Bakıda gecənin qaranlığında avtomobildə yol gedə-gedə erməni musiqisi səsləndirən, bu “şücaəti” ilə qürur duyan, üstəlik, bunu sonradan sosial mediada paylaşaraq millətimizi aşağılamağa çalışan, hüquq-mühafizə orqanlarına “meydan oxumaq” istəyən şəxsin həbs edilməsi xəbəri, həmişə olduğu kimi, yenə də birmənalı qarşılanmayıb.
Bəziləri deyir ki, bu, ermənilərin işinə yarayan, təbliğatda onların dilini uzun edəcək hadisədir, belədir, filandır.
Sanki bu hadisə olmasaydı, ermənilər bizə qarşı təbliğat aparmağa, düşmənçilik etməyə bir şey tapmayacaqdılar. Bu, aldanışdır. Biz bəzən hansısa addımımızın “dünya ictimaiyyəti tərəfindən mənfi qarşılanacağı” amilinə həddən ziyadə önəm veririk, qorxuruq, özümüzü böyük paytaxtların xoşuna gələsi tərzdə aparmağa çalışırıq. Amma belə şeylər erməniləri vecinə də deyil.
Onlar dünya birliyinin nə deyəcəyinə, nə fikirləşəcəyinə məhəl qoymurlar. Elə olsaydı, müstəqil dövlətin 7 rayonunu işğal etmələrinin “xəcalətini çəkər”, bunun dünya birliyinin xoşuna gəlməyəcəyindən, BMT-nin qətnamələrindən narahat olar, işğalçılıq, ilhaqçılıq siyasətinə son qoyardılar.
Lap “dünya birliyi” o tərəfdə qarnını cırsın, ermənilərə dəxli yoxdur, onlar bildiklərini dədələrinə də verməyəcək, tutduqlarını elə-belə, asanlıqla buraxmayacaqlar. Onlar belədirlər, İranla dostluqlarının ABŞ-a xoş gəlməyəcəyini, Qərblə cilvələşmələrindən Rusiyanın narazı qalacağını gözə almırlar.
Ona görə də “Bakıda erməni musiqisi oxudanların həbs edilməsinin faşizmə dəlalət edəcəyi” məsələsini ürəyimizə salmayaq.
Guya 1941-45-ci ildə Moskvada (və ya Çukotkada, Zəngilanda, Arxangelskdə, Kuşkada) alman musiqisi oxutmaq, irişə-irişə maşın sürmək mümkün idi? Adamın nəslini kəsərdilər.
Bəs həmin vaxt Berlində, Düsseldorfda, Nürnberqdə rus musiqisi səsləndirənləri həbs etməzdilər? İlim-ilim itirərdilər.
Bəli, müharibə zamanı nə SSRİ-də alman musiqisi səsləndirmək mümkün idi, nə də Almaniyada rus musiqisi oxutmaq. Çünki bu dövlətlər düşmən idilər, vuruşurdular və düşmənlər arasında da qanlı-qadalı müharibə getdiyi vaxtda incəsənətə yer yoxdur.
Biz də ermənilərlə düşmənik, müharibə aparırıq. Yalançı atəşkəs rejiminə-filana fikir verməyin, hər gün təmas xəttində müharibə gedir, atəşkəs rejimi 25-100 dəfə pozulur, günaşırı hər iki tərəfdən ölənlər, yaralananlar olur.
Bütün dünya bilir ki, Ermənistan və Azərbaycan dövlətləri bir-birilə düşməndir, eləcə də erməni və türk xalqları. Burada gizlədiləsi bir şey yoxdur, “yox, əslində elədir, belədir” deyə diplomatik boşboğazlığa başlamaq əbəsdir.
Gəlib Bakıda lotuluq edən, bu kimi hərəkətlərlə millətə, dövlətə meydan oxuyan şəxslərin cəzalandırılması labüddür. Bu, sıradan bir cahillik aktı deyil. Burada bir mesaj da var: qorxmayın, bunlar əfəl camaatdır, bax, biz gəlib bunların paytaxtında şellənirik, siz də gəlin, əllərindən bir şey gələn deyil.
Bu hərəkət Bakıda təxribat törətmək istəyən dairələr üçün sınaq səciyyəlidir. Bu, bir test də ola bilər: gəlmək, paytaxta sızmaq, yolu-rizi bəlirləmək, ictimaiyyətin və dövlətin sayıqlığını yoxlamaq, boşluqları təsbit etmək və s.
Vaxtilə erməni terrorçuları Bakı metrosunda, avtobuslarda ard-arda dəhşətli terror aktları törətməyiblərmi? Belə hadisələr azı 5 dəfə olub, yüzlərlə dinc, mülki həmvətənimiz bu terror aktlarında həlak olublar.
Ona görə də biz bu kimi olaylara barmaqarası baxa, etinasız yanaşa bilmərik.
Bu, təhlükənin siqnalıdır və o cür siqnallara vaxtında reaksiya verməliyik. İsraildə belə situasiyalarda daha sərt tədbirlər görürlər, ABŞ-da, İngiltərədə ictimai yerdə adicə hətta ucadan “Allahu əkbər” deyənin qanı gedir.
Demək, “dünya birliyi”nin, superdövlətlərin, eləcə də beynəlxalq təşkilatların bəlli situasiyalar üçün nə deyəcəyi, nə fikirləşəcəyi o qədər də önəmli deyil, əsas odur ki, düşmən asanlıqla paytaxtımıza sızmasın, hansısa təxribat hazırlıqları aparmasın, əhalimizin başı salamat olsun.
Əgər həmin şəxs (erməni musiqisi oxudan) milliyətcə azərbaycanlıdırsa və ya metisdirsə, daha pis. Bu hərəkəti edən şəxs xarici kəşfiyyat orqanlarının potensial obyektidir və onu casus olmaqdan çəkindirəcək heç bir amil yoxdur.