“Qardaşım Sanço, görürsən ki, qarşımızda uzunmüddətli bir səyahət durur, nə vaxt qayıdacağımızı, boş vaxtımızın, əlverişli təsadüfün olacağını Allah bilir, ona görə istərdim ki, bir bəhanə edib otağına qayıdasan və özünə beş yüz şallaq vurasan”
(Servantes, “Lamançlı Don Kixot”)
Deyir Gəncədə üç uşaq anasını evindən götürüb aparıblar. Anasından açıqlama almışdılar, qadın söyləyir ki, qızım müqavimət göstəribdir, evin şüşəsi sınıbdır, həmçinin ali savadlı ingilis dili müəllimidir.
İngilis dilini bilməyini niyə xüsusi vurğulayır, anlamadım. Bəlkə oğruların ingilis olmasına işarə edir? Əks halda, adam oğrularının da girov seçərkən dil bilənlərə üstünlük verməsinə inanmağım gəlmir – hazırda bizdə ana dilimizə böyük hörmət yaranıb, hətta dil qurumlarından birinin müdirinə təzəlikcə xalq artisti, ya da xalq yazıçısı adı verdilər, sevindiyindən himnimiz qədər məsud oldu. Müqavimət məsələsini isə başa düşürəm. Son illərdə evdən qaçan gəlin əhvalatları milləti tamam korlayıbdır. Ayağını azacıq yan qoyan istənilən gəlinin adı pisə çıxarılır. Hətta bir gün azərbaycanlı gəlinlərdən hansısa astronavt olub, Marsa uçsa, görəcəksən qandonduran.az saytında başlıq atıblar: “Gəlin raketə qoşulub evdən qaçdı”. Media azadlığımızdan sui-istifadə edirlər. Yoldaş Amaşovun kəskin qılıncı bunların boynunu vursaydı yaxşı olardı. Çoxdandır qara dəftər də ortalıqda yoxdur.
Hər halda, evdən ana oğurlamaq AXC-Müsibət (partiyanın başına gələnlər adını dəyişdirməyi vacib edir) hakimiyyəti dövründə qalmışdır. İndi bizdə o qədər demokratiya, azadlıq vardır ki, camaat uşağını qonşuya tapşırır, bir-iki saatdan sonra gəlir görür qonşu uşağı kiməsə satıbdır. Bu haqda da hansısa xəbər getmişdi. Görün ölkəmizdə nə dərəcədə sabitlik, asudəlik var ki, uşağı hansı ailəyə satsan günü xoş keçəcəkdir. Lap istəsən apar qoy küçənin ortasında. Başından bir tük əskik ola bilməz. Mənim yadımdadır, yayda Zəhra adında uşağı Bakıdan oğurlayıb hansısa rayona aparmışdılar. Böyük zırıltı, səs-küy qopdu, axtarış aparan, layk toplayan, ağlaşma, söyüşmə, dartınma, üzülmə bir-birinə qarışmışdı. Axırda nə oldu? Uşağı tapıb gətirdilər, verdilər ailəsinə. Onu oğurlayan qadını isə tutub zindana basdılar. Ancaq uşaq intervüsündə dedi ki, onu oğurlayan qadınla yaşamaq istəyir! Baxmayaraq onu diləndirmişdi, amma dönər-kola-filan da alıb veribmiş, uşağı gəzdiribmiş. Bəlkə də yazıq uşaq həyatında ilk dəfə o cür gəzintiyə çıxmışdı. (Əslində uca millətimizin öz hakimiyyətinə münasibəti də təxminən bu motivlər və məhəbbət izharı üzərində qurulubdur. Savadlı uşaqlar bunu “Stokholm sindromu” adlandırır, mən “Biləcəri eşqi” deyirəm. Milli adamam. Üstəlik, Stokholm yazsam oxucular elə zənn edər mən də partiyadan vəsiqə almışam, türkün sözü, aradan cırmağa hazırlaşıram).
Bəziləri isə demokratiyanın gediləsi uzun yol olmağından, tələsənin təndirə düşməyindən yazırlar. Məsələn, hörmətli REAL üzvlərindən Erkin müəllimin “Tələsən yerimiz yoxdur” afyorizmini artıq eşitmisiniz. Doğrudan da bağban tələsər, ancaq armud vaxtında yetişər. Tələsən nənəmin təndirinə düşər. (Sözgəlişi, “gəlin atalar sözünə keçək” məzmunlu bu ədəbi-bədii fəndin kökünü çox adam “Bəyin oğurlanması” filmi bilir. Lakin eyni fənd Vudi Allenin hələ 1974-cü ildə çəkdiyi “Sevgi və ölüm” filmində nümayiş olunmuşdur. Yazının bu yerini Ayaz Salayevin səsi ilə oxumaq lazımdır). Erkin müəllimin bu qənaətə gəlməsində isə ədəbiyyatımızın böyük rolu vardır. Azərbaycanda ədəbiyyatın həyata təsiri hər zaman böyük olubdur, necə deyərlər, biz hamımız Mirzə Cəlilin poçt qutusundan çıxmışıq. (Hərçənd, mən Danabaş kəndinə daha çox əminəm, ancaq bu ayrı temadır). Bəs “Tələsən yerimiz yoxdur” aksioması hansı bədii əsərdən gəlir? Bəli, düz tapdınız: Anar müəllimin “Ay Zaur” romanından. Orda məşhur bir səhnə var, türkiyəli aktrisa deyir: “Tələsmə, Zaur, tələsmə”. Baxın, ədəbiyyatın gücü budur! Əsər bəlkə 40 il qabaq yazılıbdır, ancaq günümüzlə aktual səsləşir, siyasətçilərə yol göstərir.
Mən arxayın yazdım, siz də tələsmədən oxuyun. Bu qeyd əslində girişdə olmalı idi, ziyanı yoxdur – bəlkə çaşıb təkrar oxuyan oldu.