Bu əhvalatı mənə bir yaxın, hətta çox yaxın adam danışıb, öz başına gələn əhvalatdır, daha dəqiqi, vaqeə onun gözünün önündə olub.
Həmin yaxın adam bir gün qeydiyyatda olduğu rayonun sosial təminat şöbəsinə gedibmiş, növbədə adam çox imiş. Hamı məlul-müşkül öz növbəsini gözləyirmiş. Birdən mübahisə düşür. Məlum olur ki, bir nəfər əli çəlikli, orta yaşlı kişi içəriyə növbəsiz girmək istəyir. Təbii ki, iki saatdan bəri növbə gözləyənlər etiraz edir, deyirlər: “Sən indi gəlmisən, biz üç saatdır, gözləyirik”.
Çəlikli kişi çəliyini qaldırıb divara vurur, deyir, mən müharibədə can qoymuşam, veteranam.
O, belə deyəndə növbə gözləyənlərin çoxunun ürəyi yumşalır, deyirlər, sənə olar, sən keç. Amma kişinin qəzəbi soyumur, ona mane olmağa çalışanlara üzünü tutub deyir: “Alçaqlar, siz burada ala yorğana bürünüb yatanda mən səngərdə qarın-buzun içində sizi qoruyurdum, indi gəlib qabağımı kəsirsiniz”.
Növbədə olanların hamısı xəcalət çəkməyə başlayır, hamı bir ağızdan çəlikli kişiyə deyir: “Hirslənmə, sən canın, keç, bilmədilər”.
Bu yerdə əhvalatı mənə danışan yaxın adam onu tanıyır, baxır ki, bu, onun 5-6 il öncə nərdivandan yıxılıb, qıçının birini sındıran qonşusudur, o vaxtdan çəliklə gəzir.
Çəlikli kişi işini düzəldib bayıra çıxanda yaxın adam onu yanlayır, deyir: “O nə şəbehdir çıxarırdın, ə, lotu? Sən birdən-ikiyə səngər görmüsən, ya əyninə əsgər paltarı geymisən?”
Çəlikli kişi yavıncıyır, deyir, sən Allah, üstünü vurma, tələsirdim, ona görə belə elədim, yoxsa heç vaxt özümü veteran kimi qələmə verməmişəm.
O gün özünü “Qarabağ qaziləri” kimi qələmə verənlərin qarışdığı dava-dalaş barədə oxuyanda, videolara baxanda yadıma bu əhvalat düşdü.
Adamlar bir az növbədə qabağa düşmək, beş-on manat qazanmaq üçün bəzən belə şeylər edirlər.
Olan şeydir. Bizim camaat özünü başqa cür qələmə verməyə meyllidir. Məsələn, o vaxt pinəçi Dadaşov da qatarda yol gedəndə özünü “prokuror Dadaşov” kimi qələmə vermişdi və sərnişin yoldaşlarının başına oyun açmışdı (“Qatarda” tamaşası).
Çox az adam tapmaq olar ki, hansısa məqamda içindəki “Ostap Bender” oyanmasın. Sovet dövründə belə xırda-xuruş dələduzluqlar edən məşhurlar da olub. Artist Gennadi Xazanova hansısa konsertə bilet lazım imiş, bilet yoxmuş. Amma o, çıxış yolu tapıb, götürüb bilet satanlara zəng edib, məşhur futbol şərhçisi Nikolay Ozerovun səsi ilə iki bilet istəyib və biletsatanlar hər kəsin sevimlisi olan Ozerovun xahişini yerə salmayıblar.
Bu günlərdə məhkəmədə özünü DTX generalı və polkovniki kimi qələmə verərək, vətəndaşlara kələk gələnlərin işi gedir. Maraqlı işdir. Adamlar özlərinə general, polkovnik mundiri də düzəldiblərmiş. Niyə? Çünki bilirlər ki, general və ya polkovnik olanda iş aşırmaq, pul qazanmaq asan olur.
Bir nəfər də iki adamı – dalaşmış, amma barışmaq istəməyən ər-arvadı öldürüb, düşüb içəri, indi özünü dəli kimi qələmə verir, qulaqlarını tutub, başını irəli-geri yırğalayır, guya ki, əsəbləri pozulub, anlaqlı deyil. O, bu yolla daha az cəza alacağını düşünür. Amma hakimlər və həkimlər ikiqat qatilin kələyinin üstünü açıblar, incələyib görüblər ki, adam əslində ağıllıdır və onlara kələk gəlir.
1994-cü ildə özünü elektrik qatarında lal-karlığa vuran, işarələrlə danışan yeznə-qayın görmüşəm. O zaman belə lazım idi. “Oblava”-filan olurdu, həmin ilin mayına qədər əli silah tutanları qamarlayıb cəbhəyə aparırdılar. Həmin o yeznə-qayın (onlar bənna-suvaqçı idilər) bir-iki dəfə həmin “oblava1″dan ”lal-kar” olduqları üçün qurtulmuşdular.
Ümumiyyətlə, xalqımızın əlil və şikəstlərə mərhəməti böyükdür deyə, dələduzlar tez-tez özlərinə belə rol biçirlər. Bir dəfə metro vaqonunda eləsinin biri çətinliklə hərəkət edə-edə vaqonun birini soydu, perronda düşüb o biri vaqona keçmək istəyəndə onu tanıyan polis işçisi “dayan görüm, ə…” deyə ona tərəf gələndə “şikəst dilənçi” pilləkənlərə tərəf necə götürüldüsə, ona bəlkə də yalnız Useyn Bolt çata bilərdi.
Bax, ona görə də adamlara inam, etibar azalıb. Dələduzların, fırıldaqçıların üzündən əsl qazilər, vətən uğrunda can qoyanlar belə durumlarda eləcə susurlar.