Yox, Allah göydən daş tökər, adam generala oxşayır. Düzdür, müəllim daha çox rus generallarına bənzəyir, amma necə deyərlər, halvaçı qızı daha şirin, generalların xası elə ruslarda deyilmi?
Hətta ruslarda elə polkovniklər var ki, bazburutuna görə postsovet ölkələrinin generallarından daha xarizmatik görünürlər – boy-buxun, turş sifət, “net”i “net”, “da”yı “da” olan jukovsifət adamlar.
Firdovsi müəllim o kateqoriyadandır – ən azı sifəti turşdur. Düzdür, əynində general mundiri olmasa, onu qıraq yerdə bəlkə də qaynaqçı, santexnik hesab edərlər, amma hamımız bilirik ki, insana yaraşıq, zabitə verən mundirdir, kostyumdur.
Mənim öz başıma gələn hadisəni, gərək ki, bir dəfə yazmışam. 3-4 il qabaq bir dəfə adi gödəkçə geymiş halda yanacaqdoldurma məntəqəsinə dönmüşdüm, operator qardaş məni rayonlararası işləyən taksi sürücüsü hesab etdi. Ondan bir həftə sonra yenə həmin məntəqəyə, amma kostyumda, qalstukda buruldum, həmin oğlan məhkəmə hakimi olub-olmadığımı soruşdu (deyəsən, o, müştərilərin peşəsini təyin etmək üzrə ixtisaslaşırdı).
Əminəm ki, özü general mundirində gəzən və başqalarına “general” rütbəsi və vəsiqəsi, eləcə də mundiri satan müəllim həmin operatora mundirsiz də rast olsaydı, qardaş onu general hesab edəcəkdi. Çox iti zənnə, fəhmə malik oğlan idi. Kim bilir, bəlkə də Firdovsi müəllimin ağlına “general” olmaq ideyasını elə bu cür fəhmli adamlar salıb, baxıb-baxıb, deyiblər, müəllim, sən orqanlarda işləyirsənmi. O da düşünüb ki, deyəsən, bunlara orqan işçisi, general-filan lazımdır, deyib, bəli. Ardı texniki işdir.
Məsələ budur: çoxumuz çiyni poqonlu generallardan qorxuruq. Qorxuruq və hörmət edirik. Hörmət edirik və fikirləşirik ki, işimiz düşə bilər. Adətən, generallara işi düşən çox olur. Çünki hamının pis-yaxşı sülaləsi var. Sülalədə vaxtaşırı oğlan uşaqları yekəlir və ən azı yarısı sistemə düzəlmək istəyir. 21-24 yaşlı, əsgərliyini çəkmiş gənci sistemə kim düzəldə bilər? Əlbəttə ki, general. Yaxud əlindən xəta çıxmış (deyək ki, barda yeyib-içib dalaşmış, üstündən bir baş “şey” tapılmış, hindən toyuq çırpışdırdığı yerdə ilişmiş) gənci cinayət məsuliyyətindən kim yayındıra bilər? Təbii ki, general.
Ona görə də bizdə generala, onun mundirinə, poqonuna böyük hörmət-ehtiram, eləcə də ehtiyac var. Hamımız istəyərik ki, qohumlardan biri general olsun. Eybi yox, DTX, DİN, DGK generalı olmasın, FHN generalı olsun, yanğınsöndürmə işlərinə baxsın, amma o poqonu daşısın. Nə olar, nə olmaz, işimiz düşər.
Əslində Firdovsi müəllim xalqımızın generala olan tələbatını öz daxili imkanları hesabına ödəyərkən ilişib. Beləcə, onun başladığı iş yarımçıq qalıb. Bəlkə də 3-4 il ərzində yaxalanmasa, ölkədəki generalların sayını xeyli artıracaqdı. Məsələn, bir gün mənə əyan olacaqdı ki, kəndçimiz filankəsin oğlu da gənc yaşında general olub, qürur duyacaqdım.
Firdovsi müəllim “general”lara gözəl libas (heç Şoyqunun elə mundiri yoxdur), diplomatik pasport düzəltməyi yaxşı bacarıb, amma bir işi düz eləməyib ki, rütbənin qiymətini baha qoyub – 20-25 min manat.
Öz aramızdır, bu qədər pulu olan adamın 25 işarəlik ağlı da olar ki, bir elə pulu aparıb saxta vəsiqəyə verməsin.
Yenə 300-500 manat olsaydı… Amma bunun da minusu var. Ölkədəki bütün dələduzlar axışıb hərəyə bir dənə o mundirdən, vəsiqədən alıb atacaqdılar evə, yeri düşəndə geyinib çıxacaqdılar ova. Bir də görəcəkdik ki, şəhərdə “general” qaynaşır. Çoxgenerallı şəhərdə yaşamaq da bir şey deyil, gərək bunlara hər dəqiqə hörmət göstərilsin. İaşə müəssisələri müflis olardı. Hansı restoran müdiri qonaqlarıyla yeyib-içən generaldan artıq hesab alar? Heç biri. Hətta “qonağımız olun, cənab general” deyib yola salar. Belə “general”lar isə “qonaq olmaq” həvəskarıdırlar, daha dəqiqi, işlərinin adı budur.
Hərçənd bu işin də zibili tezliklə çıxardı. Ofisiantlar hər gün qaça-qaça gəlib, “müdir, bir dəsətə təzə general gəlib” xəbərini verəndə müdir fikirləşərdi ki, ey qanlı fələk, bura Çin deyil axı, minlərlə generalı olsun, burada o qədər general ola bilməz. Və adam gedib şikayət edərdi, beləcə, “general istehsal edən müəssisə” bağlanardı.
Yəni hara döndərsən, bu işin axırı yoxdur.