Müsavat başqanı Arif Hacılı dəyirmi masaya dəvət etdiyi 8 nəfərin 5-dən müsbət cavab alıb.
İlkin informasiyaya görə, hələlik yerdə qalan üç dəvətlidən heç biri dəyirmi masada iştirakdan imtina etməyib. Onların “hə”-“yox” cavabı bu həftə bilinəcək.
Təəssüf ki, Müsavat başqanı müxalifətin birliyi mövzusunda keçirilməsi nəzərdə tutulan toplantıda iştirakla bağlı razılıq verənlərin adlarını açıqlamayıb. Ad çəksəydi, hələ fikirləşənlərin də kim olduğu bilinərdi.
Amma bəzi təxminlər irəli sürmək olar.
Müsavat başqanı dəyirmi masaya Milli Şuranın sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini, ReAl sədri İlqar Məmmədovu, Xalq Partiyasının sədri Pənah Hüseyni, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbəri, sabiq səhiyyə naziri Əli İnsanovu, jurnalist Mehman Əliyevi, politoloq Hikmət Hacızadəni dəvət edib.
Ehtimala görə, dəyirmi masada iştiraka razılıq verən 5 siyasət adamı aşağıdakılardır: İsa Qəmbər, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə və İlqar Məmmədov.
Bu halda toplantıda iştirakla bağlı fikirləşməkdə olanlar Əli İnsanov, Cəmil Həsənli, Əli Kərimlidir.
Başqa bir gümana görə, Əli İnsanov da toplantıda iştiraka meyllidir. Amma eyni fikri Cəmil Həsənli və Əli Kərimli haqqında demək olmaz.
Bu təklifin onların ürəyincə olmadığı aşkardır. Hətta onlar daha sonradan dəyirmi masada iştiraka razılıq versələr də, bunu ictimai rəydə qınağa tuş gəlməmək, müxalifətin birliyinə qarşı olmaqda suçlanmamaq üçün edəcəklər.
Bu sayaq “ağırtaxtalı mövqe”nin obyektiv və subyektiv səbəbləri var.
19 oktyabr aksiyasından sonra ictimai rəydə ön plana çıxmış Əli Kərimli hazırda özünü heç vaxt olmadığı qədər güclü sayır və Azərbaycan müxalifətinin şəriksiz lideri olduğuna inanır.
Onun bu cür fikirləşməyə əsası var. 19 oktyabr mitinqində döyülməkdən, təhqir olunmaqdan qorxmayaraq meydana çıxması ona xal qazandırdı, üstəlik, başından xəsarət alması onu əlavə olaraq “cəfakeş mübariz” obrazında tanıtdı.
Xatırlayın, Fuad Qəhrəmanlı məsələsində sosial şəbəkələrdə Əli Kərimli və AXCP barədə nələr yazırdılar, 19 oktyabrdan sonra nələr yazmağa başladılar. Son 30 ildə Əli Kərimlini heç vaxt sevməyən, lider kimi qəbul etməyən, hətta həmişə qınayan fəallar belə onun başına gələnlərə biganə qalmamışdılar.
Bu, təbii ki, AXCP sədrində öz ictimai nüfuzuna əminlik yaradıb, hesab edir ki, artıq “könülləri fəth edib” və indi bu uğuru başqalarıyla bölüşmək lazım deyil.
Bu, eyforik ovqatdır. Bir həftəyə keçməliydi və həm Əli Kərimli, həm də Cəmil Həsənli acı həqiqətin üzünə dik baxmalıydılar.
Arif Hacılının müxalifətin birliyinə dair təklifinə cavabı ləngitmələri göstərir ki, bu saat onlar təxminən belə fikirləşirlər ki, müxalifət bizik, kim mübarizə aparmaq istəyirsə, gəlib bizimlə birləşməlidir, kütləvi aksiyalarımıza qatılmalıdır, başqa söhbət ola bilməz.
Ancaq ölkədəki ictimai-siyasi durum heç də bu cür düşüncələrə qapılmağa əsas vermir. Azərbaycan müxalifətinin bundan 10 dəfə güclü, mütəşəkkil vaxtları olub, amma bəlli səbəblərdən heç bir uğur əldə etmək mümkün olmayıb.
İndi 200 adamla şəhərin mərkəzində səs-küy salmaq, bunun ictimai rəydəki əks-sədasına qulaq verərək fantaziyaya dalmaq əbəsdir.
Fəqət, bu bir reallıqdır ki, müxalifət düşərgəsində kimin adı qulağına dəyirsə, digər müxalifət partiyalarını hesabdan silir, onların arasında “gerçək müxalifət”-“psevdomüxalifət”, yaxud da “güclü müxalifət”-“bir sədr, bir qovluqdan ibarət müxalifət” ayrı-seçkiliyi qoyur. Hələ uzun illərdir peşəkar və sosial mediada aparılan “yeganə müxalifət bizik” piarı da var.
Belə olanda, özünü başqalarından təcrid edəndə bir gün ortalıqda tək qalırsan və başqaları yalnız hadisə yerinə təsəlli verməyə gəlir.