Futbolçunun evinin qarət edilməsi onun ailəsi ilə bağlı problemləri yenidən gündəmə  gətirib; atası: “Bütün mal-mülkümü, fermasından tutmuş hər bir şeyə qədər onların adına keçirdim”

Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu Mahir Emrelinin evinin qarət edilməsi futbolçunun ailəsi ilə bağlı problemləri də yenidən gündəmə  gətirib. Qeyd edək ki, sentyabrın 11-də futbolçunun anası ilə birgə yaşadığı Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd “İphone” markalı telefon oğurlanıb. Faktla  bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü oğurluq – yaşayış yerinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Mahir Emrelinin anası Elnurə Emreli evdən işlə bağlı bir neçə saatlıq çıxdığı üçün mühafizə siqnalını qoşmadığını və nəticədə oğurluq hadisəsi baş verdiyini söyləyib: “Saytlar mənim adımdan həqiqəti əks etdirməyən məlumatlar yazıblar.  Bildirmək istəyirəm ki, ev mənə məxsusdur. Oğurluq hadisəsi günorta saatlarında baş verib. Saat 12:00 radələrində işim olduğu üçün evdən çıxmalı idim. 15:00-a qədər qayıdacağımı bilirdim deyə, mühafizə siqnalını qoşmadım və evdən çıxdım. Əgər mühafizə xidmətinə qoşulsaydı, mühafizə polisi evdə hərəkətin olduğunu dərhal bilərdi. Mən də tez qayıdacağımı bildiyim üçün buna diqqət etmədim. İşdən qayıdıb gələndə gördüm ki, evimiz naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub”. Emrelinin anası əvvəl prodüser kimi fəaliyyət göstərib. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir.

Evi qarət edilən Mahir Emrelinin nə qədər var - dövləti var - ilginc gəlişmələr

Mahirin atası, prodüser Anar Mədətovun baş vermiş oğurluq hadisəsi haqda danışması isə yeni müzakirələrə səbəb olub. Belə ki, ailəsindən boşanmış Anar Mədətov deyib ki, Sulutəpədəki ev onundur və onun adınadır. “Mahirin öz evi yoxdur. Evi mən öz zəhmətim bahasına tikib qurmuşam. Hazırda isə orada keçmiş həyat yoldaşım və uşaqlarım yaşayır. Fevral ayının 15-də mən evi tərk etmişəm. O vaxtdan evdən heç bir xəbərim olmayıb.  Xocasəndə hamı bilir ki, bizim evimiz 24 saat mühafizə polisi tərəfindən mühafizə olunur. Mən Binəqədi rayonunun mühafizə polisinin rəisi ilə əlaqə saxladım. Onlar mənə bildirdilər ki, oğurluq hadisəsi baş verən zaman ev mühafizə olunmayıb. Elə bu səbəbdən də oğrular rahat şəkildə evə giriblər. Hazırda isə cinayətkarın tapılması istiqamətində ciddi araşdırmalar aparılır. Bu hadisənin necə və hansı şəraitdə baş verməsi isə müəmmalıdır”. Yada salaq ki, Anar Mədətov bir müddət əvvəl xanımından ayrılıb və stilist Samirə Abbasova ilə nikaha girib. Bundan sonra həm Mahir, həm də bacısı Mədətov soyadından rəsmən imtina ediblər.

Evi qarət edilən Mahir Emrelinin nə qədər var - dövləti var - ilginc gəlişmələr

Atasının “ev mənə məxsusdur” deməsi isə Emreli ailəsinin  ciddi narazılığına səbəb olub. “Polislər tərəfindən məsələ araşdırılır, istintaq sirri olduğundan bu haqda məlumat verə bilmərəm. Qaldı ev məsələsinə. Əgər ev ona məxsusdursa, evin kupçasını göstərsin”.  Yeri gəlmişkən, may ayında A.Mədətov  qonaq olduğu ARB-dəki verilişlərin birində deyib ki, mal-mülkünü oğlu Mahirin adına keçirib. Sitat:  “Mahirə axırıncı dəfə dedim ki, nəsə olsa, məni yaddan çıxar, amma futbolunu oyna. Elə bilirlər ki, Mahirin mülkünü mənimsəyəcəklər. Açıq-aşkar dedim ki, nəyim varsa, uşaqlarıma qalacaq. Özlərinə də vaxt verdim. Getdim adlarına keçirdim. Fermasından tutmuş hər bir şeyə qədər. Dedim ki, mənə ferma lazım olsaydı, gedib fermerin qızını alardım”.

A.Mədətovun anası da zaman-zaman bu mövzuya qarışıb və hətta  “Xəzər” televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Səni axtarıram” verilişində şokedici açıqlamalar verib. O deyib ki, oğlu və keçmiş gəlini son on ildə ayrı yaşayırmışlar: “Elnurə Zaqataladan gəlmişdi, sonradan Bakıda, Türkiyədə evlər aldılar. Oğlumun pulları ilə qohumlarının, qardaşının borcunu ödəyirdi. Anarın da, Elnurənin də on ildir öz həyatları var.  Oğlum hər şeyi ona verib evdən çıxıb. Amma Elnurə Anarın sürdüyü maşına da həbs qoydurub. Oğlum rahat nəfəs almaq üçün boşandı, amma özü istəyib evlənmişdi. İndi də Mahiri Anarın yerinə basıblar, maaş kartı əllərindədir”.

Anar Mədətov isə son narazılıqlarla bağlı belə açıqlama verib ki, keçmiş  ailəsində “kupça” məsələsi ilə bağlı mübahisə olmayıb, bəzi saytlarda yazılan məlumatlar dezinformasiya xarakteri daşıyır.

Günün sonunda hüquq-mühafizə orqanlarından “Report”a verilən məlumata görə, Emrelinin evinin qarət edilməsində şübhəli bilinən iki nəfər gənc Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib, axtarış tədbirləri davam etdirilir.

Musavat.com

Загрузка...