Media camiəsindən, ictimai-siyasi fəallar şəbəkəsindən bir balaca uzaq olan dost-tanış hərdən xeyirdə-şərdə adamdan soruşur: “O trol-trol deyirlər e, o nə deməkdir?”

Adam hər saat doğru-dürüst izahat verə bilmir. Çünki qəliz söhbətdir. İncəliklər var. Bir dəfə biri dedi ki, ən çox da jurnalistlərə trol deyirlər… Dedim, bəli, elədir. Başqa biri predmetə obrazlı şərh verdi: “Keçmiş zamanlarda qoçular küçə-meydanlarda trolluq edərdilər, indiki virtual meydanların qoçuları da yazı-pozu bilən adamlardır”.

Əvvəllər hamımıza bizə də elə gəlirdi ki, trolluq edənlər, yəni kimisə sosial şəbəkələrdə heç nə üstündə qaralayan, yerdən-yerə vuran, başqa birini tərifləyib göyə qaldıran şəxslər bunu ürəklərinin hökmüylə, necə deyərlər, vicdanlarının səsinə qulaq asaraq edirlər. Son dönəmlər məlum olur ki, yox, bu ödənişli, pul-paralı işdir. Bu işə görə əkə-bükə jurnalistlərdən artıq maaş alanlar var.

Onlardan başqa bir şey tələb olunmur, sadəcə, hər gün öyülməli və söyülməli adamların siyahısını tərtib edirlər (ya özləri, ya da trolbaşılar), bunlar da kompüter qabağında oturub döşəyirlər – kimə necə lazımdır.

Deyilənə görə, trolluğunu mobil telefonla həyata keçirənlər də var. Amma bu, effektsiz olar. Çünki bəzən bir şəxs haqqında və ya hansısa mövzuya dair yekə bir məqalə yazmaq lazım gəlir, onu telefonda yazmaq çətindir. Bu baxımdan telefon cəmi yeddi güllə tutan tapançadırsa, kompüter lentli “Maksim” pulemyotudur, arxasına keçdinmi, qabağındakını dəlik-deşik edirsən.

Əslində trolluq institutu sovet dövründə də vardı. Sadəcə, o vaxt onların işi virtual aləmdə deyildi, real dünyada idi. Məsələn, kolxozda sədr seçkisi keçiriləndə köhnə sədr öncədən öz əshabələrini çağırır, təlimatlandırırdı ki, tutalım, ümumi yığıncaqda partkomun sədrliyə namizədliyi olsa, yerbəyerdən tökülüşün üstünə, deyin ki, neçə ildir partkomsan, sosializm quruculuğu üçün nə etmisən, kommunist ideallarının həyata keçirilməsi üçün üzərinə düşən vəzifənin öhdəsindən gəlmisənmi, indi nə haqla bu boyda elə rəhbərlik etmək istəyirsən və sair və ilaxır.

Təbii ki, partkom da dinc durmurdu, o da öz yaxınlarını yığıb təlimatlandırırdı ki, məqamı gələndə köhnə sədrin üstünə cumsunlar, desinlər, gəlmişdin də, gördük, el-obaya nə gün ağladın, sənin vaxtında camaat acından ölür, yeməyə jımıx da tapmır, qohumların kolxozu dağıdır, sənin kimiləri hərbi tribunala vermək lazımdır və s.

Beləcə, kolxozun ümumi yığıncağında trollar bir-birini qırırdılar. Ancaq trolların boğuşması özlərinə qalırdı, son söz, əlbəttə ki, rayon partiya komitəsindən gəlmiş nümayəndənin olurdu. Əgər köhnə sədrin qələmi raykomda qırılıbsa, partkom yeni sədr olurdu, yox, köhnə sədri etimadı doğruldubsa və böyüklərin cibini, eləcə də “Villis”lərinin baqajını vaxtında və lazımınca doldurubsa, öz yerində qalırdı. Sonra iclasda dalaşan trollar bir neçə il kənddə küsülü gəzirdilər, bir-birinin xeyir işinə getmirdilər, qız alıb-vermirdilər. Məğlub tərəfin trollarından anbardar, briqadir, cuvar kimi vəzifələrdən çıxarılanlar da, təbii ki, olurdu.

Müasir trolların köhnələrdən bir fərqi var ki, indikilər az-az hallarda üz-üzə gəlirlər və dalaşmırlar. Sözü çəpləşən köhnələr isə hərdən iclasda, çayxanada tutaşırdılar, ən azı qabaq-qabağa durub söyüşürdülər. İndikilərin söyüşməsi də virtual aləmdə olur.

Yox, sovet dövrünün trolları da idealist deyildilər, özlərini sosializm quruculuğuna töhfə vermək üçün həlak etmirdilər, öz dolanışıqlarını fikirləşirdilər.

Trolizm cərəyanının əsas leytmotivi də məhz budur – dolanışıq, güzəran. Gecə-gündüz oturub öz yanından tənqid (və ya tərif) yazana heç nə vermirlər, amma sifarişli tənqidi (və ya tərifi) məqsədyönlü şəkildə yazanda verirlər.

20 il öncə biz də (iqtidar və müxalifətçi yazarlar) tənqid-tərif üslubunda yazılar yazırdıq, o zaman onlar bizə “partiya mirzəsi” deyirdilər, biz də onlara “iqtidar mirzəsi”.

Razılaşaq ki, “mirzə” ünvanı “trol”dan yaxşıdır. Ən azı beş-altı böyük ədbimiz “Mirzə” ünvanı daşıyıb. Trollar isə hələlik söyüş və pul qazanırlar. Hər halda, bu da iş yeridir, qoy olsun…

Загрузка...