Şantaja məruz qalan, xərac verən məmurun vəfatı

Dünən səhər bir nəfər redaksiyamıza zəng vuraraq Ələkbər Heydərovun vəfat etdiyini xəbər verdi. Hər kim idisə, mərhumun yaxınlarından, keçmiş iş yoldaşlarından idi. Adam bu barədə xəbər yazılmasını istəyirdi.

Düzü, ilk səslənişdə Ələkbər Heydərov adı bizə heç nə demədi. Amma zəng vuran adam (olduqca mədəni bir şəxs idi) onun Xəzər rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini vəzifəsində işlədiyini deyəndə yadımıza bəzi şeylər düşdü.

Bəli, bu, o adam idi – İH başçısının birinci müavini olanda MTN-ə dəvət edilən, orada şantaja məruz qoyulan, 300 min pulu əlindən alınan məmur.

Mərhum Heydərov o vəzifədə 12 il işləyib. Adı odioz məmur kimi hallanmayıb. Ancaq ləğv olunmuş MTN-də hesab ediblər ki, adamda babat pul-para birikmiş ola bilər.

İndi bəlkə çoxları tərəfindən unudulmuş olsa da, 4-5 il öncə bir gün çılpaqlığı ilə ortaya çıxdı ki, MTN-də generallardan və polkovniklərdən ibarət mafioz qrup fəaliyyət göstərirmiş və onlar varlı adamları girov götürməklə, iş adamlarına, gəlirli vəzifələrin sahiblərinə aylıq xərac qoymaqla məşğul olurmuşlar.

Bu dəstənin əlindən zərər çəkənlərin arasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov vardı. Dəstə üzvləri Əhmədovdan 3 milyon manat xərac almışdılar (hələ də qaytarmayıblar).

Təbii ki, bu işdə zərərçəkənlərin çoxu geniş ictimaiyyətə tanış olmayan adamlar idi. Ələkbər Heydərov kimi.

Məsələ belə olub. 2011-ci ildə onu – Ələkbər Heydərovu MTN-nin Antiterror Mərkəzinə çağırıblar.

General-mayor Elçin Quliyevin rəislik etdiyi mərkəzdə onu idarə rəisinin müavini İlqar Əliyev qəbul edib. İlqar Əliyev Heydərova bildirib ki, onun buraya çağırılmasından nazir Eldar Mahmudovun xəbəri var, ona məruzə olunub. Mərkəzdə İH başçısının I müavininə saxta sərəncam verməklə torpaq sahələri satdığını bildiriblər. Heydərov etiraz edib, bu məsələyə aidiyyətinin olmadığını deyib.

Amma sovet NKVD-sinin amansız zabitlərinin müasir xələfləri əllərinə düşən “şikar”dan asanlıqla əl çəkməyiblər, ona cavan oğlu olduğunu deyib, siqaret çəkib-çəkmədiyi, silahı olub-olmadığıyla maraqlanıblar və axırda deyiblər ki, oğlunun maşınından silah və yaxud narkotik vasitə çıxa bilər. Adama işarə veriblər ki, özündən çox oğlunu nəzərə alsın.

İH başçısının müavini qərara alıb ki, əgər bu işdən, onun MTN-ə dəvət edilməsindən nazir Mahmudovun xəbəri varsa, demək, çabalamağın xeyri yoxdur, razılaşmaq lazım gələcək. İlqar Əliyev ona əli ilə 5 rəqəmini göstərib. Bu, “500 min manat” demək imiş.

Sonradan Ə.Heydərov bu barədə mediaya açıqlama verərək deyib: “Həmin məbləği düzəldə bilməyəcəyimi, imkanımın olmadığını dedim. İlqar Əliyev mənə hörmət etdiyini dedi, kağız parçasına 300 min manat yazdı, yekun rəqəm olduğunu, həmin pulu növbəti gün gətirməyimi istədi. Söhbət zamanı İlqar həmin pulun ona çatmadığını, pulun böyük hissəsinin nazir və idarə rəisinə veriləcəyini, ona az miqdarda pul qalacağını bildirdi. Bir gün ərzində həmin məbləği də düzəldə bilməyəcəyimi söylədim. Ondan mənə vaxt verməsini xahiş etdim. İlqar Əliyev pulu bir həftə sonra gətirməyimi istədi, bu barədə heç kəsə məlumat verməməyi tapşırdı. Mən də İlqarla razılaşdıqdan sonra oradan çıxdım”.

Olayın bundan sonrası klassik ssenari üzrə gedib. Mərhum Heydərov öz dediyinə görə, həmin pulu tanışlarından borc alaraq düzəldib və bir həftə sonra İlqar Əliyevə verib.

Bəs o, məruz qaldığı şantaj barədə daha yüksək instansiyalara məlumat verə bilməzdimi? Əlbəttə, edə bilərdi. Ancaq məsələdə nazir Mahmudovun adı çəkildiyindən Ələkbər müəllim oğlunun azadlığı ilə bağlı riskə getmək istəməyib.

İndi bu şəxs rəhmətə gedib. Onun sonradan onkoloji xəstəlik tapmasında başına gələn oyunların hər hansı bir rolu olubmu, olmayıbmı, artıq bunun heç bir mənası yoxdur.

Ən pisi odur ki, Heydərovdan və başqalarından 300 min, yarım milyon, 1,5 milyon, 3 milyon və sair məbləğlərdə xərac toplayan İlqar Əliyev də artıq həyatda yoxdur. O, həbs olunduqdan sonra təcridxanada özünü asaraq intihar edib. Hər halda onun barəsində belə bir xəbər yayıldı və bunu eşidənlər xeyli təəccübləndilər ki, 3-4 il yatıb çıxacaqdı, topladığı milyonların bir yarısı özünə qalacaqdı, bu niyə özünü öldürsün ki?

Mahmudov isə sağ-salamatdır, azadlıqdadır, sorağı gündə bir yerdən gəlir, amma harada olduğu bilinmir.

Загрузка...