Şəhərin işıqları

“Qaranlığı söyməkdənsə bir şam yandır”

(İcra hakimiyyətindən Konfutsi müəllim)

Paytaxtımızda “Baki şəhər işıqları” adlı bir idarənin olduğunu bilirdinizmi? Mən şəxsən bilmirdim, təsadüfən qarşıma lövhəsi çıxmasa, yəqin heç zaman da xəbərim olmazdı. Bu lövhəyə isə inanılmaz ərazidə rastlaşmışdım. Biləcəridə, dəmiryolçuların istirahət parkı adlı sovetdən qalma bağ var. Sonradan bu bağı nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar müəllim və başqa məsul şəxslər (adlarını çəkmirəmsə yəqin hörmətli oxucu hələ bu şəxslərin vəzifədə qaldığını anlayır – çıxaranda dişimizin dibindən gələni yazarıq, gücümüz buna çatır) öz aralarında bölüşdürüb restoranlar açdılar. Bağın içində böyük, iki qatlı inzibati bina da var idi və orada qabaqlar rəsm dərnəyi, pioner düşərgəsi, uşaqlar, məktəblilər üçün müxtəlif kurslar yerləşərmiş. İndi seçki məntəqəsi, polis otağı və həmin bu romantik adı daşıyan işıq idarəsi o binanı zəbt etmişdir. Görəsən, “Bakı şəhər işıqları” idarəsini belə ucqarda gizlətmək kimin ağlına gəlibdir? Afərin, ağıllı adamdır. Niyəsi az sonra.

Bugünlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əmr verdi, həmin o işıq idarəsinin müdiri Təyyar müəllimi işdən çıxartdı, o da təyyarəyə minib istirahətə getdi. Yəqin ki, hələ yayda prezidentin idarədən elədiyi narazılıq təsirini göstəribdir. Sitat: “Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”. Dövlət başçısının iyuldakı müşavirəsindən çıxarışdır.

Həmin vaxt modern.az saytının əməkdaşı Gülşən Raufqızı bu məsələ ilə bağlı çox maraqlı sorğu-sual aparmışdı. Məncə, həmin kiçik jurnalist araşdırması Azərbaycanda dövlət idarəçilik sisteminin modelini tam ifşa edən bir sənəd sayılmaq haqqına malikdir. O qədər əla yazılmışdı, hələ də yadımdan çıxmır, baxmayaraq avqustda olubdur. Demək, jurnalist öncə respublika işıq idarəsinə – “Azərişıq”a zəng vurub soruşmuşdu ki, əziz yoldaşlar, nə üçün küçələr qaranlıqdır. İdarənin sözçüsü Tanrıverdi müəllim transformatoru sinəsinə basıb söyləmişdi ki, bəs, bizim borcumuz elektronları Bakı şəhər işıq idarəsinə qədər aparıb təhvil verməkdir, ondan sonrasına biz baxmırıq. Haqlı deyilmi? Əlbəttə, haqlıdır. Müxbir eləmə tənbəllik, bu dəfə Təyyar müəllimi tapmışdı – bayaq adını çəkdiyim keçmiş müdiri. Təyyar müəllim söyləmişdi: “Biz küçəyə işıq veririk, lakin gərək dirək olsun. Dirəyi isə yol idarəsi basdırır. Dirək olmasa biz işığı haradan salaq?” Bu da düz deyirdi, dirəksiz işıq çəksən camaatı tok vurar. Jurnalist bu dəfə üz tutmuşdu Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinə. Yəni kəsə yolla getsən ADAYA. Ya da bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yazsan, olur AAYDA. Hansı sizə xoş gəlir, onu oxuyun. Rəsmi şəkli ikincisidir. Yol idarəsinin mətbuat katibi Anar müəllim də asfaltdeşən dreli kökləyib aldı görək nə demişdi: “Biz yolu çəkirik, ancaq onun işıq dirəyini basdırmaq ərazidəki icra hakimiyyətinin işidir”. Yəqin o da düz deyirdi, yol çəkməklə dirək basdırmaq ayrı peşələrdir. Biri üfüqi yanaşma tələb edir, o biri horizontal.

Dairənin qapandığını gördünüzmü? Həmin momentdə jurnalist, deyəsən, artıq yorulub dayanmışdı, ancaq istəsə davam etdirib rayon icra hakimlərindən də soruşa bilərdi, onlar da deyərdilər ki, biz işıq dirəyi basdırarıq, problem yoxdur, lakin gərək Mədəniyyət Nazirliyi həmin işıqların milli mədəniyyətimizə düzgün işıq salacağına zəmanət versin. Şübhəsiz, mədəniyyətdən “Bizlik problem yoxdur, ancaq Səhiyyə Nazirliyi həmin işıqların zəhmətkeşlərimizin gözünü kor etməyəcəyinə təminat verirmi?” cavabı alınacaqdı. Səhiyyə ASAN-dan arayış, ora Kənd Təsərrüfatı Nazirliyindən sənəd (“bəlkə işıqlar meyvələrin tozlanması zamanı arıları yolundan azdırır?”), daha sonra Müdafiə Nazirliyindən və DTX-dən işıq dirəklərinin dövlətçiliyimizə təhlükə törətmədiyi haqda lisenziya və sairə alınması lazım olacaqdı.

Bundansa ən yaxşısı qaranlıqda yaşamaq deyilmi? Necə ki uca millətimiz yaşayır.

Загрузка...