Hacı Şahin Həsənlinin qəhrəmanlıq və qəhrəmanlar mövzusunda məqaləsini oxucularımıza təqdim edirik:

“Qəhrəman – dəyərlərin mücəssiməsidir. Bir millətin kimliyi onun qəhrəmanlarında təmərküzləşib. Qəhrəmanın əbədiliyi – xalqın əbədiliyidir. Onun üçün hər bir xalq qəhrəmanların xatirəsini əbədiləşdirməyə çalışır. Hətta Tanrı bizimlə qəhrəmanların dili ilə danışır.

Qurani-Kərim Tanrının təqdim etdiyi bir insaniyyət konsepsiyasıdır. Burada tarix, fəlsəfə, hüquq, elm, əxlaq, iqtisadiyyat – bir sözlə insan həyatının bütün sahələri nəzəri cəhətlərdən aşılanır. Amma qəhrəmanlar vasitəsilə. Çünki, nəzəriyyəni həyatında tətbiq edən qəhrəman varsa, deməli nəzəriyyə yaşamağa layiqdir. İstər İslamdan öncə, istərsə də sonra yaşayan və övliya adlandırdığımız bu qəhrəmanlar insan kimi yaşamağın mümkünlüyünü ortaya qoyur.

Gerçək nümunəsi olmayan nəzəriyyəyə inanmaq sadəlövhlükdür. Təəssüf, bəzən insan məhz sadəlövh olmağı seçir. Ömrünün son illərində Umberto Eko Avropanın gələcəyi haqda maraqlı bir müsahibə vermişdi. Qoca qitənin aparıcı intellektualı gileylənirdi ki, Avropa xalqlarının ayrı ayrılıqda qəhrəmanları var, amma ümumavropa qəhrəmanları yoxdur. Mütəfəkkirin hansı qənaətə gəldiyini təxmin etdiniz, yəqin ki.
XVII əsrdə Avropa “orta əsrlər” adlandırdığımız təlatümlü və ziddiyyətli tarixinə son qoyaraq modern dönəmə daxil oldu. Artıq feodalizm, monarx-kilsə antoqonizmi, məzhəb savaşları geridə buraxılmalı idi. Modern əsr öz humanizmi, yəni yeni insan kimliyi ilə Avropanın üzünə açılırdı. O zamandan bu yana Qərb sivilizasiyası millətçilikdən kosmopolitizmə, mütləqiyyətdən demokratiyaya, aqrardan postinsdustrial cəmiyyətə böyük yol qət etdi. Bu yolda siyasi, hərbi, iqtisadi, sosial, fəlsəfi, elmi-texniki böhran və inqilablar Avropanı, sonradan isə bütün dünyanı rahat buraxmadı. Yeni insan kimliyi asanlıqla formalaşmayıb, asanlıqla dünyaya nümunə olaraq yayılmayıb.

Bu gün çox eşidirik ki, cəmiyyətimizin qəhrəmanları istedadsız “sənətçilər” və təlxəklərdir, əsl istedadlar, əsl qəhrəmanlar isə kölgədə qalır. Amma bu problem yalnız bizim deyil, dünyanındır həm də. İstehlakçı mədəniyyət başqa qəhrəmanlar yetişdirə bilərmi? Gündəmdə qalmaq, tanınmaq, zənginləşmək üçün qalmaqallar yaradanların boş səs-küyündə özümüzü unuduruq. Əsl özümüzü unuduruq deyə, günümüzün əsl qəhrəmanları da kölgədə qalır. Haydegger bu yeni insan kimliyi haqda yazırdı: “Onlar hamının danışdığı və oxuduğunu danışır və oxuyur, hamının etdiyini edir, başqasının həyatı ilə yaşayır…” Bəli, özü ola bilməməkdir müasir insanın dərdi. Ona görə nə Babəklər yetişir, nə Nizamilər, nə Nəsimilər, nə Füzulilər, nə Xətailər, nə Sabirlər…

Dünya bozarıb. Həyat sönükləşib. İnsan ümidsizləşib. Bər-bəzəkli təlxəklərlə dünyamıza rəng, həyatımıza maraq qatmağa çalışırıq. Amma ümidlənmirik. Əksinə, ümidsizliyimiz daha da artır. Çünki, ümid yaradan qəhraman nümunələrimiz yoxdur. İnsan isə ümidsiz yaşaya bilmir. Tənhalıq və qorxu insana hakim kəsildikcə, o dünyaya qarşı aqressiv mövqe tutur. İnstinktlər onu təhlükəli dünya ilə savaşmağa vadar edir. Hər şey onu qıcıqlandırır, hər kəs ona düşmən görünür. Yəni, aqressiyanın hansı bəhanə ilə üzə çıxacağı və kimə qarşı yönələcəyi əhəmiyyətini itirir. Bu zaman qapımızı radikalizm və terror döyür. Çünki, insanlığın imitasiyası yaşayan yerdə Allahın imitasiyası yetişər. Budur bütlərə tapınma. Ümidsiz və inamsız dünyanın qəhrəmanları təlxək və qatillər olmalıdır.

Müasir dünyamızda hər şey var, həm də heç nə yoxdur. Elm var, əxlaq var, azadlıq var, qanun var, sənət var. Eyni zamanda nə elm, nə əxlaq, nə azadlıq, nə qanun, nə sənət insanı xoşbəxt edə bilmir. Çünki bütün bunlar özü-özlüyündə dəyər tapıb, insaniyyət işığında yox.
Elm aləmi, siyasət aləmi, sənət aləmi, müsəlman aləmi, xristian aləmi və minlərlə digər “aləmlər” var, amma insan aləmi yoxdur. Hətta “öz aləmi” ifadəsi mənfi çalar alaraq həqarətə çevirilib. İnsan olmaq, özün olmaq utancvericidir indiki zamanda. Hansısa “aləmin” sırıdığı klişe və qəlibdə özünü rahat hiss etməyə çalışır insan, çünki klişe və qəliblər tanımayan insanlıq aləmi ona qorxunc gəlir.

Hətta hər “aləmin” öz qəhrəmanları var, amma insanlıq qəhrəmanları…

İnsanlıq qəhrəmanlarına ehtiyaclıdır müasir insan. Həmduyğu, həmtəəssürat ola biləcək qəhrəmana. Kristevanın “əslindən qopduğu üçün dünyaya və özünə ikrah və vahimə ilə baxan” insanı Ərəstunun “katarsisi vasitəsilə” təmizlənməsinə ehtiyaclıdır. Kyerkeqorun “dünyadan qorxan və özündən məyus” insanı Şopenhauerin “insanlıqla həmdərd olmaq, insanlığa ağlamaqla” özünəqayıdışa ehtiyaclıdır. Xoşbəxt olmağa, varlığından ləzzət almağa ehtiyaclıdır insan. Bu ekzistensial ləzzəti yaşamadıqda o, ləzzətli təxəyyüllərin və puç vədlərin köləsinə çevrilir. Və dağıdıcılığa yönəlir.

Qurani-Kərimdə Əshabi-Kəhf haqda maraqlı məqamlara toxunan bir ayə var. “Kəhf” surəsinin 21-ci ayəsində Allah-Təala əvvəlcə qəhrəmanlığın fəlsəfəsini açıqlayır: “Allahın vədinin həqiqət olduğunu bilsinlər deyə…” Yəni, bu qəhrəmanlar ilahi konsepsiyanı praktikada yaşayan və yaşadan şəxslərdir. Daha sonra insanların qəhrəmanlara münasibəti haqda söz açılır. Bir dəstə “Allah onların halını daha yaxşı bilir”, yəni “özləri bilər, Allahları bilər, bizə onlardan nə?” məntiqi sərgiləyir və təklif edir ki, sadəcə bir monumentin ucaldılması ilə kifayətlənsinlər. Digər dəstə məscid inşa etməyi təklif edir və onların təklifi qəbul olunur. Çünki, qəhrəmanın qəbri tarixi abidə deyil, mənəvi güc mənbəyidir. Övliya, yəni insanlıq qəhrəmanı tarix deyil, meta-tarixdir. Onun məzarına get-gəl etmək, onunla ünsiyyətdə olmaq, onunla birgə məkan və zamanın fövqünə qalxmaq lazımdır. Axı insan ÖZü ünsiyyəttələbdir, sevəndir, dəyişilməzdir, zaman və məkana sığmazdır. Azərbaycan xalqının əsrlərlə yaşatdığı əzadarlıq bu ünsiyyətin bir nümunəsidir. Keçmiş və gələcək nəsillərlə bir fəzaya daxil olduğu, bütün maddi sərhədləri aşdığı, xalis insanlıq aləminə daxil olduğu ziyarətgahlar kimi. Bu bir dünyagörüşüdür, bir mədəniyyətdir, sıradan bir adət deyil. İnsanın ÖZünü tapması, ÖZünü hiss etməsi üçün simvollar dili, misteriyadır. “Onların halını Allah daha yaxşı bilir” deyənlərin, ÖZlərini məkan və zamanda həbs edənlərin empirik dünyagörüşü müqabilində.

Mahiyyət etibarı ilə Quran bizə iki mədəniyyət tipi təqdim edir: ölümə qalib və ölümə məğlub. İnsan maddi qanunları aşa, maddiyyatın fövqündə dura bilirsə – maddiyyadın sonu olan ölümə də qalib gələcək. Əks təqdirdə… Maddətək cansız olmağa məhkumdur. Boz dünyaya, sönük həyata məhkumdur. Hər iki dünyagörüşünü formalaşdıran da, dağıdan da qəhrəmanlardır. Çünki insanlar qəhrəmanlığı sevir və sevdikləri ilə bir cərgədə dayanmaq istəyirlər. Dəyərlərə deyil, ideallara deyil, dəyərlərin və idealların canlı nümunəsinə aşiqdir insan. Amma…
Amma tarixin öz qanunları, öz məntiqi var. O, ləzzət vermək qabiliyyətini tükədən hər bir nəsnəni gömürür. Ləzzətli həyatı cilvələndirən qəhrəmanlar da istisna deyil. Meydan yalnız varlığından ləzzət almağı təcəssüm edən qəhrəmanlara qalacaq. ÖZü olan qəhrəmanlara”.

Hacı Şahin Həsənli
“Məşədi Dadaş” məscidinin imam cüməsi, ilahiyyatçı alim

Загрузка...