Rusiyanın Stavropol diyarında Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarından birinin vəziyyəti ağır olaraq qalır.

Bu barədə APA-nın Rusiya bürosuna qəzada yaralanan və hazırda Stavropol şəhər xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan Babaşah Həşimovun qardaşı, Rostov şəhərində yaşayan Ayətşah Həşimov məlumat verib. O, qardaşının noyabrın 6-da əməliyyat olunduğunu söyləyib: “Qardaşımın vəziyyəti ağır olaraq qalır”.

A.Həşimov avtomobil qəzasının təfərrüatları barədə də danışıb. Onun sözlərinə görə, “Ford” markalı mikroavtobus Quba rayonundan Rostov şəhəri istiqamətində müntəzəm marşrut fəaliyyəti göstərirmiş: “Qardaşımgil ailəsi və qohum-əqrəba Rostova toya gəlmişdilər. Toydan geri qayıdanda Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində qəzaya uğrayıb. İlkin olaraq yoldan keçən avtomobildə olanlar qəzaya düşənlərə yardım ediblər. Onları əzilmiş avtomobildən çıxarıblar. Bütün bunlar təcili tibbi yardım maşını və FHN gələnə qədər olub”.

A.Həşimov qəzadan sonra yaralılardan birinin əl çantasının itdiyini də bildirib: “İtən çantada qızıl-zinət əşyaları, bir miqdar pul və ən əsası da pasport və şəxsiyyət vəsiqəsi olub. Bu barədə polisə müraciət etsək də, hələlik heç bir nəticəsi yoxdur. İndi pasportu itən şəxsin Rusiya-Azərbaycan sərhədini keçməsi mümkün deyil. Bunun üçün gərək Azərbaycanın Rusiyadakı səfirliyindən sərhədi keçmək üçün pasportun itirilməsi haqqında müvəqqəti arayış alınsın”.

Qeyd edək ki, noyabrın 4-də axşam saatlarında Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Qəza nəticəsində 8 Azərbaycan vətəndaşı xəsarət alıb.

Загрузка...