Məmur zümrəsi Moldovada necədirsə, Monqolustanda da elədir. Biz də kənarda qalmırıq. Bizim məmurlar da parlayıb dünyanın gözünü qamaşdırmır.
Ancaq dünyanın bir çox yerlərində məmurların korrupsiyaya qurşanmasının qarşısını almaqdan ötrü, eləcə də məmur bürokratiyasını aradan qaldırmaq üçün müxtəlif tədbirlər görürlər.
Məsələn, bugünlərdə Monqolustanda vətəndaşlara korrupsiyaya qarşı mübarizəni izləməyə imkan verən yeni axtarış sistemi təqdim edilib. Sistemdə aktivlər haqqında bəyannamələr, dövlət qeydiyyatı, lisenziyalar, tenderlər və seçkilər də daxil olmaqla geniş məlumatlar mövcuddur. Bu, vətəndaşlara dövlət məmurlarının pulları necə xərclədiyini izləmək və nəzarət etmək imkanı verəcək.
Yəni Yumjagiyn xolbooutnud (yəni qardaş) oturacaq kompüterinin arxasında, at südündən hazırlanmış arakdan vura-vura, Çaybolsan oymağının (rayon) İH başçısının pulları necə xərclədiyini, ictimai işlərə nə qədər adam cəlb etdiyini, onların maaş kartlarını alıb cibinə qoyub-qoymadığını biləcək. Əgər əyinti-pozuntu görsə (bizə baxmayın, monqollar susan deyillər), hirslənib atına minəcək və şikayətə gedəcək.
Bizdə Allaha şükür, ciddi korrupsiya adət-ənənəsi olmadığından (ona qalsa, bütün ölkələrdə korrupsiya var), biz bu gün bürokratiyadan danışaq.
Bizdəki bürokratiyanın dünyada analoqu olmamış olmaz, çünki bizim günümüzdə olanlar çoxdur, amma bizim milli bürokratiyamız da zırıltıdır.
O gün bizə Yeni Ramanı qəsəbəsindən bir şikayət gəlmişdi. Elə də dəhşətli bir şey deyildi, sadəcə, qəsəbənin bir qırağında yolun kənarındakı zibil qablarını aparıb 30-40 metr aralıda meşə zolağının içinə qoyublar və yağış yağanda heç kim palçığa girərək zibilini aparıb qablara atmır, yolun kənarına qoyub gedir. Gecələr isə sahibsiz itlər azuqə tapmaq ümidi ilə həmin zibil torbalarını deşib-dağıdır, məişət tullantılarını yerlə bir edir, yola dağıdırlar. Nəticədə üfunət, antisanitariya baş qaldırır, üstəlik, qəsəbənin estetik görünüşünə xələl gəlir.
Əlbəttə, estetik görünüş məsələsi sakinlərin qulağına da deyil, amma üfunət burun-boğaz sistemini məhv edir.
Camaatın hökumətdən tələbi budur ki, zibil qabları köhnə yerinə qaytarılsan, bizdən də xahiş edirlər ki, bu barədə yazaq ki, bürokratiya söhbət olmasın.
Gənc əməkdaşımız bu işə can-başla girişdi, Suraxanı rayon İcra Hakimiyyətinin müvafiq idarəsinə, 427-90-08-ə zəng etdi. Ordan ona dedilər ki, 427-93-02-yə zəng eləsin. Əməkdaşımız onu da etdi. O nömrədən də 427-91-64-ə zəng etməyi məsləhət gördülər. Daha sonra 05.. 223-08-09 nömrəsinə zəng etmək lazım gəldi. Oradan 428-61-47-yə, daha sonra 428-60-13-ə zəng etmək vacib oldu.
Axırda məlum oldu ki, onlar yolun sağ tərəfinə baxırlar, zibil qabları isə yolun solunda olduğundan Sabunçu rayonunun müvafiq idarələrinə zəng vurmaq gərəkdir. Beləcə, bu onun, o bunun üstünə göndərdi.
Əməkdaşımız dirəşdi, axtardı, tapdı, götürüb 425 -37-23 nömrəsinə zəng vurdu. Ordan da dedilər ki, o, əslində 425-20-57-yə zəng etməlidir.
Xülasə, gənc həmkarımız 11 ayrı-ayrı nömrəyə zəng edəndən sonra zibil qabları üçün cavabdehlik daşıyan vəzifəli şəxsi tapdı. Onun da cavabı belə oldu ki, bu asan iş deyil, nümayəndiləyə məlumat verilməlidir, qərar qəbul olunmalıdır, akt, protokol (anlaşma, saziş, memorandum, pakt və sair) tərtib olunmalıdır, yalnız ondan sonra zibil qabları köhnə yerinə qaytarıla bilər.
Bəlkə də bu yazı dərc olunanda o zibil qabları köhnə yerinə qaytarılmış olacaq, bilmirəm. Bəlkə də olmayacaq və sahibsiz itlər məsuliyyətsizlik etməkdə, məişət tullantıları yola dağıtmaqda davam edəcəklər.
Əsas məsələ bu deyil, odur ki, ən adi bir məsələni həll etmək üçün 11 nömrəyə zəng etmək lazım gəlir (bəziləri də deyir, araşdırma jurnalistikası zəifdir).
Amma monqollar… bax, bizim hər zaman bəyəndiyimiz o monqollar bu qədər bürokrat deyillər, məmurlar öz işlərini vaxtında və məsuliyətlə icra edirlər.
Sən Çimediynin və ya Dendviynin qudamjında (küçəsində) zibili daşımaya bilərsən? Vallahi, biabırçılıq olar…
Hətta dünən monqol qardaşlar təzə qanun qəbul ediblər, qadınlara 5 saniyədən çox baxmaq olmaz, sataşmaq sayılır və cəzası var.
Keşkə, biz də monqol olaydıq…