“Sarsaqlığı hətta darıxdığın üçün də eləmə”

(“Burada üfüqlər sakitdir” filmindən, 1972)

Riyaziyyatçı alim, köhnə oxucu-dostum İsmixan Yusubov zəng vurub, deyir yazında yanlış gedibdir. Bundan qabaqkı yazıda işıq dirəklərini basdırmaq temasında belə cümlə işlətmişdim: “Biri üfüqi yanaşma tələb edir, o biri horizontal”. Yəni ikisi də eyni şeydir. Əslində mən vertikal və horizontal, yaxud şaquli və üfüqi yazmaq istəmişdim, tələsdiyimdən belə texniki yanlış olub. Dəyərli dostuma diqqətinə görə təşəkkür edib fikrə getdim.

Fikirləşdim ki, ey dadi-bidad, guya bizdə horizontalla vertikalın çoxmu fərqi vardır? Azərbaycan istiqamətlərin çaşbaş salındığı bir ərazidir. Burada aşağı yuxarıda, yuxarı aşağıda ola bilər. Solçu özünü sağçı, millətçi liberal aparar. İslamçılar kommunistlərlə ittifaq bağlamışdı, yadımızdadır. QHT hökumətdən yardım alır, jurnalist tənqid eləməli olduğu obyektdən. Anarxist dövlətçiliyə dəstək verməyə səsləyər, heç çaşmarıq. O üzdən, yazıdakı səhvə düzəliş vermirəm. Qoy elə də qalsın. İsmixan müəllim uzun illər Türkiyədə universitetdə riyaziyyat dərsi keçib, o üzdən elə bilir bizdə iki dəfə iki dördə bərabərdir. Biz bunun bərabər olmağını çoxdan unutmuşuq, “müdirə nə qədər lazımdırsa, o qədər edir” nöqtəsinə gəlmişik.

Donquldanmaq bəsdir, real faktı yazım. Elina Hacıyevanın ölümündən sonra məktəblərimizdə guya psixoloji işə diqqət artıbdır. Bu saat xəbər lentinə ötəri göz at, onlarla “Məktəbdə psixoloji hazırlıq, məişət zorakılığı, bullinq mövzusunda seminar oldu” başlığı görərsən. Ancaq məktəbin istilik sistemi işləmirsə, uşaqlar dərsdə yorğana bürünüb oturursa, bunlar nədən dəm vurur? Konkret ünvanı da yazıram: Binəqədi rayonu, 297 saylı məktəb. Məktəb rəhbərliyi deyir apreldən şikayət eləmədiyimiz orqan qalmayıb, lakin kimsə gəlib istilik sistemini, qazanxananı düzəltmir. Bakı Şəhər Təhsil İdarəsi, “Azəristilik”, “Azəriqaz”, Təhsil Nazirliyi, Binəqədi İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti, Vladimir Putin və Donald Tramp (son ikisini güman edərək yazdım, bəlkə də hələ onların xəbəri yoxdur) – bunlar məktəb rəhbərliyinin üz tutduğu əlaqədar orqanların qısa siyahısıdır, lakin problemi həll eləyən yoxdur. Əvəzində bu saat məktəbdə bələdiyyə seçkisinə hazırlıq şıdırğı getməkdədir. Müəllimlər əlləri dona-dona bülleteni qutuya necə basacaqlar? Heç olmasa bunu düşünün.

Eyni zamanda müəllimlər və valideynlər bilməlidir ki, bu gün dərdimizi deməyə yer tapa bilmiriksə onun səbəbi elə özümüzün elədiyimiz o saxtakarlıqlardır. Zəhmət çək, öz hakimiyyətini formalaşdır, o da sənin uşağına isti otaqda dərs keçilməsini təşkil eləsin. Yoxsa mırıldanmaq elə özümüzə qalacaqdır. Oradan yamayacaqsan, buradan söküləcək. Avtoritarizm tək əl deməkdir, tək əldən isə səs çıxmır. Uzağı tək əllə çırtıq çalmaq olur, biz də hazırda ellikcə çırtıq çalırıq. Çal oynasın Əjdər əmi. Hellayı çal. Uşağa 15 dərəcə temperaturlu otaqda dərs keçirlər, özü də məişət zorakılığına son qoymaqdan danışırlar. Azyaşlını soyuqda saxlamaq elə zorakılığın bir növüdür, biləsiniz.

Dünən hansısa tədbirdə ombudsman Elmira xanım da məişət zorakılığından danışıb. Deyib, valideynlərin boşanması uşaqların zorakılıqla üzləşmə risklərini artırır. Hirslərini uşaqlara tökürmüşlər. Güman edirəm, 297 saylı məktəbin istilikxanası da hansısa idarələr arasında boşanma nəticəsində xarab olubdur. Bakı Şəhər Təhsil İdarəsi “Azəristilik”i yad idarə ilə tutub, ayrılmaq qərarı veriblər.

Yaxşı yadıma düşdü, bu aralar Elmira xanımın istefa ərizəsi yazdığı xəbəri yayılmışdı. Sonra dedilər, yox, ombudsman istefa verməyib, onun mətbuat xidməti işdən çıxarılıbdır. Bah-bah… Əlaqə ona görə itibmiş, jurnalistlər də səhv yazıblar. Ombudsmanın mətbuat xidməti olduqca vacib peşədir. Qazanxana ocaqçısı, Təhsil Nazirliyi qaynar xəttinin operatoru (görəsən, o xəttin istisini məktəbə çəkmək olarmı), köşə yazarı, icra hakimi, bələdiyyə sədri və sairə peşələr qədər önəmlidir. Qarşımızda geniş üfüqlər açılmaqdadır.

Vertikalımız qalmayıb, müəllim, nəyimiz varsa horizontaldır. Üzrlü sayın.

Загрузка...