Bakıda 11 yaşlı qızın diri-diri yanması ilə bağlı ŞOK İDDİA - VİDEO

Gülərüz və sevgi dolu biri idi. Hələ həyata doğru ilk addımlarını atırdı. Lakin baş verən bədbəxt hadisə nəticəsində gözlərini əbədi olaraq yumdu həyata – qoxladığı güllər kimi ağ və təmiz olan Firuzə.

APA TV olaraq hadisə yerinə getdiyimizdə qonşuların dəhşətli ittihamlarını eşitdik: “Bu paltarlar da uşağın paltarlarıdır. Uşaq çox mərifətli, qanacaqlı uşaq idi. Elə axşamacan bu həyətdə öz-özünə gəzirdi o tərəf-bu tərəfə. Yəni baxımsız bir uşaq idi. Yeməyini də ki, qonum-qonşuda yeyirdi. Yəni baxılmırdı uşağa. Ev də bu vəziyyətdə. Valideyn baxmırdı. Axırda da uşaq evin içində tələf oldu getdi”.

Mənzildə tək olan Firuzə Ələkbərova yanğın zamanı dünyasını dəyişdi. Cəmi 11 yaşı vardı. Yaşıdları oxumaq eşqi ilə yananda, o, dörd divar arasında yandı:

“Hadisə ötən gün axşam saatlarında gördüyünüz bu 30 kv. metrlik ərazidə baş verib. Hadisə şahidlərinin – yəni, qonşuların bildirdiyinə görə, qız yanğın baş verən vaxtı evdə yatmış vəziyyətdə olub. Elə onun meyitini çıxaranda da necə yatmış vəziyyətdə idisə, o cür də çıxarıblar”.

Yanğın paytaxtın Binəqədi rayonu, Söyüdlər yaşayış massivi, 6-cı məhəllədə baş verib. Birmərtəbəli, 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın kəşfiyyatı zamanı Firuzənin yanmış meyiti aşkar olunub.

Qonşular deyir ki, uşağın bu vəziyyətə düşməsinin əsas səbəbi anasının məsuliyyətsizliyi və onu evdə tək qoymasıdır:

“Saat haradasa 2-yə qalmış 10 dəqiqə mən ayıldım yuxudan, gördüm şifer partlayır. Çıxdım FHN-ə zəng eləməyə, uşaqlar FHN-ə zəng vurdular. Qaçdım ki, xətti kəsim. FHN gəldi, söndürdü. Uşaq da evdə tək olub. Elə bilirdim qonşudadır. Qonşuya qaçdıq, soruşduq, dedilər bizdə deyil. Gəldik, gördük uşaq yanıb içəridə, kül olub. Ayaqları yanmışdı, bir dənə qarın hissəsi qalmışdı”.

“Uşağını hər gecə yiyəsiz qoyurdu. Çıxıb gedirdi öz kefinə. Nə vaxtsa – 3 gün tez, 5 gün gec, bu ev yanmalı idi. Nə isə bir hadisə baş verməli idi. Çünki sahibsiz evdə yetkinlik yaşına çatmayan bir uşağı yiyəsiz qoyanda necə olmalı idi? Yiyəsiz evdə yüz faiz belə olacaqdı”.

Məsələ ilə bağlı əvvəlcə anası Zəminə Allahverdiyeva ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefonunu söndürdüyünə görə danışmaq mümkün olmadı. Daha sonra atası ilə əlaqə saxlamağa çalışdıq. Telefon zənginə Firuzənin əmisi cavab verdi.

Mərhumun bibisi və nənəsi iddia edir ki, bu hadisə qəsdən edilib, Firuzə öldürülüb.

Əmisinin dediyinə görə, bir ay bundan öncə Firuzə atasına zəng edərək, onu aparmasını istəyib.

Faktla bağlı araşdırma davam edir.

Загрузка...