“dört bıçak çekip vurdular dört kişi
yemyeşil bir ay gökte dağılıyordu”
(Atilla İlhan)
5 ay prezident işləyib, o müddətdə Azərbaycanın başına 50 min fəlakət gəlib, yalan olmasın, bəlkə 5 dəfə xalq ayağa qalxıb nəhayət bunu vəzifədən qovubdur, onda da ən böyük düşmənin ərazisinə sığınıb, hazırda bütün bu “cahanşümul” fəaliyyətlərinə görə 10 min manat aylıq pensiya veririk, yenə şikayətlənir: “Allah mənim günümə heç kimi salmasın”. Əlbəttə. Bu arzuya 180 manat təqaüdlə hər kvartalda 30 qram ət yeyən pensiyaçı Mamed kişi, 150 manat maaşla küçə süpürüb maşınla vurulub öldürülən Gülpəri arvadın bir düjün yetimləri də qoşulur.
Sözgəlişi, bu ildən bizim tibbi universitetlərdə və hüquqda təhsil haqqı iyirmi neçəsə faiz artmışdır. Hardasa 5600 manat olmuşdur. Təsəvvür elə, 30 min manata yaxın pul xərcləyib 5 il həkimlik, vəkillik oxumalısan ki, axırda gedib rayon xəstəxanasında ayda 200 manata həkim işləyəsən, ya saatı iyirmi qəpikdən dövlət vəkili olasan. Bu minvalla bir həkimin təhsil xərclərini ödəməsi üçün, yalan olmasın, öz ömrü bada getməlidir. Hələ arada xəstələrin cibinə baxdığın üçün günahlandırılmaq, söyülmək də vardır.
Ancaq biz optimist olaq, həyat təkcə ağ-qara rəngdə deyil. Misal üçün, bugünlərdə Müsavat Partiyası qurultaya hazırlaşır, başqanlığa namizədə Cəlilabad rayonunda yumurta atıblar. Görün əhalidə nə qədər yumurta bolluğu yaranıbdır ki, hətta müxalifətçilərə atırlar. İndi sən hansı haqla belə məmləkətdə müxalifətçilik edirsən? Açıq-aydın görünür mənasız aksiyadır. Kərbəlayı demişkən, İman, bala, cavan olmusan, qanmamısan, gəl keç bizim tərəfə. Doğrudan da, bütün müxalifət YAP sıralarına yazılsa nə qədər gözəl olardı. Millətimiz bütövləşərdi. Bizim Qarabağ dərdimiz vardır, parçalanmağa haqqımız yoxdur. Şair demişkən: “O qədər bölünmüş millət dərdi çəkmişəm, İndi pulları da uşaqlar arasında bölə bilmirəm”. Ya da çubuğu böləmmirdi – dəqiq yadımda qalmayıb. Bu çubuq söhbətinin də maraqlı pritçası vardır, deyir bir qoca kişi ölməyə az qalmış oğullarını toplayır, onlara nəsihət verir: “Alın bu çubuqları bir-bir qırın”. Uşaqlar qırır. Sonra ağsaqqal bic-bic gülümsəyib deyir indi çubuqlardan şələ bağlayın, həmin şələni sındırın görüm. Kişinin böyük oğlu, el diliylə desək, yekə gədəsi heyvərənin birisiymiş, basır şələni də ortadan qırır. Uşaqlar maraqla ağsaqqalın marığına yatırlar, deyirl1ər, di hı, söylə görək bizə nəsihətin nə olacaqdır. Kişi fağırcasına köks ötürüb deyir: “Eşşək şeysiniz, daha sizə nə başa salım?”
Hara baxsan müəyyən islahatlar görmək olar. Hərçənd, bunun mənfi nəticələri də var. Örnək üçün, son illər bizdə polislər yolu yanlış keçən piyadaları tutub cərimə edirdilər. Bunun qorxusundan yollarda xeyli qayda yaranmışdı. Ancaq indi bu cərimələri ləğv eləyiblər. Proqnoz edirəm vurulan piyada sayı artacaqdır. Yaxud, polisdə aparılan başqa islahat 102 çağrı xidməti ilə bağlıdır. Qabaqlar bura zəng vurub hansısa şikayət eləsən, dərdini desən gərək sonra gedib şöbədə rəsmi ərizə-zad yazaydın. Bir az başağrısı yaradırdı. İndi isə 102-yə edilən zənglərə görə polis özü sənin evinə-eşiyinə gələcək, harda istəsən orda səndən ərizə alacaqdır. Belə baxanda yaxşı addımdır, əhaliyə xidməti yaxşılaşdırır. Bəlkə gələcəkdə bizi heç türməyə də aparmadılar, elə evimizdə içəri basdılar. Digər tərəfdən, əhalidə məsuliyyət hissi azalacaqdır, hər xırda ölüm-itimə, bıçaqlaşmaya-zada görə polisə zəng vurub asayişimizin qorunmasına mane olacaqlar. Bunun əlamətləri artıq hiss edilir. Dünən bir ingilisi kafedə, başqa zəhmətkeşimizi isə metroda bıçaqlamışdılar. Mənə o da maraqlı gəldi ki, adam metroya bıçağı necə keçirdibdir, axı girişdə metal detektorları vardır. Yəqin maşinistdən alıbdır, meyvə bıçağı imiş. Ya da Tağı müəllimin vaxtından qalma paslı bıçaq olub.
Sonda Eldar Mahmudovdan xahiş edirik Tağı müəllimin 3 milyonunu qaytarsın. Şair adamdır, dəftər-qələmə nə qədər xərci çıxır…