2019-un sonunda ənənəvi “İlin nominantları” yazısını hazırlayası olsam, “İlin ən səmimİ adamı” nominantında müğənni Səməd Səmədovu qalib elan edəcəyəm.
Əslində o, bəzi “Oskar” mükafatçıları kimi birdən-birə 3-4 nominasiyanın qalibi ola bilər. Məsələn: “İlin ən tənqidə dözümlü adamı”; “İlin ən qaşınan adamı” və s.
Buna səbəb Səməd Səmədovun özünün verdiyi açıqlamadır. O deyib: “Ötən gün verilişlərin birində Əli Mirəliyevlə birlikdə idim. Ona dedim ki, Əli, bu nə məsələdir? Çoxdandır dalımca danışmırsan, tənqid-təhqir etmirsən, toylarım azalıb”.
Əli Mirəliyev müğənni həmkarına nə deyib, tarix bu barədə susur. Ola bilər, dərhal ağır söz deyib, çünki sənətkarda tormoz şlanqı bərbaddır, dilini hələm-hələm saxlamır.
Ancaq bu açıqlaması onu göstərir ki, Səməd müəllim artıq Çörçill və Angela Merkel qədər səbirli, tənqidə dözümlü biri olub, daha söyülməkdən, təhqir olunmaqdan qorxmur, hətta bu durumlardan özünə fayda çıxarmağı bacarır.
Gözəl örnəkdir. Keşkə, bir çox başqaları da belə ola biləydi. Bizdə tam əksinədir. Peşmansan, bir siyasət adamını yüngülvari tənqid edəsən, dərhal trollar tökülüşürlər adamın üstünə, hər şey yazırlar, adamı nəinki “iqtidara işləyən”, hətta “Mossad şpionu” belə çıxarırlar.
Hələ “casus”, “agent” nədir ki. Elə sözlər yazırlar ki, dalına düşən olsa, hərəsinin altında bir vedrə qan var.
Amma az-az elə adamlar da var ki, daha Səməd müəllim kimi tənqid-təhqir olunmaqdan qorxmurlar. Bəzən hətta bir-iki həftə adları çəkilməyəndə, söyülməyəndə Səmədov kimi darıxırlar, özlərini formadan düşmüş hesab edirlər, düşünürlər ki, deyəsən, onları adam saymırlar, sözlərinə fikir vermirlər.
Bir də var, nəsə ortalığa bomba düşən söz deyəsən və minlərlə sosial şəbəkə bloqqeri döşənə həmin mövzunun üstünə. Var elə adamlar, nə desələr, gündəm olur. Hətta onlar bir az artıq susanda da diqqət mərkəzinə düşürlər, mütləq kimsə yazır ki, axırıncı dəfə dediklərinin üstündə filankəsi aparıb çırpıblar və deyiblər, dilini qoy qarnına, bir daha danışma. Bəzən isə belə xəbər çıxır: “Filankəsə aparatdan zəng edib, təpiniblər ki, çox danışma, danışdıqca, quşlayırsan”.
Amma çox vaxt bu kimi fikirlər bir günün içində əsaslı şəkildə təkzib olunur: adı “susdurulmuş” kimi çıxan adam danışır və öz üzərinə yeni bir söyüş-təhqir dalğası çəkir.
Söyülmək hesabına yenidən deputat olmaq istəyənlər var. Bunu bizə bir etibarsız mənbə deyib. Onun sözlərinə görə, sinəsini irəli verib müxalifətçilərlə, ağır danışan bloqqerlərə cəngə girənlər etibarlı və sadiq adamlar hesab olunur. Onların haqqında rəy belə olur ki, bizə belələri də lazımdır, hamı eyzən mədəni, qalstuklu, abırlı olsa, bəs opponentlərin qabağına kim çıxacaq.
Hərçənd, oxumuş adamların sözü olmasın, bu trend aktuallığını itirmiş ola bilər. Kim bilir, bəlkə heç gələn ilki seçkilərdə “qladiator”lara ayrılan mandat sayı ötən dəfəki seçkilərdə ayrıldığından daha az olacaq? Belədirsə, özünü el-aləmin ağzıyava gədələrinə söydürməyin nə mənası var?
Biləndar adamlar da deyirlər ki, hər şeyin bir vaxtı, həddi var. Gələn il fərqli olacaq. Əlbəttə, gələn ilin nə qədər fərqli olduğunu gələndə, bir də çıxıb gedəndə biləcəyik, indidən dəqiq bir söz demək mümkün deyil.
Orası da var ki, şair demişkən, “min illərdir Araz belə, Həkəri belə” axır, amma bizim bəzi xasiyyətimiz düzəlmir. Artıq hamımız vəzifə, mandat, mənsəb, rütbə almağın yollarına dair elmi iş yazacaq qədər təcrübəliyik. Sınanmış üsullar var. Onlardan biri də sinəni qabağa verərək, Roma papasından artıq katolik olmağı sübut etmək, özünü hədəfə çıxarıb söydürməkdir. “Dövlətçilik uğrunda” canını, ad-sanını fəda etməyən şəxs var-dövlət yiyəsi olmaz.
Ona görə də gələn il qəzet və saytlarda görsəniz ki, birinə qarşı tənqid-təhqir kampaniyası gedir, dərhal hesab etməyin ki, müəllimin üzərinə total hücum var, böyük ehtimalla o, bunu özü təşkil edib ki, necə bir cəfakeş olduğunu göstərsin və qıraqda qalmasın.
Təbii ki, rus demişkən, “çujoy paxmel” gedib söyülənlər də olacaq, amma o da bu işin fitrətində var.