Səninləyik, Türkiyəmiz!

Bəzi məqamlarda adam elə düşünür ki, əsrlər, qərinələr ötsə də, dünya heç dəyişməyib. Ələlxüsus da Türkə münasibətdə… Ötən əsrin əvvəllərində Osmanlı Türkiyəsi ətrafında baş verənləri, türkə xəyanət edən “maşa” erməninin bu günədək müdafiə olunmasını bir kənara qoyaq.

Cəmi 30 il öncə Türkiyənin mərhum prezidenti Turqut Özal deyirdi ki, İraqdan qaçqın düşən 36 min kürdə məhz Türkiyə sahib çıxıb. Qərbə “heç olmazsa yarısını siz qəbul edin”, təklif ediblər, cavab gəlməyib. Ardınca İngiltərənin türklərə viza tətbiqini tənqid edib mərhum prezident.

Üstündən on illər keçib. Bu gün yenə də qonşularından didərgin düşən insanlara qucaq açan Türkiyədir, Qərb yox! Özü də indi qaçqınların sayı on minlərlə ölçülmür, Türkiyə illərdir köksündə 4 milyondan artıq qaçqını bəsləyir, onları yedirir-içirir, yataqla, imkanı çatan qədər işlə təmin edir, hətta uşaqlarına bağçalar, məktəblər ayırıb. Milyardlarını sərf edir bu işə…

Amma Qərb nə edir? Onlar nəinki müharibənin od-alovundan xilas olmaq istəyən insanları qəbul etməkdən boyun qaçırır, hətta bu missiyanı təkbaşına (!) öz üzərinə götürən Türkiyəni çökdürmək üçün çeşidli oyunlar qurur. Namərdcəsinə! Əks təqdirdə, PKK, YPG, PYD kimi terror təşkilatlarını “yemləməyin”, onları müasir silahlarla təmin etməyin, terrorçulara təlim keçməyin başqa adı varmı?!

Budur, Ankara bütün riskləri göz önünə alıb Suriya ərazisində antiterror əməliyyatlarına başlayıb. Ancaq bu əməliyyatdan narahat olan təkcə terrorçular deyil, həm də dünya gücləridir. Necə olur? onlar koalisiya şəklində terrora qarşı mübarizə aparanda haqlı olur, lakin Türkiyə bu təkbaşına bu missiyanı üzərinə götürəndə haqsız? Deməli, “ikili standartlar” var.

Necə ki, Azərbaycan ərazilərinin işğalda qalmasına on illərdir biganədirlər, işğalçı Ermənistana sanksiya tətbiq etmək əvəzinə, Azərbaycanı təhdid edirlər. Azərbaycan 1992-ci ildə uğurlu hərbi əməliyyatlar keçirdi. O zaman ABŞ Konqresi “907-ci düzəliş” adlı faktiki olaraq Azərbaycana sanksiya tətbiq etdi, silah satışını yasaqladı.

Bu gün də Türkiyənin “Barış Pınarı” hərəkatı səbəbindən Almaniya Türkiyəyə silah satışını dayandıracağını bəyan edib. 2018-ci ildə Türkiyəyə 243 milyon avro dəyərində silah ixrac edərək qazanan Almaniya bu gün terrorçuları xilas üçün hətta mənfəətindən keçməyə hazırdır, təsəvvür edirsinizmi?! Təkcə Almaniya yox. İspaniya öz “Patriot”larını geri çəkəcəyini bəyanlayıb, Fransa isə artıq Ankaraya silah ixracatını müvəqqəti dayandırıb. Beləcə, ABŞ-ın ardınca qardaş ölkəni təhdid edən ölkələr bunlardır: Almaniya, Finlandiya, Niderland, Norveç, İspaniya. Dolayısı ilə terror yuvalarını qorumağa xidmət edən mövqedir. Türkiyə ona yönəlik təhdidlərə birdəfəlik son qoymaq istəyir. Türkiyə barış istəyir. Özü də təkcə yurdda deyil, həm də cahanda!

Lakin dünya bunu qəbul etmir! Çünki onların məqsədi, niyyəti Osmanlının yadigarı Türkiyəni param-parça etməkdir. Əks təqdirdə heç olmasa, terrorun hədəf alması nəticəsində Mardində 8 dinc sakinin həlak olması, 35 nəfərin yaralanması faktına reaksiya verərdilər. Ancaq bunun əvəzində Türkiyəyə qarşı sanksiya qərarlarına start veriblər. Heç olmasa qaçqın köçünün qarşısında dayandığına görə Türkiyəyə minnətdar olmalıydılar…

Belə bir durum terrorçu təşkilatlara təbii olaraq stimul verir. Budur, Suriya ərazisində fəaliyyət göstərən və ermənilərdən təşkil olunan “Nubar Ozanyan” adlı terror qruplaşması Türkiyəyə qarşı savaş elan edib. Saxta “erməni soyqırımı” iddiasının müəllifləri, onların dəstəkçiləri bir əsr əvvəlki kimi, iş başındadırlar.

Bu, ağır və şərəfli günlərdə Azərbaycandan Türkiyəyə verilən hər bir dəstək təqdirolunandır. Minlərlə azərbaycanlı Türk sevdalıların qardaş ölkəyə yardıma getmək istəyi həm də ədalətsiz dünyaya mesajdır. Çanaqqalada, Bakıda, Gəncədə, Qarabağda birgə şəhidlər verən Türkiyə və Azərbaycan bir əsr sonra yenə də bir yerdədir. Sadə insanlarından tutmuş, prezidentlərinədək! Bu, bir qardaşlıq nümunəsidir!

Günün birində bir millət, iki dövlətin vahid ordusu Qarabağı növbəti dəfə yağıdan təmizləyəcək, əmin olun! Necə ki, 101 il əvvəl Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu oktyabrın elə bur günlərində Şuşanı ermənilərdən təmizləmişdi. Şərəfli tarixi təkrarlamağa ehtiyac var… Azərbaycanın və Türkiyənin dostları da, düşmənləri də eynidir. Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin olmadığı yerdə Azərbaycan var, bunu prezidentlər bəyan edib. İnşallah, mehmetcik qələbə ilə evə dönəcək!

Səninləyik, Türkiyəmiz!

Загрузка...