Sabiq baş nazir Novruz Məmmədovun Azərbaycan Dillər Universitetində elmi məsələlər üzrə prorektor vəzifəsinə təyin edilməsi o qədər gözlənilməz hadisə sayılmaz.
Novruz müəllim bu universitetdə 25 il müəllim işləyib, Prezident Administrasiyasında məsul vəzifəyə oradan gedib, sonra şansı gətirib, baş nazir olub.
Elə insanlara da qəribə gələn odur və sosial mediada belə yazırlar ki, o boyda (ölkənin üç böyük vəzifəsindən biri) vəzifədən sonra onlarla universitetdən birinin rektoru da yox, prorektoru olmaq kəskin enişdir.
Ancaq yox, bir müəllimin öz doğma universitetinin rəhbərlərindən biri olması, haradan baxsan, nə enişdir, nə yüksəlişdir, adamın öz layiqli yerində olması deməkdir.
Əslində Novruz müəllimin baş nazir təyin olunması gözlənilməz idi. Sadəcə, məsləhət belə olmuşdusa, iqtidar komandasının nüfuzlu üzvlərinin belə deyəcəyi bir söz yox idi. Onun özünün də etiraz etməsi mümkün deyildi.
Ancaq belə oldu ki, Novruz müəllimə qarşı yol verilmiş “tarixi ədalətsizlik” il yarımdan sonra aradan qaldırıldı və o, Prezident Administrasiyasındakı əvvəlki postunu (xarici siyasət məsələləri üzrə dövlət müşaviri) gənc birinə buraxmış olduğundan əski peşəsinə qayıtdı.
Təbii ki, burada faciə düzəldiləsi bir şey yoxdur. Hələ ona diqqət edilməlidir ki, müəllim sinninin bu vaxtında özündə pedaqoji sferada işləmək üçün güc və enerji hiss edir.
Bu cür enişli-yoxuşlu karyera ilə üzləşən təkcə Novruz Məmmədov olmayıb. Sovet dövründə də çox böyük vəzifələr tutmuş şəxslərin sonradan çox-çox aşağı vəzifələrə keçirildiyi halları olub.
Belə böyük vəzifəli adamlar karyeralarının sonundakı postlarında ürəklərində narazı olsalar da, bəzən yaxın dostlarının yanında narazılıqlarını ifadə etsələr də, hər halda, şükür də ediblər ki, nə yaxşı Stalinin dövründə gözdən düşmədilər, yoxsa onlara heç kiçik vəzifə də verməzdilər, güllələyərdilər.
Böyük vəzifə adamlarının 3-cü, 5-ci dərəcəli vəzifələrə keçirilməsi halları Stalinin dövründə çox az, Xruşovun vaxtında çox, Brejnevin və digərlərinin dönəmində isə daha yayğın olub.
Məsələn, SSRİ-nin faşist Almaniyası üzərindəki qələbəsinin əsas memarlarından biri olan müzəffər marşal Georgi Jukov müharibədən sonra haqqı olan müdafiə naziri postuna təyin edilmək əvəzinə, Odessaya, hərbi dairə komandanı vəzifəsinə göndərilib, sonra Sibirə “sürgün” edilib – təxminən eyni aşağı vəzifəyə.
Stalinin ölümündən sonra qısa müddət SSRİ-nin faktiki rəhbəri olmuş Georgi Malenkov 1957-ci ildə Siyasi Büro üzvlüyündən, MK üzvlüyündən çıxarılıb, əvvəlcə Ust-Kamenoqorskdakı elektrik stansiyasına, daha sonra Ekibastuz istilik elektrik stansiyasına direktor vəzifəsinə göndərilib. Müqayisə edin: SSRİ rəhbəri postu hara, ölkənin minlərlə rayonundan birində, həm də çox ucqarında fəaliyyət göstərən müəssisədə direktor olmaq hara?
Xruşovun vaxtında Sov İKP. MK-nın Siyasi Bürosunun üzvü olan, müdafiə naziri, baş nazirin birinci müavini, baş nazir kimi yüksək postlar tutan Nikolay Bulqanin vəzifədən götürüldükdən sonra qısa müddət dövlət bankının sədri olsa da, sonradan Stavropol xalq təsərrüfatı idarəsinin sədri vəzifəsinə göndərilib.
Hələ Stalinin vaxtında SSRİ-nin xarici işlər naziri, daha sonra baş nazir vəzifəsini tutan Vyaçeslav Molotov Xruşova qarşı məxməri qiyam qaldırdıqdan sonra, 1957-ci ildə Monqolustana səfir göndərilib.
1935-50-ci illər arasında SSRİ-nin baş prokuroru, baş nazirin müavini, xarici işlər naziri kimi yüksək vəzifələr tutan Andrey Vışinski sonradan sovet dövlətinin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub.
Bir sözlə, bu cür adamlar yüzlərlə, minlərlədir. Heç kəs bir yüksək vəzifəni tutub dura bilmir. Hər kəsin karyerasında yüksəliş və eniş dönəmləri olur.
Ona görə də dünənə qədər nazir, baş nazir vəzifəsi tutan adamların bu gün hansısa elmi instituta və ya universitetə rəhbər, hətta sıravi müəllim vəzifəsinə qayıtması qəbahət deyil.
Əlbəttə, onlar bu qədər uzun müddət boyunca işləməkdən əl çəkərək, təqaüdə, istirahətə getsələr, özləri üçün daha yaxşı olardı. Amma ta nə etmək olar? Onlar həyatlarının mənasını işləməkdə görürlər.
Əsas məsələ böyük vəzifədən həbsxana kameralarına getməməkdir və adam arasına çıxa bilməkdir.