“Bir dəli şeytan deyir, aç bəd başın,
Gəl bu həramzadələrin at daşın,
Bir-birinə qat bacısın, qardaşın,
Əz bədənin, üz boğazın, kəs başın,
Gör məni axır kimə oxşatdılar!?
Ax, bu uşaqlar necə bədzatdılar!”
(Sabir, “Üç arvad” şeirindən)
****
Bu aralar ən çox yadıma düşən “Qızını döyməyən, dizinə döyər” ata sözümüz olmuşdur. Nə qədər müdrik ifadədir… Hərçənd, təcrübə qızın dizini sındırmağın da xeyir vermədiyini ortaya çıxarmışdır.
İndiki uşaqlar lap həyasızlaşıbdır. Adamın üzünə qayıdırlar, hüquqlardan, insanlıqdan dəm vururlar. Bəyəm anlamırlar ki, uşaq uşaqdır, insan insandır? Uşaqsan, qələtini elə, otur yerində. Arvadsan, arvad yerini bili. Müdriklərdən biri demişkən: “Qadın insanın ən yaxın dostudur”. Doğrudan da, hardasa qadın insan növlərindən biri sayılır.
Mənim çox xoşuma gəldi keçmiş baş nazirimiz Pənah Hüseynin münasibəti. Deyir ailəni qorumaq lazım idi. Nəyin bahasına olursa olsun. Deyir hazırda bütün dünyada ailə quruluşuna azğın hücumlar vardır, çalışırlar ailə dağılsın, bəşəriyyətin sonu gəlsin. Heyrətamizdir. Mən hər dəfə Pənah bəy danışanda AXC hakimiyyətinin niyə uzun çəkmədiyinə heyfslənirəm. Çox şeylər itirmişik. Bəlkə də indi boşanma sıfır faizə, ata şapalağına etiraz edən uşaq sayı mənfi üçə, ərinə yemək bişirmək əvəzinə ekologiya-zad kimi işlərə baş qoşan arvad statistikası isə tavanın dibinə yapışmışdı. Əsl müsəlmandır. Şərqin siyasət günəşidir. Nahaq yerə Xalq Partiyasının lideri olmayıbdır. Xalqın fikrini deyir.
Doğrudan da, bu dəqiqə dünyada masonlar, cuhudlar, qlobalistlər, xarici qara qüvvələr, Azərbaycan Xalq Partiyasının siyasətinə zidd sair mənfur insanlar vardır ki, çalışırlar ailə institutu dağılsın, uşaqlar atasız, analar körpəsiz, gəlinlər fatasız, əmoğluyla qaçan gəlinlər krosovkasız, yengələr nəmərsiz, qudalar “Ay qudam” mahnısız, ağbirçəklər yeddiqat tumansız, ağsaqqallar təsbehsiz qalsın. Hətta necə həyasızlaşıblar, kişi kişi ilə, zənən zənən ilə evlənir! Odur, dünən baxıram, sən demə İrlandiyanın baş naziri olan kişi də gey imiş. Bəzi rəsmi tədbirlərə bu kişi öz əriylə gedirmiş. Lənət şeytana… Bu əslində İrlandiya yox, daha İyrəndiya olmuşdur, Allahın xoşuna gəlməyən məmləkətdir. Aborta da icazə veribdir, istəmir camaat doğub çoxalsın. Sən kişi adamı baş nazir qoymasan, o ölkə bircə ilin içində yıxılar, prezident də Şimali İrlandiyadakı kəndinə qaçar. Düzdür, həmin geyin başçılıq elədiyi İrlandiya bu saat dünyada iqtisadiyyatı ən sürətlə artan ölkələrdən biridir. Adambaşına ÜDM üzrə dünyada 5-ci yerdədir. İnsan inkişafı indeksinə görə dünyada 4-cü ölkədir. Ancaq ailə dəyərləri olmayandan sonra belə yaşayış kimə lazımdır? Yenə xüsusi qeyd edirəm, əgər arvadın başını ütü ilə yarmadınsa, qızın gözünü maşa ilə çıxarmadınsa, tüpürəsən elə ailə dəyərlərinə…
Sevindirici haldır ki, bizdə ailə dəyərlərinə münasibətdə vahid movqeyimiz yaranıbdır. Misal üçün, Nadir Qafarzadə ilə Pənah Hüseynin, Sərdar Cəlaloğlu ilə Alim Qasımovun, nə bilim, Toliklə parlamentin fikirləri üst-üstə düşür. Yəni, bəlkə AXC hakimiyyətdə çox qalsa Nadir Qafarzadə baş nazir ola bilərmiş. Şokolad kimi nazir olardı.
Sözgəlişi, bu dəqiqə dəyərli ailə başçılarımızdan birinin məhkəmə prosesi keçirilir. Daha doğrusu, qardaşımız o prosesdə zərərçəkən rolundadır. Əhvalatın qısa məzmunu belədir ki, Xaçmaz rayonu tərəflərdə bir neçə lotu baş həkimin cibişdanına qanuni yol çəkmək istəyiblər və tender elan ediblər. Onu şantaj ediblər, deyiblər biz Dövlət Təhlükəsizlik Xidmətinin generallarıyıq, sənin pis videoların əlimizdədir, 125 min manat verməlisən. Əslində 5 mindən başlayıb o məbləğə qədər çıxıblar. Hissə-hissə alıblar. Bir növ baş həkimi “operasiya” eləyirmişlər. 1900 manatlıq mobil telefon da aldırıblar.
İndi sual ortaya çıxır ki, baş həkim 130 min manata qədər pulu hardan alıb bu lotulara ödəyirmiş. Çıxırmı? Çıxmır. Biz İrlandiyada yaşamırıq, bizdə heç kim belə axmaq suallar vermir. Bizdə əsas maraq doğuran odur ailə qorunsun. Heç bir özünə hörmət qoyan arvad da ərindən soruşmaz ki, bu yüz mini hardan almısan.