Ukraynanın paytaxtı Kiyevdə və daha bir neçə şəhərdə ölkənin şərqində gedən münaqişəni nizamlamaq yolunda atılan addımlardan biri olaraq bilinən və prezident Vladimir Zelenskinin də razılıq verdiyi “Ştaynmayer formulu” əleyhinə mitinqlər keçirilib.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu formul Donbasda seçkilər keçirilməsini və bölgəyə xüsusi status verilməsini nəzərdə tutur.
Paytaxtın mərkəzində baş tutan aksiyada 10 mindən çox insanın iştirak etdiyi bildirilir.
Mitinq təşkilatçıları tədbiri “xalq veçe”si, habelə “sarı sarğı maydanı” adlandırıblar.
Burada onlar “Təslimiyyətə xeyr” şüarları səsləndiriblər. Bundan başqa, eyni məzmunlu kütləvi yığıncaqlar Zaporojye, Xarkov, Krovoy Roq, Dnepr, Vinnitsa, Odessa və Lvov şəhərlərində baş tutub.
İştirakçıların fikrincə, bu il oktyabrın 1-də imzalanan bu plan ölkənin milli maraqlarına tam xəyanətdir.
Buna görə Ukrayna Donetsk və Luqansk əyalətlərinin işğal altında olan bölgələrində növbədənkənar seçkilərin keçirilməsinə razılıq verir. Seçkilər Ukrayna qanunvericiliyinə uyğun və xüsusi qanun əsasında təyin olunmalıdır.
Seçkidən dərhal sonra yerli vaxtla saat 20:00-da Donbasa xüsusi status verilməsi nəzərdə tutulur. Bu status ATƏT-in seçkilərə nəzarət üzrə missiyasının hesabatına qədər davam edəcək.
Əgər ATƏT Donbasda baş tutan seçkilərin beynəlxalq statndartlara, habelə Ukrayna qanunvericiliyinə uyğun keçirildiyini təsbit etsə, həmin status daimi əsasda qüvvədə qalacaq.
Prezident Vladirmi Zelenski məsələnin parlament tərəfindən diqqətlə hazırlanacağına və geniş xalq müzakirəsinə təqdim olunacağına dair söz verib. O, Ukrayna dövlətçiliyinin təhlükəsizliyi ilə bağlı “qırmızı xəttin” keçilməyəcəyini söyləyib. Ukrayna lideri həmçinin Donbasda işğalçı qüvvənin qoşunları çıxarılmayana qədər heç bir seçkinin olmayacağını deyib.
Paytaxt Kiyevdəki mitnqdə iştirak edən keçmiş prezident Pyotr Poroşenko bu sənədi Ukrayna üçün əlverişsiz adlandırıb. Onun sözlərinə görə, əslində Rusiya mənşəli bu plan de-fakto Kremlin üzərindən sanksiyaların götürülməsi və Krımın işğalının legitmiləşdirilməsi ilə nəticələnəcək.
“Biz buna yol verməyəcəyik. Biz Ukrayna dövlətinin yox edilməsinə göz yummayacağıq”, -deyə P.Poroşenko aksiya iştirakçılarına səslənib.