Ruhi həyəcanın tarixçəsi

“Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!

Yəni məktəblə uşaq kamil edərmiş özünü?”

(Sabir)

Məktəbdə uşaq ölüb, keçmiş direktor məsuliyyətə cəlb edilib və gülə-gülə jurnalistlərə açıqlamalar verir. Üstəlik, namaz əhli olduğunu və coğrafiya müəllimi işlədiyini söyləyir: “Mən sutkanın 24 saat olmasını bilirəm”. Əlbəttə. Bizdə müsəlmançılıq və coğrafiya bilgiləri adətən sutka və Ayın haçan çıxmasını bilənə qədərdir. Deyilənə görə, Nəsrəddin Tusi o zaman rəsədxananı da dini bayramlarda Aya baxmağın vacibliyinə padşahı inandıraraq tikdiribdir. Nə etsin yazıq? Bizim coğrafiyada elmin ayrı yolu yoxdur. Mollanın yanında olmalısan. Deyir İranda bir hamam varmış, bir şamla qızırmış… Nəsə, direktor beynimizi çox qarışdırdı. Tema, Anadolu qardaşlarımız demişkən, ərəb saçına dönməkdədir. “Ərəb saçı”. Nə gözəl ifadədir. Bunu bir qırağa yazım, milli turizmimizdən köşə cızmaqara eləsəm əsl başlığa atılası sözdür.

Təbii, mən eks-direktorun yalandan timsah göz yaşları axıtmasını istəməzdim. Bəlkə indiki səmimi halıyla o, bizim cəmiyyətdə çoxlarından yuxarıda dayanır. Özünüz baxın: bir xalq ki, hələ də əsas ictimai suallarından biri “Fahişə ilə evlənmək olarmı, olmazmı” şəklindədir, o xalqdan nə gözləyəsən? Şişirtmirəm, mən bu sualı həlkə qırx ildir oxuyuram. Pis çıxmasın, əlifbanı öyrənəndən bəri. Azərbaycan xalqı yüz illərdir müəyyənləşdirməyə çalışır ki, fahişə ilə nə cür davranmaq lazımdır. Öldürməliyik, yoxsa yaşatmalıyıq? (sizə zarafat kimi gələr, ancaq bir cavan və hiyləgər uşaq bu temada roman yazıb tiraj basmışdı). AMEA İnsan Haqları İnstitutunda “Fahişəni cəmiyyət yaradır, yoxsa cəmiyyəti fahişələr yaradır” temasında doktorluq işi yazılır. Hətta AYB sədri “Əsl kişi fahişəni mələyə çevirəndir” cümləsi hesabına 35 ildir sədr kürsüsündə oturubdur. Sanki Azərbaycan xalqının fahişələrdən başqa dərdi-səri yoxdur. Hələ sualın “Onlarla evlənmək olarmı” şəklində qoyuluşuna baxın. Bir nəfər də çıxıb demir ki, atam, qardaşım, bacım, xalam və sairə, axı bu evlənmək nə üçün belə vacib Şekspir sualına dönmüşdür? Niyə azərbaycanlıların həyatda əsas məqsədi evlənmək, ərə getməkdir? Bizim insan olaraq, toplum olaraq başqa heç bir sosial, ictimai, mənəvi, əxlaqi vəzifəmiz, öhdəliyimiz yoxdurmu? Bir dəfə də “Fahişələri bələdiyyə sədri qoymaq olarmı” müzakirəsi açın da bə.

Eks-direktor təcili yardıma uşağın intihar cəhdindən, məktəbin 3-cü qatından atılmasından 84 dəqiqə sonra zəng edib. Yəni təxminən saat yarım sonra. Bu müddətdə polisə, icra hakimiyyətinə, bəlkə rayonun deputatına qədər zəng edibdir. İndi jurnalistlər onu təcili yardıma nə üçün axırda zəng vurmaqda qınayır. Elə rəsmi ittihamın də içində, deyəsən, bu var. Ancaq bu adamlar Azərbaycanda bir məktəb direktoru işləməyin (özü də 25 il!) hansı şərtlərdən, keşməkeşli yollardan keçdiyini nəzərə almırlar. Bizdə məktəblər seçki keçirilməsi üçün açılmış və aradakı boş vaxtlarda kasıb, kurslara və repetitor yanına gedə bilməyən uşaqların bir növ müəllim tutması üçün olan ictimai binalardır. Sən də bunun müdirisənsə, əlbəttə, birinci polisə zəng vurarsan. Əl öyrəşib axı. Adamı orada seçki karuseli və protokol çapı üçün saxlayırlar, qəfildən qarşısına yıxılmış uşaq çıxır. Proqram qarışmasın, nə etsin? Bu baxımdan, vəkil “Direktor affekt vəziyyətində olduğundan həkimi gec çağırıb” deyərkən əslində haqlı idi. Elə bil Əfruz müəllimə sənə “Döyəcsən məni?” qışqırır, sən isə ondan Makarenko metodlarının müasir pedaqogikada yeri, ya da ən yaxşı halda Montessori və Kerşenşteynerin fərqi haqda soruşursan.

Mən özüm hər dəfə məktəbin yanından keçəndə, uşaq dərsdən gələndə, onun kitablarına baxanda affekt vəziyyətinə düşürəm. Buna görə mənə cinayət işi açmaq lazımdırmı?

Загрузка...