Müsavat başqanlığına namizədlərin hər üçü ilə şəxsi tanışlığım, “salam-sağol”um var.
Onların arasında ən yaxın olduğum Tofiq Yaqubludur. Onunla eyni qəzetə yazılar yazmışıq. Tofiq bəyin müharibə memuarının ilk oxucusu və ilk naşiri olmuşam.
Arif Hacılıyla münasibətimiz partiya iyerarxiyası baxımından məsafəli olsa da, çox yaxın olmasaq da, xətirli-hörmətli olmuşuq.
Yadigar Sadıqlı ilə sosial şəbəkədə saatlarla çəkən mübahisələrimiz, bir kitablıq yazışmalarımız olub.
Onların hər üçü əqidəsi, partiyası yolunda həbsdə yatmış, təqibə-təzyiqə məruz qalmış şəxsdir.
Müsavat başqanlığına layiqliyə bu prizmadan yanaşılsa, favorit Arif Hacılıdır. O, həbsdə hamıdan çox yatıb, hamıdan çox döyülüb, hamıdan çox əziyyət çəkib.
Fədakarlığa qalsa, Tofiq Yaqublu təkcə Müsavat üçün yox, xalqımız üçün çox fədakarlıqlar edib. İki körpə qızını kirayə evdə qoyub silaha sarılmış, səngərdə gerçək şücaət göstərmiş adamdır.
Prinispiallığa və mötədilliyə qalsa, Yadigar Sadıqlı həmişə sabit-qədəm olub, heç vaxt əqidəsindən, yolundan dönməyib. Bir qədər zarafatla desək, o, əsgərliyini də çəkib, türməsini də.
Dövlət və partiya işində təcrübəyə istinad eləsək, Arif Hacılı öndədir. O, gənc yaşda AXC Ali Məclisinin sədri, deputat, dövlət müşaviri olub, uzun müddət Müsavat rəhbərlərindən biri, sonradan isə partiya başqanı olub.
Tofiq Yaqublu Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb, Yadigar Sadıqlı dövlət vəzifəsində çalışmayıb.
Şəxsi münasibətlərə qalsa, partiyanın sabiq başqanı İsa Qəmbər sırf şəxsi dostluq münasibətlərinə görə Arif Hacılını seçdiyi kimi, mən də qurultay nümayəndəsi olacağım halda Tofiq Yaqublunu seçərdim.
Amma mənə görə, partiyanın yeni başqanı Yadigar Sadıqlı olsa, daha faydalı olar. O da sırf ona görə ki, o siyasətdə yeni simadır, ətrafında yeni qüvvələri toplamaq potensialı var.
Tofiq Yaqublunun personası üzərində bəzi məkrli oyunlar oynanıldığına görə, məncə, o, indiki anda Müsavat başqanı olmasa, yaxşıdır.
Arif Hacılının partiyaya verdiyi töhfələr və fayda artıq keçmişdə qalıb.
İkincisi, 2014-cü ildəki başqanlıq seçimində Arif Hacılının qalib olmasının fəsadları hələ də həm partiyada, həm də ümumiyyətlə Azərbaycan siyasətində öz izini sürdürür.
Bu, o demək deyil ki, o vaxt Qubad İbadoğlu partiya başqanı olsaydı, daha yaxşı olacaqdı.
Bəlkə də daha pis olacaqdı. Onda da Arif Hacılı və komandası Müsavatdan gedəcəkdi və ortalığa daha kəskin, ifşaedici ittihamlar çıxacaq, partiya yenə sarsılacaq, parçalanacaqdı.
Elə o zaman bəlliydi ki, Airf Hacılı birləşdirici fiqur deyil. Bəlkə də onun bu missiyanı yerinə yetirməsi mümkün deyildi. Hər halda İsa Qəmbərdən sonra birləşdirici fiqur olmaq çətin idi.
Ən pisi o oldu ki, qurultaydan sonra İsa Qəmbər də birləşdirici fiqur olmaq funksiyasını itirdi. Seçkinin nəticələrindən narazı qalan yüzlərlə funksioner onun bu və ya digər şəkildə tərəf tutduğunu iddia edərək partiyanı tərk etdilər.
Bu dəfəki seçkidə isə İsa Qəmbər mövqeyini açıq şəkildə bildirib və 5 il əvvəlki seçiminin üstündə durub, yenə də Arif Hacılının başqan olmasından yana söz deyib, partiyadaşlarını məhz ona səs verməyə çağırıb.
Bu, artıq partiyanın yeni başqanının kim olacağına dair sual işarələrini götürür. Çünki İsa Qəmbərin Arif Hacılının namizədliyinə dair çağırışının (“Arif bəyə səs verin!”) sonunda nida işarəsi var.
Amma bu, Müsavat üçün faydalı olacaqmı? Olmayacaq. Bunu 30 ildən bəri siyasi arenada olan hər kəs bilir. Daha da pis olacaq.
Müsavatın gələcəyi və yeni rəhbərliyi xüsusunda bir fikir getdikcə daha da güclənir. Bu, ondan ibarətdir ki, partiyanı 2014-cü ildəki durumuna gətirmək üçün Müsavatdan ayrılmış qüvvələrin yenidən bir araya gəlməsi lazımdır.
Bundan ötrü tərəflər, bir-birindən narazı qalmış tirələr özlərində güc tapmalı, barışığa getməli, bütün şəxsi və siyasi ambisiyalarını bir tərəfə qoymalıdırlar.
Bu, nə qədər fantastik (bəlkə də utopik) ideya olsa da, yeganə çıxış yoludur. Yalnız bu yolla uzun illər müxalifət düşərgsinin ən güclü, ən mütəşəkkil və ən sevimli partiyasının köhnə nüfuzunu və gücünü bərpa etmək olar.