Biz gərək Paşinyanın qədrini bilək. Düzdür, onun qədrini necə bilək, bilib nə qayıraq hissəsi heç özümə də aydın deyil, amma bir şeyi dəqiqi bilirəm ki, bu adam hakimiyyətə gələli atdığı addımlar, elədiyi hərəkətlər, verdiyi açıqlamalar bizə sərfəlidir.
Bir şey ki, adam bizə güllə atan, soyqırım aktı tərədən Köçəryanı tutdurub qoydurub içəri, Qarabağ üzrə danışıqlarda gəvəzə-gəvəzə zəvsəyən, bir millimetr güzəştə getməyən Sərkisyanı başıqapazlı eləyib, ta nə olsun?
Bizim onlara gücümüz, daha dəqiqi, əlimiz çatmırdı, amma paron Paşinyan onları o günə qoydu, bir növ “qurban olum şura hökumətinə, müsəlmanların heyfini Nikolayda qoymadı” hadisəsi baş verdi.
Bir bunlar deyil, adam dövləti idarə etməyə başlayandan bəri qatıldığı sammitlərdə, görüşlərdə özünü və təmsil etdiyi dövləti biabır edə-edə gedir. Gah sözünü kəsirlər, gah aşağılayıcı replikalar atırlar, çıxış edir, söz alıb “neprav” çıxarırlar, ikilikdə görüş təklifini rədd edirlər və sair və ilaxır. Türmə kamerasına yeni gələn, tualetin yanında yer göstərilən “şestyorka” günündədir adam.
Ona görə də məndən olsa, onu bu tezlikdə devirməzlər, hələ bir-iki il də qalıb işləyər. O, hakimiyyətdən getsə, yerinə canavarın biri gələcək.
Düzdür, Paşinyan arada bizi əsəbiləşdirən hərəkətlər də edir, məsələn, gəlib Şuşada yallı gedir, öz aləmində bizə acıq verir, amma biz gərək təmkinli olaq, anlayaq ki, o, bunu əsasən Qarabağ ermənilərinin könlünü xoş etmək üçün edir, bilir ki, əvvəl-axır Qarabağ erməniləri ona silah qaldıracaqlar.
Açığı, MDB-yə daxil olan dövlət başçıları orda-burda görüşəndə mən onu həyəcanla izləyirəm, deyirəm, görüm, bu dəfə nə quşlayacaq. Adamı umsuq eləmir. Hər dəfə nəsə bir qələt qırır. Xruşov kimi adamdır.
Niyə Xruşov kimi? Zamanında Nikita Xruşov da belə olub, özünü həmişə ipə-sapa yatmaz, kəndalı, “sadə rus mujiki” kimi aparıb.
O gün mediada Xruşovun İngiltərəyə səfərindən yazmışdılar, aləm şey idi. Heç demə, Xruşov Şotlandiyanın Edinburq şəhərində olanda möhtəşəm qəsrlərin birində onun şərəfinə dəbdəbəli ziyafət veriblər. Minnətdarlıq etmək üçün söz Sergeyeviçə veriləndə, adam əvvəlcədən hazırlanmış mətni oxumaq əvəzinə bədahatən çıxışa başlayıb. Yoldaş baş katib babat da vurubmuş, götürüb “çürüməkdə olan kapitalizm”dən, “dünya imperialzminin tarixin zibilliyinə gömüləcəyi”ndən danışıb, ABŞ-ı, İngiltərəni ifşa edib, Qərbi yıxıb-sürüyüb. Xoşbəxtlikdən, zalda ruslardan başqa rus dilini bilən yoxmuş. Yazıq tərcüməçi pis durumda qalıb: Xruşovun dediklərini olduğu kimi çevirsə də qandır, çevirməsə də. Axırda o, öz bildiyi kimi, əvvəlcədən hazırlanmış mətni ingiliscə səsləndirib və Xruşovun ifşaedici çıxışı zalda yığışanların gurultulu alqışları ilə qarşılanıb. Bəs necə? Axı o, əməkdaşlıqdan, dostluqdan danışır. Nikita Sergeyeviç bir az da mat qalıb ki, bunlar nəyə çapan çalır, atalarını yandırmışdım axı. İki saatdan sonra baş katib tərcüməçinin yanına gəlib, bayaq nə qatıqladığını soruşub, biləndə ki, o, onun dediklərini ingilislərə olduğunu kimi tərcümə etməyib, hazır mətni oxuyub, çox məmnun qalıb, tərcüməçini qucaqlayıb öpüb.
O potensialdan Paşinyanda da var. O da nəsə bir çıxış edir, sonra peşman olur, istəyir, dəbbələsin, alınmır.
Son 30 ildə ermənilərin Paşinyandan “yaxşı” liderləri olmayıb. O birilən hamısı bəla idi – ağıllı, hiyləgər, savadlı, güzəşt bilməyən, amansız, korrupsioner, düşmən kimi düşmən. Amma bu dəmdəməkidir, bambılıdır, çılğındır, populistdir, savad və ağıl sarıdan dili gədəkdir. İntəhası, Paşinyan da ermənidir və məşhur politoloqumuz demişkən, Ermənistan dövlətinin maraqlarını müdafiə edir (O məsələ belə olmuşdu, Paşinyan hakimiyyətə gələndə tanınmış politoloqdan soruşmuşdular ki, Paşinyan Moskvaya işləyəcək, yoxsa Qərbə, o da demişdi ki, Ermənistan dövlətinə işləyəcək, onun maraqlarını müdafiə edəcək – yazığı bu haqq sözə görə hoydu-hoyduya götürdülər).
Dediyim odur ki, biz gərək öz rusdilli mətbuatımızda onu “vurmayaq”, hətta tərifləyək ki, beləcə davam eləsin. Ermənistanı daldan-dala qoyandan sonra ağa durur, ağacan durur.