Bakıda insanlara pul paylayan “Azpulmat” aparatları barəsində yazmışdıq.
“Yeni Müsavat” olaraq mövzunu ictimailəşdirdikdən sonra məsələ ilə bağlı rəsmi və qeyri-rəsmi çoxsaylı mövqelər yayıldı. “Azpulmat” aparatları ilə bağlı məsələnin gündəmə çevrildiyini nəzərə alaraq, mövzunu davam etdiririk.
Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev Report-a bildirib ki, göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanması “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənməlidir.
“Belə ki, “Fərdi məlumatlar haqqında” Qanunun (Qanun) 15.1-ci bəndinə əsasən fərdi məlumatların informasiya sistemləri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Həmçinin, “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 28 oktyabr 2008-ci il tarixli 7 nömrəli Fərmanına əsasən bu qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Qanunun 2.2-ci maddəsinə əsasən isə biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası müvafiq qanunla müəyyən edilir”, – Palatanın sözçüsü bildirib.
E. Allahverdiyev vurğulayıb ki, qeyd olunan sahələrin tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına bununla bağlı rəsmi müraciət edilib.
Mətbuatda yazılanlara görə, bu aparatlar “Azpul” MMC adlı şirkətə məxsusdur. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, ev 89, 3159-cu məhəllədə yerləşir. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Tural Gəray oğludur.
1981-ci ildə Gəncə şəhərində anadan olan Vəliyev Tural Gəncə Dövlət Universitetində təhsil alıb. 2005-ci ildən bank sektorunda fəaliyyət göstərib. Tural Vəliyev “Gəncə Bank” SKB, “Royal Bank of Baku” ASC-nin Gəncə filialı, həmçinin “Nikoil Bank”ın Gəncə filialında çalışıb. 2009-2014-cü illərdə “Nikoil Bank”ın Gəncə filialının müdiri olub. 2014-cü ildə Bankdakı vəzifəsindən çıxarılıb. Daha sonra “Nikoil Bank” ilə Tural Vəliyev arasında məhkəmə çəkişməsi olub. Tural Vəliyev “Azpul” MMC-ni təsis etməzdən əvvəl – 2017-2018-ci illərdə “Giləzi Quşçuluq” şirkətində mühasib işləyib.
“Yeni Müsavat”a danışan ekspert Əkrəm Həsənov məsələdə fərqli məqamların olduğunu dedi: “Kimsə bu vəsaitləri öz hesabına kredit verirsə, burada hansısa qanun pozuntusu yoxdur. Çünki qanuna görə, hər kəs öz pulunu kredit verə bilər. Əsas məsələ budur ki, başqasından bu pulu alıb, camaata verməsin. Belə olarsa, bu, qanunsuz bank fəaliyyəti olar. Bu fəaliyyəti isə yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının xüsusi lisenziyası ilə həyata keçirmək olar. Öz pulunu kredit verirsənsə və alanlar da qayıtmırsa bu, sənin öz itkindir. Ona görə qanun məsələyə qarışmır. Ancaq başqasından yığdığın pulu kredit verirsənsə və bu pul geri qayıtmırsa, sən onların pulunu batırmış olursan. Ona görə də banklara və bank olmayan kredit təşkilatlarına nəzarət var. Əgər bu lombarddırsa, Azərbaycanda bütün lombardlar qanunsuz fəaliyyət göstərir. Yəni öz pullarını kreditə çıxarmırlar. Lombardlara hələ ki, lisenziya verilməyib. Banklar və bank olmayan kredit təşkilatları belə aparatlar vasitəsilə kredit verə bilməzlər. Çünki bank qanunvericiliyinə əsasən, onlar müştərilərini mütləq tanımalı, onların maliyyə vəziyyətini qiymətləndirməli, aylıq və illik gəlirləri haqqında maliyyə sənədləri əldə etməlidirlər. Yalnız bundan sonra kredit verə bilərlər”.
Ekspert bildirdi ki, bu aparatdan borc götürən şəxslər də borcu qaytarmaq məsuliyyəti daşıyırlar: “Hər kəs hansısa borcuna görə yalnız öz əmlakı ilə cavabdehdir. Əmlakı, işi yoxdursa, əlbəttə ki, ona borc verən sabah məhkəməyə müraciət edib, işi uda da bilər. Ancaq məhkəmənin qərarı icrasız qalacaq. Doğrudur, Azərbaycanda bir çox hallarda icrasız qalmır. Bizim “şanlı” icra məmurları qanuna zidd olsa da ,borclunu həbs də edirlər. Düşünmürəm ki, 20 manata görə nəinki həbs, heç zərərçəkən şəxsin məhkəməyə müraciəti də ağlabatan deyil. Çünki təkcə iddia qaldırmaq üçün dövlət rüsumu bu məbləğdən çoxdur. Pulu götürənlər də sizin reportajınızdan da göründüyü kimi, borcu qaytarmaq niyyətində deyil. Bu baxımdan borcu verənin bunu hansı məqsədlə etdiyi başa düşülmür. Borcu götürən “qara siyahı”ya daxil edilə və ona kredit verilməyə bilər. Ancaq nə olsun? Bəlkə elə 1 milyon insan gəlib, 20 manat borclanıb gedəcək. Bu, 20 milyon manat pul edir. Bu aparatı qoyanın nə qədər pulu var ki, belə risk edir? Bunu Azərbaycanda 10 il öncə etmək olardı. Hansı ki, insanların çoxunun gəliri yaxşı idi və kimsə “qara siyahı”ya düşmək istəmirdi. İndi isə vəziyyət başqadır. Əhalidə son zamanlar “borc alım, qaytarmayım” psixologiyası güclənib. Özü də əksər hallarda lazım olmayan halda borclanırlar. Məsələn, borc götürüb, telefon alırlar. Bu da anlaşılan deyil. İnsanlarımızda bu cür borclanma həm də məsuliyyətsizlik hissini yaradır və genişləndirir”.