Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub vəfat edib.
Medianews.az xəbər verir ki, bu gün Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.
1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləmişdir. 1988-ci ildən filologiya elmləri namizədidir.
Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub.
Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.