Qarabağ əlilləri SOCAR-ın işçilərini döyüb xəsarət yetirdilər - VİDEO

Sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb.

SOCAR-dan “Report”a verilən məlumata görə, qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb.

Qeyd edilib ki, sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayaraq, ərazini zəbt etməyə cəhd göstərən şəxsə bir daha tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər.

“Həmin vaxt qanunsuz tikinti aparan şəxsin çağırışı ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən, özlərini müdafiə etməyə çalışıb, hadisə yerinə polis əməkdaşlarını çağırıblar.

İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib, müxtəlif bədən xəsarətləri yetirilib.

Aparılmış video çəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərmiş, dövlətə qarşı qanunsuz çağırışlar səsləndirmişlər.

Həmçinin hadisə yerindən çəkilmiş foto-şəkillərdən məlum olur ki, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən şəxslər hadisə yerinə gəldikləri maşınların dövlət nömrə nişanlarını çıxartmış və əvvəlcədən düşünülmüş plan üzrə öz hüquqazidd niyyətlərini həyata keçiriblər”.

Qeyd edilib ki, aparılan ilkin araşdırmalardan məlum olub ki, tikinti yerinə çağırılan əlillərin həmin tikintiyə heç bir aidiyyəti yoxdur. Hüseynov Şərif Novruz oğlunun ətrafında olan bir qrup bütün vasitələrlə öz qanunsuz maddi maraqlarına nail olmağa çalışır. Bunun üçün hər cür əməllərə əl atır, o cümlədən əlilərin nüfuzundan, cəmiyyətdəki statuslarından və qüvvələrindən sui-istifadə etməkdən, onları təxribata çəkməkdən belə çəkinmirlər.

Hadisə zamanı həmin şəxslər tikintiyə aidiyyəti olmayan bir qrup əlildən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini yerinə yetirən SOCAR-ın Təhlükəsizlik xidmətinin əməkdaşlarına xidməti vəzifəsini yerinə yetirməkdə mane olmuşlar.

“Eyni zamanda 28.09.2019-cu il tarixində baş vermiş hadisənin mətbuatda işıqlandırılması məqsədilə 30.09.2019-cu il tarixdə bir neçə kütləvi imformasiya kanalının nümayəndələri 35 saylı komandanın rəisi Rahib Qənbərov, komandanın rəis müavini Elçin Cavadov 30.09.2019-cu il tarixdə saat 11-12 radələrində sözügedən ərazidə olmuşlar.

Həmin ərazidə münaqişə olma ehtimalını nəzərə alaraq müsahibənin Şirvan-Böyükşor neft kəmərinin 115 – ci km-də (Delfin hotel yaxınlığında) verilməsi nəticəyə gəlinib. Bu zaman 15-ə yaxın özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən şəxslər öz xidməti ərazisində növbədə olan SOCAR Təhlükəsizlik İdarəsinin əməkdaşlarını gizlicə pusaraq, qəfildən onlara hücum etmiş və soyuq silahlarla 3 əməkdaşımıza ciddi bədən xəsarətləri yetiriblər.

Münaqişənin nəticəsi olaraq komanda rəisi Qənbərov Rahib baş nahiyyəsindən zərbə alıb, qarovul rəisi Əliyev Elşad qarın boşluğundan bıçaqla, atıcı Soltanlı Anar qol nahiyyəsindən bıçaqla yaralanıb, atıcılar Hüseynov Nicat, Məmmədov Elçin, Əhmədov Orxan isə baş və bədən nahiyəsindən küt alətlərlə zərbələr alıblar.

Komanda rəisi və sözügedən atıcılar dərhal, ilkin tibbi yardım göstərilməsi məqsədilə Ə.D.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına, qarovul rəisi E.Əliyev isə Avroasiya klinikasına yerləşdiriliblər. E.Əliyevin vəziyyəti hazırda orta ağır, digərləri isə ortadır. Hazırda müalicənin Mərkəzi Neftçilər xəstəxanasında davam etdirilməsi üçün işlər aparılır”,-açıqlamada qeyd edilib.

Hüquqazidd əməllərinini həyata keçirən şəxslər Binəqədi-Biləcəri avtomagistral yolunu tam olaraq bağlamış və nəqliyyat vasitələrinin hərəkətini dayandırmışdılar.

Загрузка...