbii ki, belə gözlənilməz, riskli addımlar atmaq düzgün deyil, informasiya müharibəsini də, səngər savaşını da ağıllı aparmaq lazımdır.
Ancaq Ata Abdullayev ya öz təşəbbüsü ilə, ya da kiminsə tapşırığı ilə erməni baş nazirin qarşısına çıxıb onunla Qarabağ davası aparıbsa, heç də faciəvi akt törətməyib və bu hərəkətinə görə bu qədər söyülməyə layiq deyil. Onun qınaq hədəfi olası başqa hərəkətləri çoxdur.