Ötən yazımda ayının kəndə hücumu haqda yazmalıydım, yer qalmamışdı. Mövzu nədir?

Mövzu odur ki, son illərdə bizdə təhsilə qoyulan investisiya, millətin oxumaq həvəsi zirvələrə yüksəlibdir, nəticədə cümlə qura bilməyən xeyli jurnalistlər yetişibdir. Misal üçün, görürsən hansısa kriminal hadisədən reportaj cızmaqara edilibdir, yetmiş dəfə oxuyursan, yenə başa düşmürsən kim kimi kəsibdir, hakim kimdir, müttəhimə neçə il veriblər, ümumiyyətlə, sənin başına hardan daş düşüb ki, bu yazını oxuyursan. Təhsilə hörmətimizə görə başqa ölkələrdən fərqli olaraq bizdə şənbə-bazar demədən “Bilik günü” qeyd edirik. Bax, bu il sentyabrın 15-i bazara düşmüşdü, ayın 16-da da jurnalistlər yazdılar ki, bu gün bizdə bilik günü qeyd olunur. Keçən il Bilik günü Ayın görünməsi və Ramazan ayının axır çərşənbəsinə təsadüf elədiyindən AMEA Şamaxı rəsədxanası fətva vermişdi ki, sentyabrın bütün ikinci həftəsi bilik günü sayılsın, hökm qətidir, heç bir şikayət verilə bilməz.

Qayıdaq ayının kəndə hücumuna. Son illər kənd təsərrüfatına da böyük qayğı var, regionlar sürətlə inkişaf edir, bu üzdən ayılar mağarasında oturmur, kəndlərə enib turistlərə qoşulurlar, hərdən kəndliləri tutub yeyirlər. Hazırda Ekologiya, KTN və TN-in birgə projesi hazırlanır, ayı mağaraları müasir işıq dirəkləri, əyləncəli skameykalar, asfalt örtüyü və fənn kabinetləri ilə təchiz ediləcəkdir.

Ancaq yuxarıda qeyd elədiyim kimi, jurnalistika fakültəsinə 700 balla qəbul olunan, yoldaş Amaşovun inşa yoxlamasından keçən həmkarlarımız bir ayının hücumunu da düzgün təsvir edə bilmir. Bu, yarıtmaz haldır. Adətən onlar ayının hücumunu bu başlıqla dərc edir: “Ayı kəndə girib kəndlini parçaladı”. Xəbərin içinə girəndə isə görürsən ayı ilə kəndli o Leonardo di Kaprio-nun oynadığı kinodakı kimi süpürləşiblər, axırda ayı ya hüquq-mühafizə orqanlarımız tərəfindən aşkar edilib götürülmüşdür, ya da kəndlinin əl-qolunu, üz-gözünü dişləyib getmişdir. Bəs burda parçalamaq hanı? Parçalamaq yoxdur! Kimsə bu jurnalistlərə “parçalanma” sözünün mənasını izah eləsin. Parçalamaq – doğramaq, hissələrə ayırmaq, əl-ayağını, başını qoparmaq deməkdir. Biz isə ancaq dişləmək haqda oxuyuruq. Ortada heç qulağın qoparılması da yoxdur, başlıqda isə ayıya şər atılır, onun kəndlini parçaladığı qeyd olunur. Sabah ayı Avropa Məhkəməsinə üz tutsa nə edəcəksiniz?

Sözgəlişi, məndə dəqiq məlumat var, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov yuxarıda adını çəkmədiyimiz o kinonun Azərbaycan versiyası üzərində çalışır. Baş rolda özü oynayacaq, Şura ilə güləşəndən sonra dərisini soyub Şamaxı dağlarına çəkiləcəkdir.

Bəli, biz yüksək həvəslə başlığa aldanıb parçalanma haqda oxumaq istəyirik, orda isə görürük kəndli və ayı nəinki parçalanıblar, hətta birləşib vahid müxalifətin namizədini müəyyən ediblər. Belə olmaz. İnsanları aldatmaq yaraşmaz.

Sonda isə dəyərli şairimiz Elçin Əliyevin poçtuma göndərdiyi şeiri çap edirəm. Elçin bəy təvazökar olduğundan hələlik özünə təxəllüs götürməyir, lakin mən ona məsləhət gördüm, yazdım Azərbaycanda “Əliyev” soyadlı bəlkə minlərlə “Elçin” vardır, gələcək nəsillər bəs sizin bu əsərin müəllifi olduğunuzu necə öyrənəcəkdir? Təklif elədim özünə “Perspektivli” imzası götürsün, o da razılaşdı. Çünki bu həm “li” şəkilçisinə görə milli imzadır, həm iqtisadi, həm beynəlxalq sferada rəngarəng spektrə malik olduğumuzu ehtiramla respekt edir. Əlqərəz, Elçin Perspektivlinin şeiri: “Bu dünyanı nə əyləncə , nə də kef-damaq içrə bil, Kələk düzəldir bu dünya , üstü qızıl,  altı zibil, Vədə verər, xələf çıxar, sənə vurulan hər ”sən öl”, Çox xəbərsiz soyundurar , oynadar pulnan səni. (burda bir bənd yazıya yerləşmədi – Z.H.)

Vaxt gələr vədə yetişər, tülkülər də aslan doğar, İt pişiyə , qurd-quzuya , fil qarışqaya yem olar. Bir də gördün bir fırtıqlı çıxar,  sənə hakim olar. Heç nədən haqq-hesab çəkər, qusdurar … (burada müəllif 18 plyus yazıb, mən bilik gününü nəzərə alıb o sözü pozdum – Z.H.) səni.

Ay Şair, bu nə dünyadı , tutmusan bərk ətəyindən. Sən onu şirin bilirsən, zəhər çıxır pətəyindən. Səni hər gün əzir, amma, doymayırsan kötəyindən. Sağa tərəf yıxılanda, hey vurur soldan səni”.

Загрузка...