Xruşov Edinburqda “quşlayıb”, tərcüməçi onu və sovet dövlətini rüsvayçılıqdan xilas edib

1956-cı ilin aprelində sovet dövlətinin rəhbərləri Nikita Xruşov və Nikolay Bulqanin birlikdə İngiltərəyə səfər ediblər. Rəsmi səfərə iki nəfərin getməsi o üzdən olub ki, o zaman Kremldə bir növ ikiliderlilik hökm sürüb. Xruşov ölkənin birinci şəxsi olsa da, tam və qəti hakimiyyətə malik olmayıb, Kremldə onun sözünün qabağından söz deyənlər olub.

Xruşov Edinburqda “quşlayıb”, tərcüməçi onu və sovet dövlətini rüsvayçılıqdan xilas edib

Sovet liderləri Böyük Britaniyaya o dövrün hərbi-dəniz donanmasının ən müasir gəmisi olan “Orconikidze” kreyserində gəliblər. Bu hadisə 1956-cı il aprel ayının 18-də baş verib.

Həmin səfərdə sovet liderlərini müşayiət edən kiçik qrupda yer alan məşhur sovet politoloqu və jurnalisti Valentin Zorin sonradan bu səfərlə bağlı xatirələrini yazıb.

Xruşovla Bulqaninin İngiltərə səfərində olduqca maraqlı və qeyri-adi hadisələr baş verib.

Xruşov Edinburqda “quşlayıb”, tərcüməçi onu və sovet dövlətini rüsvayçılıqdan xilas edib

Sovet öllkəsindən gələn ali qonaqları Böyük Britaniyanın əfsanəvi lideri, o zamanlar artıq istefada olan Uinston Çörçillin kadrı, müharibə dövründə onun “sağ əli” olmuş, sonradan baş nazir seçilmiş Antoni İden qarşılayıb və qonaqların şərəfinə bəlağətli nitq söyləyib.

Bu səfər İngiltərə və SSRİ arasındakı buzların əriməsi baxımından əhəmiyyətli olub. Məsələ ondadır ki, bu ziyarətdən 10 il öncə, 1946-cı ildə Uinston Çörçill tarixə “Fulton nitqi” kimi düşmüş bir çıxış edib və orada SSRİ ilə “soyuq müharibə” aparmağın, sovet dövləti ilə Qərb dövlətlərinin arasında “dəmir pərdə” çəkməyin zəruri olduğuna dair ideya verib. Bu isə rus-ingilis münasibətlərini soyudub. Ancaq Xruşov və Bulqanin İngiltərə limanına gələndə Çörçil mətbuata açıqlama verərək deyib ki, bu səfər ölkələr arasında münasibətlərə müsbət təsir göstərə bilər.

Zorin yazır: “Sovet rəhbərlərinin səfəri öz axarıyla davam edirdi: qəbullar, nitqlər, əklillərin qoyulması, danışıqlar, bir sözlə, bu kimi durumlarda nə lazımsa, hamısı olurdu. Xruşov da, Bulqanin də adətkərdə olmadıqları çətinliklər və rahatsızlıqlarla toqquşurdular. Xarici qonaqların Bukinhem sarayındakı rəsmi qəbullara qatılması zaman frak geymələri zəruri olsa da, sovet liderləri bununla razılamamaq qərarına gəlmişdilər. Kraliça ilə görüşə onlar ciddi qara kostyumlarda gəldilər. Ətrinin iyi bir kilometrdən gələn Bulqanin pis-yaxşı baxımlı və şıq görünürdü. Nikita Sergeyeviç adət etmədiyi geyimdə özünü narahat hiss edirdi. O, yaxşı təlim edilmiş xidmətçilərin köməyi olmadan, önünə qoyulmuş çoxsaylı badələrin, çəngəl-bıçağın təyinatından baş çıxara bilmirdi. Kraliça qəbullarının daimi iştirakçısı olan təkəbbürlü əshabələri gülməkdən tərifli ingilis təmkinliliyi güclə saxlayırdı. İntəhası, Nikita Sergeyeviç bu durumdan zərrəcə sıxılmırdı. Könlüncə olmayan kübar adamların arasına düşən sadə rus kəndlisi rolunu məharətlə və açıq-aşkar oynayır, dilli-dilavər şəkildə danışıqlar aparırdı”.

Daha sonra başda Xruşov olmala sovet ölkəsindən gələn qonaqlar Şotlandiyaya gediblər.

Xruşov Edinburqda “quşlayıb”, tərcüməçi onu və sovet dövlətini rüsvayçılıqdan xilas edib

Edinburqda bir qəsrdə SSRİ rəhbərlərinin şərəfinə verilən dəbdəbəli ziyafətdə Nikita Sergeyeviç, indiki terminlərlə desək, xeyli “quşlayıb”. Masaya qəhvə gələndə Xruşov protokola görə ev sahiblərinə minnətdarlıq etməliymiş. Köməkçiləri SSRİ rəhbərinin edəcəyi çıxışın mətnini söz-söz seçərək öncədən hazırlayıblarmış. Dövlət rəhbərlərinin bu sayaq çıxışları o zamanlar “müqəddəs mətnlər” hesab edilirmiş. Çıxış yazılmış kağız Xruşovun cibində olub, amma o, babat “vurduğuna” görə çıxışının mətnini cibindən çıxarmağı unudub və söz ona veriləndə məclisi yola verməyi qərara alıb.

Xruşov Edinburqda “quşlayıb”, tərcüməçi onu və sovet dövlətini rüsvayçılıqdan xilas edib

Zorin yazır: “Xruşov stulundan qalxdı və çıxışa başladı. Fəqət şərab xumarında olduğu üçün o, cibindəki mətni götürməyi unutdu və improvizə etməyə girişdi. O, görünür, kimlərin qarşısında olduğunu unutmuşdu, adət etdiyi kimi, “sizi göməcəyik” stilində danışmağa, dünya imperialzmini və onun əlaltılarını ifşa etməyə başlamışdı.

İmprovizasiyanın birinci passajı dilə gətirildi, bitfi. Əzablı pauza hökm sürürdü. Tərcüməçi Troyanovski Xruşovun sözlərini tərcümə etməliydi, amma o, susurdu. Görürdüm ki, onun rəngi qaçıb, alnında tər damcıları süzülür. Pauza uzanırdı, Xruşov tərcüməçinin böyrünə dürtmə vurdu: “Çevir”.

Oleq Andreyeviç tərcümə etməyə başladı. Ancaq o, Xruşovun indicə dediyi sözləri yox, rəsmi mətndəki cümlələri ingilscə deyirdi. Xruşov çıxışını davam etdirdi. Troyanovski də həmin ruhda “tərcümə etdi”. Xruşovun Troyanovski tərəfindən “tərcümə olunan” nitqi, əməkdaşlığın bərqərar olunmasına çağırışı, çıxışdan məmnun qalan iştirakçıların açıq-aşkar rəğbətini qazandı. Müəyyən cümlələr zalın alqışlarıyla qarşılanırdı, qəzəbə dolmuş Xruşov isə iştirakçılara münasibətdə öz ifşaedici çıxışının bu cür xoş məramla, demək olar ki, riqqətlə qarşılanması arasında əlaqə qura bilmirdi.

Mən dinc-dinməz oturmuşdum və beynimi bir fikir deşirdi ki, birdən zalda rus dilini bilən heç olmasa bircə nəfər olar və o, Xruşovun dediklərinin düzgün tərcümə olunmadığına dair replika artar. Xoşbəxtlikdən, zalda elə bir adam tapılmadı. Nikita Sergeyeviç öz temperamentli çıxışını bitirdi və iştirakçıların gurultulu alqışları altında zalı tərk etdi”.

Xruşov Edinburqda “quşlayıb”, tərcüməçi onu və sovet dövlətini rüsvayçılıqdan xilas edib

Söhbət bununla bitməyib. Xruşov zaldan çıxan kimi köməkçilər onun qoluna giriblər və istirahət otağına aparıblar. Valentin Zorin tərcüməçi Oleq Troyanovski ilə bir arada qalıb və intizarla məsələnin mabədinin necə olacağını gözləməyə başlayıblar. Stalin repressiyası geridə qalsa da, yenə tərcüməçinin etdiyi hərəkət zarafat iş deyilmiş və Kolıma həbsə göndərilməklə bitə bilərmiş. Bəs necə, tərcüməçi texniki işçidir, o kimdir ki, dövlət başçısının çıxışını özü bildiyi kimi çevirməyə cürət edir?

Beləcə, Troyanovski günahkar qismində, Zorin isə baş verən hadisənin şahidi olaraq, üzücü intizar içində iki saat gözləyiblər.

Xruşov bir az yatıb-dincələndən sonra onların oturduğu otağa gəlib və bir qədər utana-utana soruşub:

– Deyəsən, mən nəsə lazım olmayan şeylər danışmışam, eləmi?

– Bəli, Nikita Sergeyeviç, siz hazırlanmış mətndən kənara çıxdınız, – Troyanovski cavab verib.

– Burcutmayın, mən onlara nə demişəmsə, dəqiqliyi ilə mənə deyin, – Xruşov qəzəblənib.

Tərcüməçi məcbur olub, hər şeyi olduğu kimi danışıb.

– Sən, bütün bunları onlara tərcümə etdin? – Xruşov Troyanovskidən soruşub.

– Nikita Sergeyeviç, mən təsdiq olunmuş mətn üzrə getdim, -Troyanovski qısıq səslə deyib.

– Sən necə də ağıllısan! – Xruşov qışqırıb və Troyanovskini qucaqlayaraq bərk-bərk öpüb.

Zorin yazır: “N.S.Xruşovun çıxışı qəzetlərdə rəsmi mətndə olduğu kimi dərc edildi və o andan başlayaraq Oleq Troyanovskinin diplomatik karyerasında irəliləyiş başlandı. O, buna layiq idi. O, təkcə ölkənin mənafeyi üçün məsuliyyət və qayğı çəkməmişdi, eyni zamanda qeyri-adi dərəcədə siyasi dəyanət göstərmişdi”.

Qeyd edək ki, Xruşovun və Kosıginin tərcüməçisi olan Oleq Troyanovski (1919-2003) sonradan SSRİ-nin Çindəki, Yaponiyadakı və BMT-dəki fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.

Загрузка...